Qarabağ FK — Azərbaycanın Ağdam şəhərini təmsil edən peşəkar futbol klubu. 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. Tarixində 12 dəfə Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Klub eyni ildə həm ölkə çempionu olan, həm də ölkə kubokunu qazanan ilk Azərbaycan klubudur.
"Qarabağ" klubu bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir (ikinci "Neftçi" klubudur). 1951-ci ildə, Ağdam şəhərində "Məhsul" idman cəmiyyətinin futbol komandası yaradılmaqla klubun əsası qoyulub.
Klub 1987-ci ildə "Qarabağ" adlandırılmış, həmin ilədək müxtəlif illərdə "Məhsul", "Şəfəq" və "Kooperator" olmaqla üç fərqli adla çıxış etmişdir. 1993-cü ilin 23 iyul tarixində Ermənistan Silahlı Qüvvələrinin Ağdam şəhərini işğal etməsindən sonra "Qarabağ" ev oyunlarını Bakı və digər şəhərlərdəki stadionlarda keçirmişdir.
"Qarabağ" avrokuboklarda mərhələ keçən ilk, Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanan və avrokuboklarda qrup mərhələsini keçərək play-offa yüksələn ilk və yeganə Azərbaycan klubudur.
2025-ci ilə olan məlumata görə dəyəri 28,5 milyon avro olan heyəti ilə "Qarabağ" ölkə çempionatında ən yüksək bazar dəyərinə malik klubdur.
Adları "Məhsul": 1951–1977 "Şəfəq": 1977–1982 "Kooperator": 1982–1987 "Qarabağ": 1987–2001 "Qarabağ-Azərsun": 2001–2004 "Qarabağ": 2004-cü ildən indiyədək
Tarixi
1950-ci illər right|thumb|300px|Ağdamda futbol komandası (1953-cü il)
"İmarət" stadionu 1951-ci ildə kənd stadionu kimi istifadəyə verilmişdir. Stadionun fəaliyyətə başlaması ilə "Məhsul" FK-nin (indiki "Qarabağ") yaranması üst-üstə düşmüşdür.
Həmin dövrdə "Məhsul" uğurlu çıxışlar göstərmiş, "Stalin rayonu" komandası üzərində 2:1 qələbə əldə etmiş, "Stepanakert" komandasını 3:1 hesabla məğlubiyyətə uğratmışdır.
1960-cı illər Yarandığı gündən sonra bir müddət "Məhsul" adı ilə çıxış edən "Qarabağ" ilk dəfə 1966-cı ildə Azərbaycan SSR çempionatında iştirak etmişdir. Həmin il çempionatı 4-cü yerdə başa vuran "Qarabağ" 4 il ardıcıl olaraq ölkə birinciliyində mübarizə aparmışdır.Official Qarabagh website: Club's Creation Bu illər ərzində ən yaxşı nəticəni 1969-cu ildə 2-ci yeri tutmaqla qazanmışdır. Buna baxmayaraq, 1969-cu ildən sonra diqqətsizlik və maliyyə dəstəyinin olmaması səbəbindən komanda təxminən on il çempionatdan kənard qalmışdır.
1970–1980-ci illər 1974-cü ildə uşaqlardan ibarət "Qarabağ" futbol komandası təşkil olunmuşdur. Komanda Adil Nadirovun rəhbərliyi altında qısa müddətdə qələbələr qazanmağa başlamışdır. 1975-ci ildə komanda Azərbaycan komsomolu Mərkəzi Komitəsinin "Sevinc" kuboku uğrunda keçirilən yarışlarda zona üzrə birinci yerə çıxmışdır. "Qarabağ" həmin il respublika final yarışlarında da iştirak etmiş və üçüncü yerə çıxmışdır. Komandanın 1976-cı ildə də müvəffəqiyyətlər əldə etmişdir. "Sevinc" kuboku uğrunda respublika yarışlarının zona birinciliyində "Qarabağ" heyəti "Bərdə" komandasına 5:1, "Ağcabədi" komandasına isə 4:0 hesabı ilə qalib gələrək çempion olmuşdular. "Qarabağ" iyul ayında Bakıda keçirilən final yarışlarında da yüksək nəticələr əldə etmişdir. Bu dövrdə komandanın kapitanı Şamil Haqverdiyev, qapıçı Şakir Vəliyev ön plana çıxmışdır.
