Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi () və ya qısaca ALJİR — Stalin repressiyalarının qurbanı olmuş şəxslərin ailə üzvü olan qadınların məcburi saxlanıldığı islah əmək düşərgəsi. Qaraqanda İslah Əmək Düşərgəsinin tərkibində Qazaxıstanın Akmola bölgəsində yerləşib. Sürgün olunan qadınların arasında Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavad, Fətəli xan Xoyskinin qızı Tamara Xoyskaya və Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova kimi onlarla azərbaycanlı qadın da var idi.
Düşərgənin adı qısalaşdırılıb və insanlar arasında "ALJİR" adlandırılıb. SSRİ-də mövcud olmuş ən böyük qadın düşərgələrindən biri və "QULAQ arxipelaqı"nın "ada"larından biridir. 1938-ci ildə düşərgədə 8 minə yaxın məhbus qadın var idi onlardan 4500 nəfəri "Vətən xainlərinin ailə üzvləri" (VXAÜ) idilər. Bundan başqa 1500 nəfər "VXAÜ" də Karaqanda İslah Əmək Düşərgəsinin digər bölmələrində saxlanılırdılar.Всего в 1938–1939 годах по приказу № 00486 в СССР было арестовано и направлено в лагеря около 18 000 ЧСИР, у которых было изъято 25 342 ребёнка.
Tarixi SSRİ Xalq Daxili İşlər Komissarlığının 15 avqust 1937-ci il əmrinə əsasən Akmolinsk (Qazaxıstanın indiki paytaxtı Nursultan şəhəri) şəhərinin cənub qərbində Akmol yaşayış məntəqəsində Karaqanda düşərgəsinin bir bölməsi kimi yaradılıb. SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 8 iyun 1934-cü ildə verdiyi qərarına əsasən "Vətən xainlərinin" yaxınlarına ya 5–10 il azadlıqdan məhrumetmə ya da Sibirin uzaq bölgələrinə 5 il sürgün edilmək cəzası verilməli idi. "ALJİR" düşərgəsi 30 hektar ərazini əhatə etməklə yanaşı Karaqanda və Akmola vilayətlərində bölmələri də var idi.
1931-ci ildə gələcək "ALJİR" düşərgəsinin yerində Saratov vilayətindən sürgün edilmiş insanlar üçün 26 nömrəli xüsusi düşərgə salınmışdı. Daha sonra isə SSRİ-nin digər bölgələrindən, 1932-ci ildə Belorusiya SSR-dən, 1933-cü ildə Krımdan 54 ailə, sonradan isə bura Moldova MSSR-dan və Ukrayna SSR-dən insanlar sürgün olundular.
Düşərgə əvvəlcə 1938-ci ilin əvvəllərində 26-cı əmək düşərgəsinin əsasında "R-17" islah əmək düşərgəsi kimi açılmışdır. 10 yanvar 1938-ci ildən etibarən düşərgəyə eşelonlar gəlməyə başladı. Altı ay ərzində düşərgə dolduğuna görə Karaqanda düşərgəsinin rəhbərliyi növbəti sürgün olunanları digər düşərgələrə yerləşdirməyə məcbur oldu. Payızda isə "Vətən xainlərinin ailə üzvləri" üçün yeni xüsusi "Spasskoe" bölməsi yaratdılar.
29 dekabr 1939-cu ildə rəsmi olaraq Karaqanda düşərgəsinin tabeliyinə verildi və Karaqanda islah əmək düşərgəsinin Akmola bölməsi kimi adlandırıldı. Buna qədər isə formal olaraq "QULAQ"-a tabe idi.
1950-ci ildə "ALJİR" düşərgəsi aradan qaldırıldı lakin 1958-ci ildə düşərgəyə məhkum olunanlar bəraət alana qədər heç biri əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ əldə etməmişdilər. 1953-cü ildə Karaqanda düşərgəsinin 17-ci Akmola bölməsi bağlandı.
Bölmənin rəhbərləri Aleksandr Bredixin İosifoviç — 1938-ci il. Sergey Barinov Vasilyeviç — 1930-cu illərin axırı −1940-cı illərin əvvəli. Mixail Yuzipenko Terenteyeviç — düşərgəyə İkinci Dünya müharibəsi dövründə rəhbərlik edib.
Məhbusların saxlanma şəraitləri
Karaqanda düşərgəsinin digər bölmələrindən fərqli olaraq 17-ci düşərgə bir neçə cərgə tikanlı məftillə əhatələnmişdi. Bundan başqa buraya mühafizə qüllələri də quraşdırılmışdı. Düşərgənin ərazisində içində qamışlar böyüyən göl var idi. Qamışlar qışda barakların isidilməsi üçün yayda isə tikinti üçün istifadə olunurdu.
