Eldəniz Yəmən oğlu Əzizli () — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 5 dəfə (2018, 2022, 2023, 2024, 2026) Dünya Çempionatının, 2 dəfə (2018, 2022) isə Avropa Çempionatının qalibi olan titullu güləşçidir.

1 mart 2026-cı il tarixinə olan məlumata görə, 320 xal göstəricisi ilə Azərbaycan idmançılarının reytinqində onuncu yeri tutur.

Karyerasının birinci illərində Eldəniz Əzizli 3 dəfə (2007, 2008, 2009) gənclər arasında Avropa Çempionatının, 2 dəfə (2010, 2011) yeniyetmələr arasında Avropa Çempionatının qızıl medallarına sahib oldu. 2010 və 2012-ci illərdə isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi olan Eldəniz Əzizli 2018-ci ildən etibarən ardıcıl olaraq altı dəfə Avropa Çempionatında, beş dəfə isə Dünya Çempionatında medallara sahib olub.

Eldəniz Əzizli əvvəl 2018-ci ildə Rusiyada Avropa Çempionatının, Macarıstanda isə Dünya Çempionatının qalibi olmaqla mövsüm ərzində "qızıl dubl" etdi. Daha sonra 2019 və 2021-ci illərdə Dünya Çempionatını və 2019–2021-ci illərdə Avropa Çempionatını bürünc medallarla başa vuran Eldəniz Əzizli 2022-ci ildə növbəti dəfə mövsüm ərzində həm Dünya, həm də Avropa Çempionatlarının qalibi oldu. 2023-cü ildə isə Avropa Çempionatının final görüşündə məğlub olaraq gümüş medala sahib olan Eldəniz Əzizli həmin il Belqrad şəhərində üçüncü dəfə Dünya Çempionatının qalibi oldu.

Eldəniz Əzizli 2023-cü ildə Serbiyada dünya çempionu olmaqla 1985–1987-ci illərdə SSRİ adına Dünya çempionu olmuş yunan-roma güləşçisi Məhəddin Allahverdiyev və 2014–2017-ci illərdə Azərbaycan adına Dünya çempionu olmuş sərbəst güləşçi Hacı Əliyevdən sonra üç dəfə Dünya Çempionatının qalibi olmağı bacaran üçüncü azərbaycanlı güləşçi oldu. 2024-cü ildə Albaniyada dünya çempionu olmaqla güləş üzrə Dünya Çempionatlarında dörd dəfə qızıl medala sahib olmağı bacaran birinci və yeganə azərbaycanlı güləşçi olaraq tarixə düşdü. 2026-cı ildə Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Çempionatının qalibi olaraq beşqat dünya çempionu oldu.

Həyatı Eldəniz Əzizli 1992-ci il aprelin 20-də Beyləqan şəhərində anadan olub. Beyləqan şəhərində Mehdi Mehdizadə adına 3 nömrəli tam orta məktəbin VII sinifə qədər təhsil alıb. Təhsilinə Olimpiya İdman Liseyində davam edib və oradan məzun olub. Daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. 2014–2015-ci illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 1999-cu ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Vaqif Feyzullayevdir. Birinci uğuru 1999-cu ildə Beyləqan Çempionatının qızıl medalı oldu.

Evlidir, 2 qızı və 1 oğlu var. Eldəniz Əzizli futbol mütəxəssisi Şahin Diniyevin bacısı oğlu, yazıçı və publisist Akif Şahverdiyevin isə kürəkənidir.

Karyerası

2007–2009-cu illər: Üç dəfə gənclər arasında Avropa çempionluğu Eldəniz Əzizli 2007-ci ilin iyununda Gürcüstanın Rustavi şəhərində baş tutan beynəlxalq turnirin qalibi oldu. Daha sonra Eldəniz Əzizli I Qara dəniz Oyunlarının qızıl medalına sahib oldu.

Eldəniz Əzizli 2007-ci ilin iyulunda Polşanın Varşava şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında mübarizə apardı. Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Eldəniz Əzizli həlledici görüşdə Gürcüstan nümayəndəsi Mindiya Tsulixidzeya qalib gəldi və gənclər arasında Avropa Çempionatının qalibi oldu. Bu 15 yaşlı Eldəniz Əzizlinin nüfuzlu beynəlxalq turnirlərdə birinci qələbəsi idi. Həmin ilin noyabrında Eldəniz Əzizli həm də Türkiyədə beynəlxalq turnirində qalibi oldu.

Bir il sonra, 2008-ci ilin iyununda Latviyanın Dauqavpils şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında Eldəniz Əzizli növbəti dəfə turnirin qalibi oldu. Final görüşündə Türkiyə nümayəndəsi Əli Sisi üzərində qələbə qazanan Eldəniz Əzizli bununla növbəti dəfə gənclər arasında Avropa Çempionatının qızıl medalına sahib oldu.

