Osetin-inquş münaqişəsi — 31 oktyabr — 4 noyabr 1992-ci il tarixlərində silahlı toqquşmalara səbəb olan Şimali Osetiyanın (Rusiya Federasiyası) Priqorodnı rayonu ərazisində osetin və inquş xalqlarının çox sayda qurbanlarına səbəb olan etno-siyasi qarşıdurma.

Münaqişənin dərin siyasi və etnik kökləri vardır. Hər iki xalq həm osetinlər, həm də inquşlar bir — birlərini bu ərazilərə gəlmə hesab edir və Vladiqafqaz şəhərini və ətrafını öz doğma torpaqları sayırdılar. Çar Rusiyası tərəfindən bölgənin işğalına qədər hər iki xalq mehriban qonşuluq şəraitində yaşamışdır. Çar höküməti bölgəni ələ keçirdikdən sonra inquşlarla müqayisədə xristian dininə malik olan osetinlərə daha geniş hüquqlar tanımışdı. Nəticədə inquşlar malik olduqları torpaqların bir hissəsindən məhrum oldular. 1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra vətəndaş müharibəsi zamanı onların tərəfini saxlayan inquşlara əvvəllər malik olduqları ərazilərin bir hissəsi geri qaytarıldı. Vladiqafqaz hər iki xalqın vahid şəhəri tanınmış və Şimali Osetiya və İnquş Muxtar Vilayətlərinin bütün inzibati orqanları burada yerləşdirilmişdi. Lakin 1928-ci il oktyabrın 13-də Vladiqafqaz şəhərinin Şimali Osetiya Muxtar Vilayətinin tərkibinə verilməsi qərarı inquşların narazılığına səbəb olmuşdur. 1944-cü ildə inquşların deportassiyasından sonra İnquş Muxtar Vilayətlərinin əraziləri bölüşdürülmüş və onun torpaqlarının bir hissəsi Şimali Osetiyaya çatmışdır.

1956-cı ildə inquşların öz doğma evlərinə dönməsi ilə vəziyyət yenidən gərginləşmişdir. Hər iki xalq arasında bu illər ərzində bir neçə dəfə qarşıdurma yaşanmasına baxmayaraq, 1992-ci ilin payızına qədər geniş silahlı münaqişə baş verməmişdir. Rusiya hərbi hissələrinin bölgəyə yeridilməsindən sonra tərəflər arasında qanlı qarşıdurma dayandırılmışdır.

Helsinki İnsan Hüquqları Təşkilatının rəyinə görə osetinlər tərəfindən 1992-ci ilin oktyabr və noyabr aylarında bölgədə etnik təmizlənmə siyasəti aparılmışdır. Komitə bu etnik təmizlənmədə 600-dən çox mülki şəxsin öldürüldüyünü və Priqorodnı rayonunda yaşayan 60.000-ə yaxın inquşun sürgün edildiyini açıqlamışdır. Human Rights Watch, Osetiya milisi və respublika mühafizəçilərinin bölgədəki inguş əhalisinə qarşı vəhşiliklərindən çox sayda video və foto materiallar toplamışdır.

Tarixi

1944-cü ildən əvvəl Müasir Şimali Osetiya və İnquşetiyanın düzənliklərində və dağətəyi ərazilərindəki inquş və osetiya yaşayış məntəqələri XVII əsrin sonlarından bəri məlumdur. Tarixi və etnoqrafik materiallar göstərir ki, osetinlər və inquşlar indiki Priqorodnı rayonu və Vladiqafqaz şəhər dairəsi daxilində qarışıq yaşayıblar. 1770-ci illərin məlumatına görə ən şərqi Osetiya yaşayış məskənləri Terekin sol sahilində Dəryal keçidində yerləşən Lars, Çmi və Balta idi. Hal-hazırda onlar Priqorodnı rayonunun şərq hissəsinin sərhədlərində yerləşən Vladiqafqaz şəhər dairəsinə daxildir.