Buradakı saxlanma şəraiti Karaqanda düşərgəsinin digər bölmələrindən fərqlənmirdi. İlk altı ay mövcud olmuş xüsusi düşərgə bölməsini məhbuslara əlavə məhdudiyyətlər də qoyurdu. Çox vaxt yazışmağa, bağlamaları qəbul etməyə və ixtisasa görə işləməyə qadağa qoyulurdu. Lakin bununla yanaşı düşərgəyə lazım olan ixtisasları olan qadınlar işləyirdilər. Humanitar sahədə ixtisaslaşanlara (musiqiçilər, şairlər, müəllimlər və digərləri) tibbi komissiyada "Tf" kateqoriyası verilirdi və onlar kənd təsərrüfatı sahələrində və tikintidə köməkçi qismində fəaliyyət göstərirdilər. Xəstələr, zəiflər, qocalar və uşaqlar tikiş fabriklərində işləyirdilər.
Yerli əhalinin məhbuslara münasibəti Yerli əhalinin xatirələrinə görə onlar məhbus qadınların həbs səbəbləri haqqında dediklərinə inanmırdılar. Məhbuslarla yerli əhalinin əlaqəsinin məhdud olmasına baxmayaraq düşərgənin tikintisi üçün əhəmiyyətli dərəcədə böyük ərazi yerli əhalinin əlindən alınmışdı. Bu ərazidə bir neçə qazax aulu və əhalisi "avropalı" olan 7 qəsəbə var idi (4861 təsərrüfat və 21979 nəfər insan). Düşərgənin tikintisinə görə bu əhali Karaqanda vilayətinin digər bölgələrinə köçürüldülər. Hətta düşərgənin ehtiyaclarını ödəmək üçün yerli əhalinin mal qarasının bir hissəsi əllərindən alındı.
Bütün bunlara baxmayaraq yerli əhali həbs edilən qadınlara kömək edib. Qazax qadınları düşərgə nəzarətçiləri duyuq düşməsinlər deyə özlərini məhbuslara qarşı daş atan kimi göstərirdilər. Əslində isə onlar qadınların üzərinə qurut atırdılar. Bu yolla bir neçə qadının aclıqdan ölməsinin qarşısı alınıb. Sonradan düşərgədən sağ qayıdan bir neçə qadın öz xatirələrində bunun haqqında danışıb.
Düşərgədəki uşaqlar Düşərgədə saxlanılan bəzi qadınların azyaşlı övladları var idi və onlar övladları ilə birgə düşərgədə saxlanılırdılar. Uşaqlar 3 yaşa çatdıqdan sonra uşaq evlərinə aparılırdılar. Bundan başqa məhbus qadınlar arasında hamilə olanları da var idi. ALJİR mövcud olduğu illər ərzində burada 1507 uşaq dünyaya gəlib. Vəziyyət 1951-ci ildə dəyişdi. 24 aprel 1951-ci ildə Sovet həbs düşərgələrindən hamilə, düşərgədə uşağı olan və ya düşərgədən kənar uşağı olan bütün qadınlar azad olundular.
Düşərgənin məşhur məhbusları Kira Andronikaşvili — aktrisa, kinorejissor, yazıçı Boris Pilnyakın həyat yoldaşı, Andronikovlar dvoryan nəslinin nümayəndəsi. Yelizaveta Arvatova-Tuxaçevskaya — Mixail Tuxaçevskinin bacısı, təyyarəçi Yuriy Arvatovun həyat yoldaşı. Nadejda Qoldşteyn — İosif Liberberqin həyat yoldaşı. Yermekova Dameşa — Temirbek Jurgenovun həyat yoldaşı. Rahil Messerer-Plisetskaya — aktrisa, Mixail Plisetskinin həyat yoldaşı. Nataliya Sats — rejissor və teatr xadimi, İsrail Veytserin həyat yoldaşı. Kseniya Serbina — tarixçi və arxeoqraf. Liya Solomyanskaya — sovet kinematoqrafı, jurnalist, Arkadi Qaydarın həyat yoldaşı, Yeqor Qaydarın nənəsi. Xədicə Xakimova — sovet diplomatı Kərim Xakimovun həyat yoldaşı.
Düşərgəyə məhkum edilmiş azərbaycanlılar Abdullayeva Mirnuriyyə İbrahim qızı — 1909-cu ildə, Göyçay şəhərində anadan olub. ÇSİR (VXAÜ) (vətən xainlərinin ailə üzvləri) 9 dekabr 1937-ci ildə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM (İslah Əmək Düşərgəsinə) göndərilməklə həbs olunub. Akmola düşərgəsinə Bakının Bayıl həbsxanasından gətirilib. 24 oktyabr 1945-ci ildə azad olunub.