1977-ci ildə "Qarabağ" yenidən "Şəfəq" adı ilə bərpa edilmişdir. Ondan əvvəl komanda "Ehtiyat əmək qüvvələri" adlanırdı. Elə həmin il "Ehtiyat əmək qüvvələri" Azərbaycan SSR çempionatının 2-ci dəstəsində yarışmışdır. Ağdamın futbol komandası respublika birinciliyinin ikinci dəstəsində müvəffəqiyyətlə çıxış etmiş və birinci yerə çıxmışdır. Komandanın məşqçisi Adil Nadirov olmuşdur. Komandanın tərkibi əsasən 50 nömrəli texniki peşə məktəbinin uşaqlarından təşkil edilmişdir. Mövsümün sonunda komandanın hücumçusu Nadir Əsgərov Xankəndi şəhərini təmsil edən "Qarabağ" klubuna transfer edilmişdir.
1978-ci ildə Azərbaycan SSR Milli Futbol Çempionatında çıxış edən "Şəfəq"in heyətində Ənvər Axundov, Elşən Babayev, Adil Nadirov, Nazim Mehrəliyev, Eldar Bağırov, İnqilab Əhmədpur, Cavanşir Novruzov, Qasım Qasımov, Çingiz Əliyev, Kamil Məmmədov, Yusif Əsədov, Sabir Məhəmmədov, Yusif Əsədov, Loğman Talıbov, Gündüz Qəhrəmanov, Marsel Firidunov, Elxan Quliyev, Arzuman Cabbarov və Aqil Cabbarov, həmçinin komandaya həmin mövsüm qoşulan İxtiyar Allahyarov kimi oyunçular var idi.
"Şəfəq" komandasının yüksək liqadakı debütü və İmişlinin "Meliorator" komandasına qarşı baş tutmuşdur. Ağdam klubu "Meliorator" futbolçularını öz meydançasında qəbul etmişdir. Görüşdən əvvəl təntənəli şəraitdə çempionatın bayrağı qaldırılmışdır. Komandalar arasında keçirilən oyunu yüzlərlə azarkeş izləmişdir. "Şəfəq" respublika birinciliyinin yüksək liqasında mübarizəyə başlalıqları ilə görüşdə 2:0 hesablı qələbə qazanmışdır. Oyundan sonra rayon partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri B. Hüseynov, xalq maarif şöbəsinin müdiri Q. Hüseynov, 50 nömrəli texniki peşə məktəbinin direktoru F. Hacıyev, bədən tərbiyəsi və idman komitəsinin sədri Q. Qurbanov, komsomol komitəsinin nümayəndəsi B. Axundov futbolçuları qazandıqları parlaq qələbə münasibətilə təbrik etmişdilər. Komandaların görüşündən sonra stadionda oyunu tamaşa etmiş Xankəndi təmsilçisi olan "Qarabağ" komandasının baş məşqçisi Aleksandr Trofimov demişdir ki, "kənd uşaqlarından ibarət ağdamlıların məzmunlu, yüksək səviyyəli oyunu mənə xoş təsir bağışladı". Həmin dövrdə "Şəfəq" və "Qarabağ" klubları öz aralarında dostluq münasibətləri qurmuşdular.
Mövsümdə oyunların biri də uğurlu çıxışlar edən, Kazbek Tuayevin məşqçilik etdiyi "OİK Bakı" klubuna qarşı olmuşdur. Səfər oyunu heç-heçə bitmişdir. Oyundan sonra matçı izləyən Tofiq Bəhramov demişdir ki, "Kənddə idman zəifdir deyənlər yanılırlar. Bu da kənd atletlərinin əla oyunu!".
"Şəfəq" ardınca Lənkəran səfərindən bir xalla geri qayıtmış, sonra öz meydançasında Masallının "Viləş" futbol komandasını 4:0 hesabla məğlub etmişdir. Ertəsi gün "Şəfəq" Bakıda "Suraxanı" idmançıları ilə görüşmüş, oyun heç-heçə qurtarmışdır. Bu zaman "Şəfəq" dörd oyundan 6 xal əldə etmiş və qol buraxmamışdır.
