Ənvər Tapdıq oğlu Həzərxanov () — Azərbaycanlı alim, ictimai xadim, texnika elmləri doktoru (2013), professor (2017).

Həyatı

Ənvər Tapdıq oğlu Həzərxanov 29 may 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. Evlidir, 2 övladı var.

1981-1991-ci illərdə Sumqayıt şəhəri 20 saylı orta məktəbdə təhsil alıb. 1991-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olmuş və 1996-cı ildə həmin universiteti “Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

19 aprel 2021-ci ildən 14 yanvar 2022-ci il tarixinədək “A and J Holding"də direktor müavini vəzifəsində çalışmışdır.

Elmi və pedaqoji fəaliyyəti

Milli Aviasiya Akademiyasında (MAA) əmək fəaliyyətinə 1998-ci ildə Elmi-tədqiqat Aviasiya İnstitutunun “Aviasiya elektronikası” şöbəsində mühəndis-elektronçu vəzifəsində başlamış, 1999-cu ildə Tədris-metodiki şöbəyə metodist vəzifəsinə keçirilmişdir. 2001–2020-ci illərdə MAA rektorunun köməkçisi vəzifəsində çalışıb, eyni zamanda 10 may 2016-cı ildən 22 may 2020-ci ilə kimi MAA-nın Rejim və tərbiyə işləri üzrə prorektoru vəzifəsini də icra edib.

2005-ci ilin iyun ayının 28-də MAA nəzdində fəaliyyət göstərən N06.001 dissertasiya şurasında «Qeyri-stasionar obyektlərin naviqasiya idarəetmə sistemləri üçün vibrasiyalı pyezoelektrik giroskop» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək "3324.04 – Yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı" ixtisasından texnika elmləri namizədi, 2013-cü ilin aprel ayının 12-də isə MAA nəzdində fəaliyyət göstərən "D06.001" dissertasiya şurasında “Kiçik ölçülü pilotsuz uçuş aparatlarının idarə edilməsi xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək həmin ixtisasdan texnika üzrə elmlər doktoru elmi dərəcələrinə layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona 2012-ci ilin yanvar ayında Avionika kafedrası üzrə dosent, 2017-ci ilin may ayında isə adıçəkilən kafedra üzrə professor elmi adları verilmişdir.

1999/2000-ci tədris ilindən 2020-ci ilə qədər MAA-nın Avionika kafedrasında elmi-pedaqoji fəaliyyət göstərib. “Mülki Aviasiya” nəşriyyatı redaksiya heyətinin üzvü olmuşdur.

11 aprel 2022-ci ildən Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun “Aerokosmik mühəndisliyi” kafedrasında əvəzçi professor kimi pedaqoji fəaliyyətə başlamış, 13 sentyabr 2022-ci ildə isə sözügedən institutun “Texniki fənlər” kafedrasına müdir vəzifəsinə seçilmiş və hal-hazırkı dövrədək həmin vəzifədə çalışır.

Ali Attestasiya Komissiyasının 06 oktyabr 2023-cü il tarixli əmri ilə Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının tərkibinə (3325.01 – “Telekommunikasiya texnologiyası” ixtisası üzrə) daxil edilmişdir.

Hal-hazırda Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun nəzdində 7301.01 – “Hərbi nəzəri elmlər” və 7302.01 – “Hərbi xüsusi elmlər” ixtisasları üzrə fəaliyyət göstərən Dissertasiya şurasının ixtisaslaşdırılmış elmi seminarının üzvüdür. Həmçinin 2024-cü ilin aprel ayından etibarən Heydər Əliyev adına Hərbi İnstitutun “Elmi Əsərlər” jurnalının baş redaktorudur.

100-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 2 dərs vəsaitinin, 1 əyani vəsaitin, 3 metodik göstərişin və 8 patent-ixtiranın müəllifidir.

İctimai fəaliyyəti

Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası üzrə ilk partiya təşkilatının sədri, həmçinin “Elmi Təminatlı İnnovasiya Assosiasiyası” İctimai Birliyinin vitse-prezidenti vəzifələrini icra etmişdir. Karateçidir və 5-ci dan qara kəmər sahibidir. 2022-ci ildə Azərbaycan Kosiki Karate-do Federasiyasının vitse-prezidenti seçilib.

2023-cü ildən “Azerbaijan Sport Talent Academy” (ASTA) MMC-də icraçı direktorun müavini, 2025-ci ildən isə ”Mingəçevir” Futbol Klubunun İdarə Heyətinin üzvüdür.

Təltifləri

2013-cü ildə mülki aviasiya sahəsində uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)” yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 31 may 2018-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. MAA Elmi Şurasının 2 may 2019-cu il tarixli iclasında Azərbaycan Respublikasında mühəndislik işlərinin inkişafına görə “Mühəndislik təhsilinin problemləri” nominasiyası üzrə Azərbaycan Mühəndislik Akademiyasının İlin Mühəndisi – 2018 fəxri adına layiq görülmüş və “Xatirə” medalı ilə təltif olunmuşdur.

2024-cü il yanvar ayının 26-da elm və təhsilin inkişafındakı xidmətlərinə görə Türkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi (akademik) üzvü seçilmiş və həmin qurumun “Qızıl Ulduz” medalı ilə təltif olunmuşdur.

Akademik üzvü olduğu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının təqdimatı əsasında 17 may 2024-cü il tarixində Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasına həqiqi (akademik) üzv seçilmiş və həmin qurumun almaniyalı mütəfəkkir Qotfrid Vilhelm Leybnis medalına layiq görülmüşdür.

Həmçinin bax

Arif Paşayev Şəmsəddin Axundov

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Aviasiya Akademiyasının müəllimləri