Manvel Sektori Qriqoryan (; ləqəbi: Tuşonka Manvel, ; ) — Ermənistan hərbçisi, siyasətçisi, general-leytenantı (2000), Yerkrapanın sədri (1999–2018), Qondarma Dağlıq Qarabağ Respublikası Ali Sovetinin deputatı (1992–1996), Ermənistan Milli Məclisinin deputatı (2012–2018), Birinci Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. O, 2018-ci ildə qeyri-qanuni yolla silah-sursata sahib olmaqla təqsirlənərək həbs edilmişdir.
Bioqrafiya Manvel Qriqoryan 14 iyul 1956-cı ildə Ermənistan SSR-nin Armavir mərzində yerləşən Körpəli kəndində anadan olmuşdur. O, 1975–1977-ci illərdə Qızıl Orduda xidmət göstərmişdir. O, 1993-cü ildə Xankəndi Pedaqoji İnstitutundan, 1998-ci ildə isə İrəvan Dövlət Universitetindən məzun olmuşdur. Manvel Xocalı soyqırımında iştirak etmişdir. 1993-cü ildə Manvel Ermənistan Respublikası Silahlı Qüvvələrinin 83-cü briqadasının komandiri təyin edilmişdir. O, komandirlik dövründə Cəbrayılın və Füzulinin işğalı zamanı azərbaycanlı vətəndaşların mülklərini yağmalamış, dinc sakinlərə işgəncə vermişdir. 1996–2000-ci illərdə Manvel Ermənistan Respublikası Müdafiə Nazirliyinin birinci korpusunun komandiri təyin edilmiş və general-mayor adına layiq görülmüşdür. 2000-ci ildə Manvel Ermənistan Respublikası Müdafiə Nazirinin müavini təyin edilmişdir.
Manvel Qriqoryan 6 may 2012-ci ildə Ermənistan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. 2014-cü ilin noyabrında Azadlıq Radiosunun ermənidilli bürosuna verdiyi müsahibəsində Manvel Qriqoryan Birinci Qarabağ müharibəsindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə bəyan etmişdir. Bu etirafına görə Manvel azərbaycanlı və erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunmuşdur.
Qriqoryan 16 iyun 2018-ci ildə, Üçkilsədəki evində Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmişdir. O, qeyri-qanuni şəkildə silah-sursata sahiblənmək və korrupsiya iddiaları ilə ittiham olunmuşdur. Baş Nazir Nikol Paşinyan Manvelin Aprel döyüşləri zamanı məktəbli uşaqlar üçün nəzərdə tutulan ərzağı oğurladığını iddia etmişdir. Ermənistan Milli Təhlükəsizlik Xidməti Manvelin evindən RPG-7 kimi çoxlu silah-sursat və kiçik bir zoopark tapmışdır.
18 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Manvel Qriqoryanın Birinci Qarabağ müharibəsində etdiyi cinayətləri işıq üzünə çıxarmışdır.
Şəxsi həyatı Evlidir, 8 uşağı var. Həyat yoldaşı Birinci Qarabağ müharibəsi iştirakçısı Nazik Amiryandır. Oğlu Karen Qriqoryan Üçkilsə şəhərinin keçmiş meri olmuşdur.
Mükafatlar "Hərbi Xaç" medalı (1994) "Qızıl Qartal" medalı (2000) "Vazgen Sarkisyan" medalı (2002) "Artsax Qəhrəmanı" (2000)
İstinadlar
Kateqoriya:Ermənistan hərbçiləri Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Xocalı soyqırımını törədənlər Kateqoriya:Ermənistan siyasətçiləri Kateqoriya:SSRİ hərbçiləri Kateqoriya:Ermənistan generalları