Respublika futbol çempionatının yüksək liqasında "Şəfəq" məğlubiyyət əldə etmədən irəliləmiş, turnir cədvəlinin ikinci pilləsində öz mövqeyini daha da möhkəmləndirmişdir. "Şəfəq" Xankəndi şəhərində Əli Bayramlının (indiki Şirvan) "Energetik" komandası ilə keçirdiyi matçda 2:0 hesablı qələbə qazanmışdır, sonradan Mingəçevirin «PTM» komandasını öz meydançasında qəbul etmiş və onu da 2:0 hesabla məğlub etmişdir. Sonrakı oyunda öz meydançasında "Üzümçü" üzərində 4:1 hesablı qələbə etmiş "Şəfəq" üç oyunda 8 qol vurmuşdur.
"Şəfəq" 1982-ci ilə qədər Ağdam futbolunun yeganə təmsilçisi oldu. 1982-ci ildən 1987-ci ilə qədər isə klub "Kooperator" adı ilə yarışlara qatıldı. "Qarabağ" ilk dəfə Azərbaycan SSR çempionu adına 1988-ci ildə – Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən layiq görüldü. Həmin çempionluqdan sonra "Qarabağ" SSRİ çempionatının 2-ci dəstəsinə vəsiqə qazandı. 1989-cu ildə "Qarabağ" SSRİ çempionatının 9-cu zonasında yarışdı. 1990-cı ildə SSRİ çempionatının 2-ci dəstəsinin zona yarışlarında dəyişiklik edildiyindən "Qarabağ" Azərbaycan SSR çempionatının zona yarışlarında iştirak etmək məcburiyyətində qaldı.
1990-cı illər
1990-cı illərin əvvəlləri 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan Respublikasının müstəqil futbol çempionatı təşkil olundu. "Qarabağ" Azərbaycan çempionatının bütün mövsümlərində iştirak edən 2 komandadan biridir(Neftçi PFK ilə yanaşı). Təbii ki, müstəqillik illərində "Qarabağ"ın ağır günləri də az olmayıb. Azərbaycan tarixinin ən qara günlərdən biri olan Ağdam şəhərinin işğalı günü (23 iyul 1993-cü il) "Qarabağ" komandasının tarixində də ən qara gündür – həmin tarixdən etibarən komanda "qaçqın klub" kimi fəaliyyət göstərir.
Qeyd edək ki, 1992–1993-cü illərdə rəqiblərini Ağdamda qəbul edən "Qarabağ" burada 28 oyun keçirib. "Qarabağ" Ağdamda keçirdiyi son 22 matçda qalib gəlib. Əyalət təmsilçisinin evdə son məğlubiyyətindən isə daha uzun 27 oyunluq seriya keçir. Maraqlıdır ki, "Qarabağ"ın Ağdamda uduzduğu yeganə oyun onların müstəqilik tarixindəki ilk qarşılaşması olub. Və məğlubiyyətlə başlayan tarix qələbə seriyası ilə davam edib
"İmarət"də… … son oyun — "Qarabağ" – Turan Tovuz 1:0 (Azərbaycan kubokunun yarımfinalı, 12 may 1993) … son qol — Yaşar Hüseynov ("Qarabağ" – Turan Tovuz 1:0, Azərbaycan kubokunun yarımfinalı, 12 may 1993) … son fiti çalan hakim — Rüstəm Rəhimov ("Qarabağ" – Turan Tovuz 1:0, Azərbaycan kubokunun yarımfinalı, 12 may 1993) … son sarı vərəqə — Vəli Hüseynov (Qarabağ – Turan Tovuz 1:0, Azərbaycan kubokunun yarımfinalı, 12 may 1993) … son çempionat oyunu — "Qarabağ" – Xəzər Sumqayıt 1:0 (9 may 1993) … son qırmızı vərəqə — Aqil Məmmədov (Qarabağ – Xəzər Sumqayıt 1:0, 9 may 1993) … son penalti — Mehman Alışanov (Qarabağ – Xəzər Sumqayıt 1:0, 9 may 1993) … qonaqların son qolu — Samir Ələkbərov (Qarabağ – Neftçi Bakı 2:1, Azərbaycan kubokunun ¼ finalı, 28 aprel 1993) … son heç-heçə — Qarabağ – Kəpəz 0:0 (24 iyun 1992) … son məğlubiyyət — Qarabağ – İnşaatçı Sabirabad 1:2
1990-cı illərin sonları XX əsrin son illərində klub maddi sıxıntılardan ciddi əziyyət çəkirdi. Məhz bu səbəbdən 1998–2001-ci illərdə ölkə çempionatının güclülər dəstəsində zəif nəticə göstərdi. Üstəlik maddi vəziyyət klubun aparıcı futbolçularının da "Qarabağ"ı tərk etməsinə gətirib çıxartdı.