2009-cu ilin iyulunda isə Eldəniz Əzizli ardıcıl üçüncü dəfə gənclər arasında Avropa Çempionatının qalibi oldu. Bu səfər Eldəniz Əzizli Serbiyanın Zrenyanin şəhərində baş tutan turnirin final görüşündə digər Türkiyə nümayəndəsi Tolgahan Karataş üzərində qələbə qazanaraq gənclər arasında Avropa çempionu oldu. Həmin il Eldəniz Əzizli həm də İzmir və İstanbul şəhərlərində beynəlxalq turnirlərin, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsinə həsr olunan turnirin qızıl medallarına sahib oldu.

2010-cu il: Yeniyetmələrin Dünya və Avropa çempionluğu 2010-cu ildən Eldəniz Əzizli yeniyetmələrin turnirlərində mübarizə apardı. İyunda Bolqarıstanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatında Eldəniz Əzizli finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə Eldəniz Əzizli Gürcüstan nümayəndəsi Torni Maxaradzeya qalib gəldi və yeniyetmələr arasında da Avropa Çempionatının qızıl medalına sahib oldu.

Həmin ilin iyulunda isə Eldəniz Əzizli Macarıstanın Budapeşt şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Mexico nümayəndəsi Alexandro Grimaldiya 14:0, 1/4 final mərhələsində də Yaponiya nümayəndəsi Seyi Goyaya 8:0 hesabları ilə qalib gələn Eldəniz Əzizli yarım-final mərhələsində Birləşmiş Ştatlar nümayəndəsi Emiliano Novri üzərində 8:0 hesabı ilə qələbə qazandı və yeniyetmələr arasında Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Aysultan Bayzahov oldu. Həmin görüşdə Eldəniz Əzizli rəqibi üzərində 4:0 hesabı ilə qələbə qazandı və yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu.

Eldəniz Əzizli 18 yaşında üç dəfə gənclərin Avropa Çempionatlarında, bir dəfə isə yeniyetmələrin Dünya və Avropa Çempionatlarında qızıl medallara sahib olmuşdu.

2011-ci il: Debüt Avropa Çempionatında "bürünc" 2011-ci ildə Eldəniz Əzizlinin birinci turniri yanvarda İstanbul şəhərində baş tutan Vəhbi Əmrənin xatirəsinə həsr olunan beynəlxalq turnir oldu. Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Eldəniz Əzizli həlledici görüşdə Türkiyə nümayəndəsi Ayhan Karaguşa məğlub oldu və turniri gümüş medalla başa vurdu. Bu Eldəniz Əzizlinin beynəlxalq turnirlərində birinci məğlubiyyəti idi.

Həmin ilin aprelində Eldəniz Əzizli Avropa Çempionatlarında debüt etdi. Almaniyanın Dortmund şəhərində baş tutan turnirin təsnifat mərhələsində Eldəniz Əzizli Almaniya nümayəndəsi Luhas Hoeglmeyer ilə üz-üzə gəldi. Həmin görüşdə Eldəniz Əzizli rəqibinə 8:2 (hissələr üzrə 2:0) hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rumıniya nümayəndəsi Virgil Munteanu oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Eldəniz Əzizli rəqibi üzərində 2:1 (hissələr üzrə də 2:1) hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Polşa nümayəndəsi Mariusz Los oldu. Bu görüş də gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə Eldəniz Əzizli rəqibinə qalib gəldi — hissələr üzrə 2:1 (ümumi hesabda 4:5 hesabı ilə məğlub olsa da turnirdə nəticələr hissələr üzrə hesablanırdı). Bununla da Eldəniz Əzizli Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Ermənistan nümayəndəsi Roman Amoyan oldu. Rəqib son olimpiadanın bürünc medalçısı, son Dünya Çempionatının finalçısı və 2006-cı il Avropa Çempionatının qalibi olan təcrübəli güləşçi idi. Həmin görüşdə Eldəniz Əzizli rəqibinə 0:14 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam etdi. Bu görüşdə isə onun rəqibi Rusiya nümayəndəsi Valeri Borqoyahov oldu. Həmin görüşdə Eldəniz Əzizli rəqibi üzərində 8:0 hesabı ilə qələbə qazandı və debüt Avropa Çempionatında bürünc medala sahib oldu.

İyunda Eldəniz Əzizli Serbiyanın Zrenyanin şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında da mübarizə apardı. Bir il əvvəl turnirin qalibi olan Eldəniz Əzizli bu səfərdə turnirin qızıl medalına sahib oldu. Eldəniz Əzizli final görüşündə Belarus nümayəndəsi Andrey Pihuza üzərində qələbə qazanmaqla növbəti dəfə yeniyetmələr arasında Avropa çempionu oldu.

