Tarutino (, ; keçmişdə – 3 nömrəli kənd, Ançokrak) — Ukraynada şəhər tipli qəsəbə, Odessa vilayətinin Tarutin rayonunun inzibati mərkəzi.
Etimologiya Tarutinonun əsası 1814-cü ildə Ançokrak adı ilə qoyulmuşdur. Qəsəbənin adı Kaluqa vilayətiinin Tarutino kəndinin yaxınlıqlarında baş vermiş Tarutino döyüşündən gəlir. Bu döyüşdə Rusiya İmperator Ordusu I Napoleonnu məğlub etmişdir.
Tarix Tarutinonun əsası alman və polyak köçkünlər tərəfindən 1814-cü ildə qoyulmuşdur. Rusiyanın 1853–1856-cı illərdə baş verən Krım müharibəsindəki məğlubiyyətindən sonra, qəsəbə Moldova knyazlığının nəzarəti altına keçdi. XIX əsrin axırlarında qəsəbə əhalinin əksəriyyəti mahud və tütün fabriklərində işləyən müstəmləkəçilər idi. 1866-cı ildə qəsəbədə iplik və toxuculuq dəyirmanları, eləcə də bir kənd təsərrüfatı üzrə bir maşınqayırma zavodu inşa edilmişdir. 1877–1878-ci illərdə baş verən Rusiya-Osmanlı müharibəsində Rusiya qələbə çalmışdı. Nəticədə Tarutino qəsəbəni Rusiya imperiyasının nəzarətinə keçdi.
XX əsrin əvvəllərində Tarutino sürətlə inkişaf edirdi. Qəsəbədə 2 maşınqayırma zavodu, 2 pivə zavodu və böyük bir parça fabriki tikilmişdi. Qəsəbə Akkerman rayonundakı almanların iqtisadi və mədəni mərkəzi olmuşdu. 1904-cü ildə 4 minlik əhaliyə sahib olan qəsəbənin 3 mini almanlardan ibarət idi.
Birinci Dünya müharibəsində hərbi əmrləri yerinə yetirməyən müəssisələrin bağlanmasına qərar verilmiş, nəticədə qəsəbədə işsizlik dərəcəsi artmışdı. Səfərbərliyin elan edilməsi vəziyyəti daha da pisləşdirmişdir. 1918-ci ilin əvvəllərində Rumıniya Bessarabiya regionunu işğal etmişdi. 1940-cı ilin yazında SSRİ-nin Bessarabiyanı ilhaq etməsindən sonra qəsəbədə yaşayan almanların demək olar ki, hamısı Faşist Almaniyasına köçmüşdür. Bu dövrdə qəsəbəyə çoxlu ukraynalı gəlmişdir. 22 iyul 1941–22 avqust 1944 tarixləri arasında, İkinci Dünya müharibəsi dövründə Tarutino Vermaxt qoşunları əsgərləri tərəfindən işğal edilmişdir.
2016-cı ilin fevral ayında qəsəbədə yerləşən Lenin heykəli sökülmüşdür.
Coğrafiya Tarutino tarixi Bessarabiya regionun cənubunda (Bucak), Moldova yaylasının üzərində yerləşir. Qəsəbədən Ançokrak çayı keçir. Qəsəbənin yerləşdiyi ərazidə orta və aşağı dərəcəli humuslu qara torpaqlar üstünlük təşkil edir. Qəsəbə çöl zonasında yerləşir.
Qəsəbə Berezino dəmiryol stansiyasından 7 km, Odessa şəhərindən isə 198 km uzaqlıqda yerləşir.
Əhali Qəsəbənin 8 min nəfərlik bir əhalisi var. Qəsəbədə ukraynalılar, ruslar, bolqarlar, moldovanlar, qaqauzlar, almanlar, yəhudilər və digər millətlərin nümayəndələri yaşayır. 1827-ci ildə qəsəbədə neçə nəfərin yaşadığı naməlum olsa da, 678 almanın və 248 polyakın yaşadığı məlumdur. 1875-ci ildə qəsəbədə 3,642 nəfər yaşayırdı. 1904-cü ildə qəsəbədə 4,270 nəfər yaşayırdı. Onların 3 mini alman, 1,020-i yəhudi idi. 1966-cı ildə qəsəbədə 4 min nəfər yaşayırdı. 2001-ci ildə qəsəbədə 6 min nəfər yaşayırdı.
İstinadlar
Kateqoriya:Odessa vilayətindəki şəhər tipli qəsəbələr