Emin Hacıyev (; ) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı.

Həyatı Hacıyev Emin Məcid oğlu 1982-ci ildə Sumqayıt şəhərində anadan olub.

Emin Hacıyev 1998-ci ildə Sumqayıt şəhər 5 saylı və 22 saylı orta məktəbləri bitirmiş, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2008-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində "Azərbaycanda ipoteka mənzil kreditləşməsinin formalaşması və inkişafı" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru dərəcəsini qazanmışdır. Daha sonra 2013–2015-ci illərdə Rusiya Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasında magistr təhsili almışdır.

Ailəlidir, 3 övladı var.

İctimai-siyasi fəaliyyəti 2006-cı ildə İqtisadi İnkişaf Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2007-ci ildən Sankt-Peterburq şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşı, 2009–2020-ci illərdə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü və məsul katibi vəzifəsində çalışmışdır. Azərbaycandakı və Rusiyadakı fəaliyyəti dövründə bir-birindən əhəmiyyətli layihə və tədbirlərin təşkil olunmasının təşəbbüskarı və icraçısı kimi çıxış edib, eləcə də Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli addımlar atmışdır. 9 fevral 2020-ci ildə keçirilən parlament seçkilərində 43 saylı Sumqayıt 3-cü seçki dairəsindən namizədliyini irəli sürmüş və 63,5% səs toplayaraq Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı seçilmişdir.

Təltif və mükafatları 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xalqlar arasındakı dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

İstinadlar

Xarici keçidlər Emin Hacıyev: Biz Sankt-Peterburqdakı SZKEO nəşriyyatının Azərbaycandan üzr istəməsini tələb edirik

Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları