Hüseynli Səyavuş Kərim oğlu () — Azərbaycan aktyoru, teleaparıcısı, rejissoru, ssenaristi və təlimçisi. "SOY production" şirkətinin həmtəsisçisi və bədii rəhbəri olub. "BİZ+" jurnalının keçmiş baş redaktorudur (2007–2011). Hal-hazırda "StageLab" platformasının rəhbəridir.

1990-cı illərdən etibarən televiziya, teatr və kino sahələrində fəaliyyət göstərən Hüseynli ANS, Space və ATV telekanalları ilə əməkdaşlıq edib, bir sıra televiziya layihələrinin, reklam çarxlarının və bədii filmlərin hazırlanmasında iştirak edib. O, həmçinin "Real Vətən" layihəsinin müəllifi, rejissoru və aparıcısı kimi tanınır.

Həyatı Səyavuş Hüseynli 2 sentyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram teatrı və kino aktyorluğu" fakültəsinə qəbul olunub və 1992-ci ildə həmin ixtisas üzrə təhsilini başa vurub.

Universiteti bitirdikdən sonra 1993–1996-cı illərdə hərbi xidmətdə olub.

Ailəlidir, iki övladı var.

Yaradıcılığı

1989–2000-ci illər Səyavuş Hüseynlinin ilk sənət müəllimi teatr rejissoru Nəsir Sadıqzadə olub.

1989-cu ildə o, əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Gənclər Teatrında aktyor kimi fəaliyyətə başlayıb və 1992-ci ilə qədər burada fəaliyyətini davam etdirib. 1989-cu il martın 27-də teatrın premyerası olan Yusif Səmədoğlunun "Qətl günü" əsərinin tamaşasında rol alıb.

1992–1993-cü illərdə ANS telekanalı ilə əməkdaşlıq edən Hüseynli müxtəlif əyləncəli proqramların və qısametrajlı televiziya filmlərinin hazırlanmasında aktyor və ssenarist kimi iştirak edib. Məşhur "Tramvay", "Tramvay 2", "Çarli Çaplin", "8 mart" və s. qısametrajlı komediya filmlərində baş rolların ifaçısı və ssenari müəlliflərindən olub.

1993–1994-cü illərdə xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Pantomim Teatr-Studiyasının əsasını qoyan ilk aktyor heyətinin üzvlərindən biri olub. Hüseynlinin sənət müəllimlərindən biri olan Bəxtiyar Xanızadə ilə yaradıcı əməkdaşlığı universitet illərindən başlayıb.

1996-cı ildə A. P. Çexovun hekayəsinin motivləri əsasında çəkilən "Kiçik leytenant" bədii filmində baş rolu canlandırıb və filmin ssenari müəllifi kimi çıxış edib.

1997–1999-cu illərdə Space telekanalı ilə əməkdaşlıq edən Səyavuş Hüseynli müxtəlif əyləncəli proqramların və reklam çarxlarının hazırlanmasında rejissor, müəllif və aparıcı kimi fəaliyyət göstərib.

1998-ci il noyabrın 3-də Oqtay Əliyev və Yaşar Məmmədovla birlikdə "SOY production" şirkətinin təsis ediblər. Səyavuş həmin şirkətin bədii rəhbəri vəzifəsini icra edib. Şirkətin ilk layihəsi olan "Həftə Çal-çağırı" əyləncəli-informasiya proqramının müəllifi və aparıcısı olub. Daha sonra bu layihə "Çal-çağır" adı ilə ATV kanalında yayımlanıb. Şirkətin bədii rəhbəri kimi Səyavuş Hüseynli Oqtay Əliyev ilə birlikdə 2023-cü ilə qədər 70-dən çox irimiqyaslı televiziya layihəsinə, realiti-şouya, telemüsabiqə və əyləncəli proqramlara imza atıb.

2001-ci ildən bu günədək 2001-ci il 12–14 oktyabr tarixlərində Azərbaycan Professional Kinorejissorlar Gildiyası tərəfindən keçirilən I Beynəlxalq Audiovizual Festivalında Hüseynli "Ən yaxşı rejissor" mükafatına layiq görülüb. O, həmçinin həmin festivalda "Bahar" animasiya reklamına görə "Ən yaxşı kompüter qrafikası" nominasiyasında mükafat qazanıb.

