Mir Teymur Mir Ələkbər oğlu Yaqubov () — Azərbaycan-sovet partiya və dövlət xadimi, general-leytenant (1945), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1953–1954), Azərbaycan SSR daxili işlər komissarı və naziri (1941–1950), Azərbaycan SSR Ali Sovetinin ilk sədri (1938–1941).

Həyatı

Erkən illəri Mir Teymur Mir Ələkbər oğlu Yaqubov -cü ildə Bakı şəhərində dənizçi ailəsində anadan olmuşdur. Onun atası matrosluqdan kapitan rütbəsinədək yüksəlmişdir. Bununla belə, ailənin imkansızlığı səbəbindən Mir Teymur yalnız ibtidai təhsil ala bilmişdir. 1916-cı ildə dördillik Bakı rus-tatar məktəbini bitirmiş, 1919-cu ilin may ayından 1920-ci ilin iyun ayınadək Əliyev qardaşlarının bankında kassir kimi çalışmışdır.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Mir Teymur Yaqubov Bakı Sovetində işləmiş, 1920-ci ilin iyun ayından 1925-ci ilin sentyabr ayınadək burada kommunal təsərrüfatı idarəsinin böyük nəzarətçisi, 1925-ci ilin sentyabrından 1926-cı ilin avqustunadək təşkilat şöbəsinin məsul katibi olmuşdur. Həmin illərdə o, paralel təhsil almış, 1926-cı ildə fəhlə fakültəsinin axşam şöbəsini bitirmişdir. Eyni zamanda 1923-cü ildən Rusiya Kommunist Gənclər İttifaqının üzvü, 1925-ci ilin aprel ayından Rusiya Kommunist (bolşeviklər) Partiyası üzvlüyünə namizəd, 1927-ci ilin sentyabrından isə partiyanın üzvü olmuşdur.

Mir Teymur Yaqubov fəhlə fakültəsini bitirdikdən sonra, 1926-cı ildə təhsilini davam etdirmək məqsədilə Moskvadakı Yerquruluşu İnstitutunda oxumağa göndərilmiş və buranı 1930-cu ildə mühəndis ixtisası üzrə bitirmişdir. Təhsildə nailiyyətlərinə görə aspiranturada saxlanılmış, eyni zamanda Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasına ezam edilmişdir. Aspiranturanı bitirdikdən sonra o, dosent və kənd təsərrüfatının təşkili üzrə baş elmi işçi adını alaraq Bakıya qayıtmışdır. Burada o, 1933-cü ilin may ayından 1934-cü ilin sentyabr ayınadək Azərbaycan Ali Kommunist Kənd Təsərrüfatı Məktəbinin tədris işləri üzrə prorektoru, kafedra müdiri vəzifələrində işləmişdir. 1934-cü ilin sentyabrında o, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə irəli çəkilmiş, kənd təsərrüfatı şöbəsində ali təhsil müəssisələri üzrə təlimçi işləmişdir. 1936-cı ilin mart ayında yenidən təhsil müəssisələrində işləmiş, Azərbaycan Ali Kommunist Kənd Təsərrüfatı Məktəbində və Bakı Yerquruluşu Texnikumunda müəllimlik etmişdir.

Siyasi fəaliyyəti 1936-cı ilin iyun ayında Mir Teymur Yaqubov Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi seçilmiş, 1938-ci ilin mart ayınadək burada çalışmışdır. 1938-ci il fevralın 13-də ÜİK(b)P Mərkəzi Komitəsi Siyasi Bürosunun qərarı ilə SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD-nin) Azərbaycan SSR üzrə xüsusi üçlüyünün üzvü təsdiq edilmişdir. Həmin dövrdə həmçinin 1-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1938–1946), Azərbaycan SSR Ali Sovetinin ilk sədri (1938–1941) seçilmişdir.

Mir Teymur Yaqubov 1938-ci ilin mart ayında Azərbaycan KP MK-nın üçüncü katibi, bir il sonra, 1939-cu ilin aprel ayında Azərbaycan KP MK-nın təbliğat-təşviqat üzrə katibi təsdiq edilmiş və 1941-ci ilin mart ayına qədər bu vəzifədə çalışmışdır. Paralel olaraq 1940-cı ilin mart ayından 1941-ci ilin mart ayınadək Azərbaycan KP MK təbliğat-təşviqat şöbəsinə başçılıq etmişdir. 1941-ci ilin martında Azərbaycan SSR xalq daxili işlər komissarı təyin edilmiş, 9 il bu vəzifədə (1946-cı ilin mart ayından Azərbaycan SSR daxili işlər naziri kimi) çalışmışdır. Böyük Vətən müharibəsində Nasist Almaniyası birləşmələrində xidmət etmiş şəxslərin müəyyən edilməsi üçün respublikada xüsusi əməliyyatların aparılmasına nəzarət etmişdir.

