Kanal-S — 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı.
Tarixi Şimal–qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. Kanalın 3 fərqli rayonda ötürücüsü olmaqla 51, 54 və 32-ci kanallardan ölkənin 70%-dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Yüksək, müasir standartlara cavab verən texniki avadanlıqlarla və rəqəmsal sistemlə də təchiz olunub. Güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları mövcuddur.
"Kanal-S" 7 departamentdən ibarətdir: Xəbərlər, Bədii və Yaradıcılıq departamenti, Proqram departamenti, Texniki departament, Təsərrüfat və Nəqliyyat departamenti, Maliyyə və Kadrlar departamenti, Mühafizə departamenti. Televiziyada 135 nəfər çalışır.
Kollektiv televiziya sahəsində öz sözünü demiş təcrübəli və peşəkar kadrlarla yanaşı, istedadlı gənclərdən təşkil edilib. "Kanal-S" Həmidə Ömərova, Nadir Bədəlov, Anar Ağakişiyev, Yusif Cəfərov kimi məşhurlarla əməkdaşlıq edir.
Telekanalın həftəlik yayım həcmi 168 saatdır. Yayımın 75%-ni televiziyanın öz istehsalı olan proqramlar, 5%-ni ölkə ərazisində, 20%-ni isə xaricdə istehsal olunan proqramlar, filmlər təşkil edir. "Sizə hamıdan yaxınıq" devizini əsas götürən şirkətin prioriteti operativlik və obyektivlikdir.
19 sentyabr 2016-cı il tarixindən etibarən "Kanal-S" olan telekanalın adı dəyişdirilərək "ARB Şəki" olmuşdur.
8 yanvar 2022-ci il tarixindən etibarən "ARB Şəki" olan telekanalın adı dəyişdirilərək yenidən "Kanal-S" olmuşdur.
28 yanvar 2022-ci ildən etibarən "Azerspace-1" peykində və "KATV1" kabel televiziyasında yayıma başlayıb.
14 fevral 2022-ci ildən etibarən artıq rəngarəng verilişlərlə tamaşaçıların görüşünə gəlib. Əsas məqsəd isə bölgələrin, rayon və şəhərlərimizin təbliği, Azərbaycanda güclü turistik potensialı olan məkanların, kənd təsərrüfatının və digər infrastrukturların tanıdılmasıdır.
Hazırda kanalda 121 əməkdaş çalışır və 14 veriliş istehsal olunur.
Kanal-S-də yayımlanan "Sözün bitdiyi an" proqramının 28 mart 2025-ci il buraxılışında aparıcı Nigar Fərhad "Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm" fikrini səsləndirib. Aprelin 1-də Audiovizual Şura bunun "Media haqqında" qanunun 14.1.4 nömrəli "irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır" maddəsini pozduğu qərarına gəlib və televiziya kanalına ən uzunmüddətli yayımın dayandırılması sanksiyası tətbiq edilərək proqramlarının yayımının aprelin 4-5 aprel tarixləri arasında 24 saatlıq dayandırılması ilə bağlı qərar verib.
Xarici keçidlər www.kanals.az Kanal-S | Facebook səhifəsi Kanal-S | Twitter səhifəsi Kanal-S | YouTube kanalı Sabiq rəsmi saytı
İstinadlar
Kateqoriya:Azərbaycan televiziya kanalları Kateqoriya:Azərbaycan dilində televiziya kanalları Kateqoriya:ARB