Əliyeva Kənizə İmaməli qızı — 1920-ci ildə Bakı şəhərində anadan olub. Həyat yoldaşı Əliyev Niyaz Muxtar oğlu 1904-cü ildə Bakının Corat kəndində doğulub. 1931–1932-ci illərdə Qubadlı rayon partiya komitəsinə rəhbərlik edib. 15 fevral 1937-ci ildə əks-inqilabi fəaliyyət ittihamı ilə həbs olunub. Əliyeva Kənizə 13 aprel 1938-ci il tarixdə "vətən xaininin həyat yoldaşı" kimi həbs edilmiş, XDİK-nin 29 may 1938-ci il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsındə çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Seqejalqadan Karlaqa 20 avqust 1941-ci ildə gətirilib. 13 aprel 1946-cı ildə azad olub. 26 oktyabr 1979-cu il tarixdə Azərbaycan SSR Ali Məhkəmənin və cinayət işləri üzrə Məhkəmə Kollegiyasının qərarına əsasən bəraət alıb.
Əliyeva Məyruhə Süleyman qızı — Əliyeva Məyruhə Süleyman qızı 1909-cu ildə Quba şəhərində anadan olub. Həyat yoldaşı Əliyev Hacı Əli oğlu 17 avqust 1937-ci ildə əks-inqilabi-millətçi fəaliyyətdə ittiham olunaraq həbs edilib. Bundan sonra 1937-ci il tarixdə SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən Əliyeva Məyruhə də həbs olunub. ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə məhkum edilib. SSRİ XDİK-nın Xüsusi Müşavirəsi əsasında 2 fevral 1938-ci ildə Bakıdan Akmola Xüsusui Düşərgəsinə gətirilib. 20 mart 1939-cu ildə düşərgədə dünyasını dəyişib. Dünyasını dəyişəndə qızı Elmiranın 6 yaşı olub.
Əmrahova Gülruh Bala qızı — 1905-ci ildə Bakıda, Balaxanı kəndində anadan olub. Həyat yoldaşı Əmrahov Müslüm Rza oğlu 29 aprel 1937-ci ildə əks-inqilabi millətçi təşkilatda fəaliyyət göstərməkdə ittiham olunaraq həbs edilib. Əmrahova Gülruh Bala qızı SSR MİK-in 4 dekabr 1934-cü il tarixli qərarına əsaslanaraq 26 noyabr 1937-ci il tarixdə həbs edilmiş, XDİK-nın Xüsusi Müşavirəsinin 26 noyabr 1938-ci il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək, cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Həbs olunanda 5 övladı olub. Övladlarından Əmrahın 14, Tofiqin 8, Mayruhun 12, Rəfiqənin 10, Zoyanın isə 3 yaşı olub. 10 dekabr 1945-ci ildə həbsdən azad olunub. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 4 aprel 1956-cı il tarixli qərarına əsasən Əmrahova Gülruh Bala qızına bəraət verilib.
Bayramova Ceyran Şirin qızı — 1896-cı ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Həyat yoldaşı Oruc Bayramov 1935-ci ildə XDİK tərəfindən əks-inqilabi təbliğat aparmaqda günahlandırılaraq həbs olunub, 1937-ci il 31 iyul tarixdə güllələnməyə məhkum edilib. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq Ceyran Bayramova "Vətən xaini" nin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 8 sentyabr 1937-ci il qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib ALJİR düşərgəsinə göndərilib. Həbs edilərkən övladları Bayramov Əlinin 13, Bayramov Fəridin 11, Bayramov Aydının 9, Bayramova Nazilənin isə 3 yaşı olub. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 dekabr 1955-ci il tarixli qərarına əsasən Bayramova Ceyran Şirin qızına bəraət verilib. ALJİR-də yaşadığı müddət göstərilməyib. 8 sentyabr 1945-ci ildə azad olub. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 dekabr 1955-ci il tarixli qərarına əsasən Bayramova Ceyran Şirin qızına bəraət verilib. Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılıb. 2 dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilib.
Baratzadə-Bədəlova Leyla Əli qızı — 1912-ci ildə Gəncə şəhərində anadan olub. Həyat yoldaşı Bədəlov Əbülfəz Məmməd oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyası Səyyar Sessiyası tərəfindən 30 dekabr 1937-ci ildə əks-inqilabi millətçi trotskiçi-terrorçu və üsyançı təşkilatın üzvü olmaqda ittiham edilərək güllələnməyə məhkum edilib. Baratzadə-Bədəlova Leyla Əli qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. ALJİR-də yaşadığı müddət göstərilməyib. Seqejlaqadan Karlaqa 20 avqust 1942-ci ildə gətirilib. 26 noyabr 1942-ci ildə azad olub. Zaqafqaziya Hərbi Tribunalı Hərbi Dairəsinin 13 dekabr 1955-ci il tarixli rəyinə əsasən Baratzadə-Bədəlova Leyla Əli qızına bəraət verilib. Həbs olunduqda oğlu Çingizin 5 yaşı olub.