1950-ci ilin may ayında Mir Teymur Yaqubov partiya işinə keçməsi ilə əlaqədar olaraq daxili işlər orqanlarından həqiqi ehtiyata buraxılmış, iyun ayında isə Azərbaycan KP MK-nın ikinci katibi seçilmişdir. 1952-ci ilin aprel ayında Bakı vilayəti təşkil olunduqda Azərbaycan KP Bakı Vilayət Komitəsinin birinci katibi olmuşdur.

O, 1937-ci ildən Azərbaycan KP MK-nın və Mərkəzi Komitə bürosunun üzvü olmuşdur.

Respublika rəhbərliyində Azərbaycan KP MK bürosunun 6 aprel 1953-cü il tarixli qərarı ilə Mir Teymur Yaqubov Azərbaycan KP MK-nın birinci katibi təsdiq edilmiş, bu vəzifədə Mir Cəfər Bağırovu əvəz etmişdi. O, 1953-cü ilin iyul ayında keçirilmiş Azərbaycan KP MK və Azərbaycan KP Bakı Komitəsinin birgə plenumunda Mir Cəfər Bağırovun fəaliyyətini mənfi qiymətləndirən məruzə ilə etmişdi. Lakin qısa müddət sonra özü də tənqidlərə məruz qalmışdı. Sov.İKP Mərkəzi Komitəsinin 1953-cü ilin sentyabrında baş tutmuş plenumunda Mir Teymur Yaqubovun mövqeyinə ilk ciddi zərbə endirilmiş, nitqləri Vyaçeslav Molotov və Lazar Kaqanoviç tərəfindən istehzalı replikalarla müşayiət olunmuşdu.

1954-cü ilin yanvarında Sov. İKP MK əməkdaşlarından ibarət bir qrup Bakıya səfər etmiş, buradakı vəziyyət barədə Nikita Xruşşova göndəriləcək qeydlər hazırlamışlar. Həmin yazıda M. T. Yaqubovun və Teymur Quliyevin respublika rəhbərləri kimi fəaliyyəti son dərəcə mənfi qiymətləndirilmiş, kənd təsərrüfatının inkişafına yetərincə diqqət ayırmamaları, kabinet üslubunda işləyək partiya və sovet fəalları ilə yetəri qədər əlaqə yaratmamaları qeyd edilmişdir. Yaqubov həmçinin Mərkəzi Komitə bürosunun işini təşkil edə bilməməkdə, rəhbər kadrların dəyişdirilməsinə qarşı istəksizlikdə təqsirli bilinmişdi. Sov. İKP MK əməkdaşları sadalanan qüsurlara görə onun vəzifədən kənarlaşdırılmasını tövsiyə etmişdilər.

Sonrakı illər və ölümü Ölkə rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Mir Teymur Yaqubov 1954-cü ilin may ayından 1956-cı ilə qədər SSRİ Sənaye və Ərzaq Məhsulları Nazirliyinin "Azkonservtrest" respublika trestinin Xaçmaz konserv zavodunun direktoru vəzifəsində çalışmışdır.

Azərbaycan KP MK bürosunun 28 avqust 1956-cı il tarixli qərarı ilə o, Bağırovun cinayətkar, antipartiya və dövlət əleyhinə fəaliyyətlər həyata keçirmiş, sovet xalqının qırğınında bilavasitə iştirak etmiş, sosialist qanunauyğunluğunu pozan fəal şəriki kimi partiya üzvlüyündən xaric edilmişdir.

1957-ci ildən "Azprodstroy" respublika trestinin layihə-smeta qrupunda mühəndis işləmiş, 13 fevral 1970-ci ildə Bakıda vəfat etmişdir.

Rütbələri Mir Teymur Yaqubov daxili işlər orqanlarında işlədiyi dövrdə aşağıdakı rütbələri almışdır: Dövlət təhlükəsizliyinin baş mayoru — 29 mart 1941 Dövlət təhlükəsizliyi komissarı — 14 fevral 1943 3-cü dərəcəli dövlət təhlükəsizliyi komissarı — 14 dekabr 1944 General-leytenant — 9 iyul 1945

Təltifləri "Lenin" ordeni — 27 aprel 1940 İki dəfə "Qırmızı bayraq" ordeni — 15 iyun 1943, 24 avqust 1949 "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946 "Qırmızı ulduz" ordeni — 28 noyabr 1941 "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "XDİK-in əməkdar işçisi" — 24 aprel 1943

İstinadlar

Xarici keçidlər

Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan ateistləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Bakı Vilayət Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR daxili işlər nazirləri Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XIX qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyündən xaric edilənlər Kateqoriya:SSRİ general-leytenantları Kateqoriya:Azərbaycanın xüsusi xidmət orqanları rəhbərləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin sədrləri