Müxtəlif dövrlərdə televiziya və media sahəsində fəaliyyətini davam etdirən Hüseynli MTV Azərbaycan Azərbaycan kanalında bədii rəhbər vəzifəsində çalışıb.

Səyavuş Hüseynlinin təsisçisi olduğu "SOY production" 2000-ci illərdə "Yeni Ulduz" və "Xalq Ulduzu" layihələrini həyata keçirib və bu layihələr 200-dən çox gənc ifaçıya səhnə təcrübəsi qazandırıb.

2007–2011-ci illərdə "BİZ+" jurnalının baş redaktoru vəzifəsini icra edib.

2012–2014-cü illərdə Səyavuş Hüseynlinin rejissorluğu ilə "3 bacı" teleserialı çəkilib.

Sonrakı illərdə Real TV-də yayımlanan "Real Vətən" layihəsinin rejissoru və aparıcısı kimi fəaliyyət göstərib. 2019-cu ildə əsası qoyulan layihə çərçivəsində Azərbaycanın 52 rayonuna həsr olunmuş sənədli filmlər hazırlanıb. Layihə 2022-ci ildə "Uğur zirvəsi-2022" mükafatına layiq görülüb. Növbəti mövsümlərdə bu layihə "Real Vətən Qarabağ" və "Real Vətən — Tanımadığımız Azərbaycan" adı ilə yayımlanıb.

Səyavuş Hüseynli AzTV-də yayımlanan "Düşən Pullar" layihəsinin baş prodüseri olub.

2026-cı ildə natiqlik üzrə təlimlər təşkil edən "StageLab" platformasını yaradıb.

Təltif və mükafatları "Ən yaxşı rejissor" — I Beynəlxalq Audiovizual Festivalı (2001) "Ən yaxşı kompüter qrafikası" — I Beynəlxalq Audiovizual Festivalı (2001) — "Bahar" animasiya reklamına görə "Uğur zirvəsi-2022" — "Real Vətən" layihəsinə görə "Humay" "Qrand" "Qızıl Pəri"

Filmoqrafiya Kiçik leytenant (film, 1996) — ssenari müəllifi və baş rolun ifaçısı Qırmızı xətt (film, 2001) — rejissor Sirr (teleserial, 2012) — kreativ prodüser 3 bacı (teleserial, 2012) — rejissor 3 bacı. Film haqqında film (film, 2014) — quruluşçu rejissor Bakı binaları (sənədli televiziya filmi, 2001) — Rejissor Neft daşları (sənədli televiziya filmi, 2001) — Rejissor Təhlükəli nikah (sənədli televiziya filmi, 2001) — Rejissor Təriqət toru (sənədli televiziya filmi, 2001) — Rejissor Narkomaniya (sənədli televiziya filmi, 2001) — Rejissor Kəhrizlər (sənədli televiziya filmi, 2000) — Rejissor Miras (komediya serialı, 2014–2015 ATV) — Rejissor və ideya müəllifi

Televiziya fəaliyyəti Quruluşçu rejissor, ideya müəllifi və rəhbəri olduğu televiziya layihələri: "Həftə Çal-çağırı" — Space 1998 "İşdən sonra" — Space 1999 "Həftə Çal-Çağırı" — ANS 2000 "Qırmızı xətt" — ABA 2001 "Zarafatyana" — ANS 2001 "Çal-Çağır" — ATV 2001 "Çal-Çağır şou" — ATV 2005 "Yeni ulduz" — ATV 2004 "Xalq ulduzu" — ATV 2008 "Burda və indi" — ATV 2008 "Zəhmətkeş ulduzlar" — Space 2010 "Kim Kimdir?" — ATV 2012 "Gülmək qadağandır" — ATV 2013 "Qorxma, mən səninləyəm!" ATV 2014 "Yalan-Doğru" — Space 2013 "Söz oyunu" — ATV 2015 "Cehiz" — ATV 2015 "Şou +" — Space 2014 "Səs verməyin! " — ATV 2014 "Tamamla" — ATV 2016 "Belə yaxşıdır" — ATV 2015 "Zarafat-Zarafat" — ATV 2016 "5 Gəlin" — ATV 2016 "Hüseynova bacıları" — ARB 2018 "Axşamın oyunu" — ATV 2018 "Ən yaxşısı…" — ATV 2018 "Real Vətən" — Real TV 2019

İstinadlar

Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Jurnal redaktorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycanın televiziya aparıcıları