Eldəniz Əzizlinin növbəti turniri iyulda Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniri oldu. Turnirin 1/8 final mərhələsində Eldəniz Əzizli Qazaxıstan nümayəndəsi Marat Karişalova qalib gəlsə də, 1/4 final mərhələsində Azərbaycan nümayəndəsi Taleh Məmmədova məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Eldəniz Əzizli təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə Eldəniz Əzizli Gürcüstan nümayəndəsi Qenadi Qutateladzeya qalib gəldi və mübarizəsini bürünc medal uğrunda görüşdə davam etdi. Bu görüşdə isə Eldəniz Əzizli Norveç nümayəndəsi Tomas Roenningen üzərində qələbə qazandı və Qızıl Qran-Pri beynəlxalq turnirini bürünc medalla başa vurdu.

İyulda Eldəniz Əzizli həm də Rumıniyanın Buxarest şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatında mübarizə apardı. Turnirin son qalibi olan Eldəniz Əzizli bu səfərdə qızıl medala iddialı idi. Eldəniz Əzizli turnirin birinci görüşündə Qırğızıstan nümayəndəsi Eldar Beqaliyeva 5:0 (hissələr üzrə 2:0) hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İran nümayəndəsi Saman Abdelvali oldu. Rəqib yeniyetmələr arasında Asiya Çempionatının son qalibi idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Eldəniz Əzizli rəqibinə 4:5 (hissələr üzrə 1:2) hesabı ilə məğlub oldu. Saman Abdelvali final görüşünə vəsiqə qazandığına görə Eldəniz Əzizli mübarizəsini təsəlliverici qrupda davam etdi. Təsəlliverici qrupun birinci görüşündə Eldəniz Əzizli Ukrayna nümayəndəsi Mişa Avetisiyan üzərində 6:1 (hissələr üzər 2:0) hesabı ilə qələbə qazandı. Növbəti görüşdə Eldəniz Əzizli Cənubi Koreya nümayəndəsi Li Çan-Yona 4:0 (hissələr üzrə 2:0) hesabı ilə qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə isə onun rəqibi Qazaxıstan nümayəndəsi Nurilbəy Muxanbetalin oldu. Həmin görüşdə Eldəniz Əzizli rəqibi üzərində 5:0 (hissələr üzrə 2:0) hesabı ilə qələbə qazandı və yeniyetmələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.

Həmin ilin noyabrında Eldəniz Əzizli yunan-roma güləşi üzrə Azərbaycan yığması ilə birgə Rusiyada baş tutan Komandalararası Moscow Lights beynəlxalq turnirini gümüş medalla başa vurdu. İlin sonunda isə Eldəniz Əzizli Azərbaycan Çempionatının final görüşündə 2010-cu il Avropa Çempionatının qalibi Elçin Əliyev üzərində qələbə qazanaraq Azərbaycan çempionu oldu.

2012-ci il: Yeniyetmələrin Dünya çempionluğu 2012-ci ildə Eldəniz Əzizlinin birinci turniri yanvarda İstanbul şəhərində baş tutan İstanbul Qran-Prisi beynəlxalq turniri oldu. Həmin turnirdə Eldəniz Əzizli uğursuz çıxış etdi və turniri 14-cü pillədə başa vurdu.

Yunan-roma güləşi üzrə Azərbaycan yığmasının məşqçiləri həmin ilin martında Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatına daha təcrübəli olan Elçin Əliyevi apardı. Eldəniz Əzizli isə martda gənclər arasında Azərbaycan Çempionatının qalibi oldu.

8 aylıq fasilədən sonra Eldəniz Əzizli sentyabrda Tailandın Pattaya şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatında mübarizə apardı. 2 il turnirin qalibi olan, amma son çempionatı bürünc medalla başa vuran Eldəniz Əzizli bu səfər turnirin qızıl medalına sahib oldu. Turnirin final görüşündə Eldəniz Əzizli Moldova nümayəndəsi Victor Çobanu üzərində qələbə qazandı və yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu.

Noyabrda isə Eldəniz Əzizli Belarusda baş tutan və 1960-cı il Roma Olimpiadasının qalibi Oleq Karayevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı. Final görüşündə Azərbaycan və Rusiya güləşçiləri üz-üzə gəldi. Eldəniz Əzizli final görüşündə Rusiya nümayəndəsi Rodion Samatov üzərində qələbə qazansa da, ümumi nəticədə Azərbaycan Rusiyaya məğlub olduğuna görə turniri gümüş medalla başa vurdu.

2013-cü il: Kazan Universiadasında "bürünc