Bütün bunlara baxmayaraq belə bir çətin dövrdə "Qarabağ" Avrokuboklarda mübarizə aparmışdır. Azərbaycan klublarından ilk dəfə mərhələ adlayan "Qarabağ"ın uğuru da məhz bu dövrə təsadüf edir. İsrailin Makkabi Hayfa klubu ilə baş tutmuş oyunların nəticəsində klub qələbə qazanaraq mərhələ adlamışdır. Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Azərbaycana "böyük beşlik" təmsilçisi gəlmişdir. Bu Fransanın Monpelye klubu idi.
2000-ci illər
"Qarabağ-Azərsun" XXI əsrin əvvəlində klub maddi problemlərlə üz-üzə qaldı. Bu problemlər 2001-ci ildə Azərbaycanda fəaliyyət göstərən ən böyük holdinqlərdən biri olan "Azərsun" şirkətinin komandanı sponsorluğa götürməsindən sonra həll olundu. "Azərsun" Holdinq şirkəti "Qarabağ"ın inkişafı üçün əməli işə girişdi. Şirkətin prezidenti Abdulbari Gözəlın bilavasitə şəxsi köməkliyi ilə komandanın maddi problemləri həll olundu. İmkansızlıq ucbatından digər klublara keçmiş eks-qarabağlılar heyətə qaytarıldı və həmin dövrdən klub "Qarabağ-Azərsun" adı ilə çıxış etməyə başladı.
Maddi vəziyyətin düzəlməsi klubun nəticələrinə də təsir göstərdi. 2001-ci ildə "Qarabağ-Azərsun" ölkə çempionatında 9-cu yeri tutsa da qarşıdakı mövsümə hazırlıq işləri ciddi gedirdi və iddiası böyük olan klubun qarşısına ən yüksək yerləri tutmaq vəzifəsi qoyulmuşdu. Lakin həmin dövrdə Azərbaycan futbolunda baş verən böhran səbəbindən ölkədə 2002–2003-cü ildəki çempionat yarımçıq dayandırıldığı üçün qarşıya qoyulan məqsədə nail olmaq mümkün olmadı.
Azərbaycan futbolundakı böhran başa çatdıqdan sonra, 2003-cü ildə "Qarabağ-Azərsun"un rəhbər strukturunda bir sıra dəyişikliklər aparıldı və Tahir Gözəl komandanın vitse-prezidenti təyin edildi. Tahir Gözəlin kluba gəlişindən sonra "Qarabağ"ın tarixində sanki yeni səhifə açıldı. Komandanın ölkə çempionatında uğur qazanması üçün bütün imkanlar səfərbər edildi. Və məhz bu səylərin nəticəsi idi ki, 2003–2004-cü il mövsümündə "Qarabağ" uzun fasilədən sonra yenidən Azərbaycan çempionatının mükafatçıları sırasında yer aldı və birincilikdə ilk dəfə bürünc medalları qazandı.
2022-ci ilin payızında klub ölkə çempionatında 10, bu mövsüm beş, keçmiş mövsümdə isə beş dəfə ardıcıl qalib gələn ilk Azərbaycan komandası kimi rekord vurdu.
27 aprel 2025-ci ildə Premyer Liqanın 2024/2025 mövsümünün 32-ci turunda "Sabah"la 1:1 hesabla bərabərə qalan "Qarabağ" mövsümün başa çatmasına 4 tur qalmış çempionluğunu rəsmiləşdirib və bununla da tarixində 12-ci dəfə və ardıcıl olaraq 4-cü dəfə Premyer Liqanın çempionu olub.