Vaynax (inquş) etnik elementinin qərb sərhədlərinə gəldikdə isə, bu zonada vaynaxların şərqə hərəkəti ilə əlaqədar əhəmiyyətli dəyişikliklər baş vermişdir. XVI–XVIII əsrin rus mənbələrindən aydın olur ki, o dövrdə vaynax əhalisi Terekin sol sahilində Lars bölgəsində yaşamış, sonra isə burada onları osetinlər əvəz etmişdilər. XIX əsrin əvvəllərində buraya gələn alman şərqşünası və səyahı Yulius Klaprotun sözlərinə görə, "Slonate osetinləri Lars, Çmi, Baltaş kəndlərində yaşadıqlarına və torpaqdan istifadə etdiklərinə görə inquşlara hələ qədimdən vergi ödəyirdilər". Osetin mənbələri də vaynaxların bir zamanlar müasir yaşayış yerlərindən qərbdə yaşadıqlarını təsdiq edirlər. Belə ki, sovet sənətşünası L.P.Semenov tərəfindən Koban dərəsində 1927-ci ildə yazılmış əfsanələrdə inquşların Kurtatinsk və Darqavs dərələrində yaşadığı deyilir, lakin kabardalılar və osetinlərin təzyiqi ilə onların Terekin sağ sahilinə, əvvəl Saniban dərəsinə, daha sonra isə Çmi bölgəsinə köç etdiyi deyilirdi. Son iki dərə Priqorodnı rayonunun qərb hissəsində yerləşir.

İnquşetiyanın dağlıq hissəsinə, ya da Osetiyanın dağlıq hissəsinə söykənən düzən ərazilərdə müxtəlif dövrlərdə tədricən qərbə doğru çəkilən kabardalılar yaşayırdılar. Onların yerinə bu ərazilərə inquşlar və osetinlər köçməyə başladılar. XVII əsrdə düzən ərazidə əsası qoyulan ilk inquş kəndi Onquşt (indiki Tarskoye kəndi) olmuşdu. İnquş xalqı adını da bu kənddən götürmüşdür. 1750-1760-cı illərdə Kambileevka və Sunja çaylarının düzən əraziyə çıxışında Şolxi, Axki-Yurt inguş kəndləri salındı. 1770-ci ildə indiki Priqorodnı rayonu (şərq hissəsi) ərazisində Kambileevski kəndi quruldu (, hərfi mənada "İnquşların kəndi", "İnquş məskəni" deməkdir). 1770-1780-ci illərə qədər atıq inquş gözətçi məntəqələri müasir Nazranın yaxınlığında idi. XVIII əsrin sonlarında inquşlar Terekin sol sahilinə, Osetiya dağlarına bitişik düzənliklərə basqınlar edirdilər. İnquş ideoloqları belə hücumlardan birinə 1784-cü ildə indiki Alagir yaxınlığındakı ərazilərə yürüşünə çox vacib əhəmiyyət verərək sübut etməyə çalışırlar ki, XVIII əsrin sonlarında inquş torpaqları Vladiqafqaz qalasına, "ta Alagir divarlarına qədər" uzanırdı.

Rusiyanın Qafqaza gəlməsi ilə, inguşların yaşadığı bir sıra ərazilər Terek kazaklarına verildi. Əvvəllər inquşlara məxsus olan torpaqlarda düzən və dağlıq İnquşetiyanı ayıran kazak kəndlərinin yerləşdiyi düz xətt üzrə bir zolaq yaradıldı. İnquşlar bu vəziyyətlə barışmadılar. Kazaklarla qarşıdurma çar hökumətinin kazakları dəstəkləməsinə baxmayaraq davamlı olaraq davam edirdi. 1917-ci il Oktyabr Sosialist İnqilabı başlayanda Terek kazakları və inquşlar müasir Priqorodnı rayonunun ərazisində, həm də sərhəd ərazilərinin bir hissəsində birlikdə yaşayırdılar. Vətəndaş müharibəsi dövründə osetinlilər Terek kazaklarına mənsub olanlardan əlavə, əsasən neytral mövqe tutdular, kazaklar ağların, inquşlar isə qırmızıların tərəfini tuturdular. Sovet hakimiyyətinin inquşlar tərəfindən dəstəklənməsi qırmızıların kazakların yaşadıqları torpaqları yenidən onlara qaytarmaq barədə verdiyi vədlərdən qaynaqlanırdı.

Zəmin Vətəndaş müharibəsi başa çatdıqdan sonra inquşlar Sovet hökumətindən bu vədi yerinə yetirməyi tələb etdilər. Dağlı Muxtar Sovet Sosialist Respublikasının yaranması ilə əlaqədar inquşlar kazakların məskunlaşdığı ərazilərin xeyli hissəsini geri qaytardılar, Terek kazakları köçürüldülər. 1924-cü ilə qədər Şimali Osetiya və İnquşetiya ərazisi Dağlı ASSR-nin tərkibində idi.

Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1924-cü il tarixli qərarı ilə Dağlı ASSR ləğv edildi və Şimali Osetiya və İnquş Muxtar Vilayətlərinə, eləcə də Sunjenski rayonuna bölündü. Vladiqafqaz şəhəri birbaşa RSFSR Mərkəzi İcra Komitəsinin tabeçiliyində, hər iki bölgənin inzibati mərkəzi olan müstəqil bir idarəetmə mərkəzinə çevrildi. İnquş Muxtar Vilayətinin idarəetmə orqanları şəhərin sağ sahilində, Şimali Osetiya Muxtar Vilayətininki isə sol sahildə yerləşirdi. Hər iki muxtariyyət Şimali Qafqaz bölgəsində inzibati vahidlərə çevrildi.

Hər iki bölgə arasında elə o dövrdə ərazi iddiaları baş qaldırdı. Bunlardan ən başlıcası Kurp meşələri ilə bağlı sərhəd mübahisəsi idi. Həmçinin Redantan rayonunun cənubunda yerləşən bağlar ərazisindəki torpaq sahələri və Kantışevo ilə Dolakovo kəndləri mübahisələrə səbəb olurdu. 1925-ci il fevralın 16-da Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti “Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Balta rayonunun İnquşetiya Muxtar Vilayətinin inzibati ərazisinə daxil edilməklə, buradakı dağlıq aşırımla İnquşetiya və Şimali Osetiya Muxtar Vilayətləri arasında sərhədin çəkilməsi ilə əlaqədar 1925-ci il 12 yanvar tarixli qərarına dəyişiklik etdi. Çmi və Lars rayonları Terek çayı sərhəd olmaqla Şimali Osetiyanın tərkibində qaldı". Bundan əlavə, Batakoe-Kau və Psedax arasındakı ərazinin bir hissəsi İnquşetiyaya verildi. Daha sonra, həmin il 5 iyun tarixində Şimali Qafqaz Regional İcraiyyə Komitəsinin Rəyasət Heyəti, Kurp meşələrinin delimitasiyası ilə bağlı inzibati komissiyanın qərarını təsdiqlədi, hər iki muxtariyyətin rəhbərliyini onun qorumasına cavabdeh təyin etdi..

30-cu illərin əvvəllərində A.Tsutsiyevin sözləri ilə “osetin-inguş münasibətlərinin bütün dinamikasına və Rusiya-Sovet sistemində hər iki xalqın vəziyyətinə böyük təsir göstərən iki hadisə baş verdi". 1928-ci il oktyabrın 13-də A.A.Andreyevin məruzəsinə əsasən Partiyanın Şimali Qafqaz Regional Komitəsinin bürosu Vladiqafqazın Şimali Osetiya Muxtar Vilayətinə verilməsi haqqında qərar qəbul etdi. Bu qərar İnquş Muxtar Vilayətinin Partiya Komitəsinin katibi İ.B.Zyazikov və İcraiyyə Komitəsinin sədri A.İ.Qorçxanov tərəfindən etirazla qarşılandı. İ.B.Zyazikov qeyd edirdi ki:

Regional komitənin qərarı barədə şayiələr sürətlə bütün bölgəyə yayıldı, bu əhali arasında qarışıq reaksiyaya səbəb oldu. Qərar İnquşetiyada böyük narazılıq yaratdı və osetinlərlə inquşlar arasında münasibətlərin kəskinləşməsinə gətirib çıxardı. İnquş ziyalılarının bir hissəsi vilayət rəhbərliyini "şəhər uğrunda mübarizədə biganəlikdə və cinayətkar hərəkətsizlikdə" günahlandırdı. İnquş Muxtar Vilayətinin icraiyyə komitəsinin bürosu Vladikavkazın Şimali Osetiyaya verilməsi ilə bağlı partiyanın Şimali Qafqaz regional komitəsinin qərarından Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin bürosuna şikayət vermək qərarına gəldi. Oktyabrın 18-də partiya təşkilatlarında partiya konfransları və toplantıları keçirildi. İnquş partiya təşkilatının Vladiqafqaz şəhər fəalları, həmçinin Priqorodnı rayonunun və İnquş vilayətinin digər ərazilərinin kommunistləri və kənd fəalları etiraz etdilər. İnquşetiya partiya təşkilatlarının əksəriyyətinin partiyanın Şimali Qafqaz Regional Komitəsinin qərarını qəbul etməməsi səbəbindən, Partiyanın Regional Komitəsinin Bürosu oktyabrın 20-də xüsusi qətnamə qəbul etdi. Qətnaməyə əsasən o, yaranmış mövcud ictimai-siyasi vəziyyətə görə özünü məsuliyyətdən azad edərək, onu tamamilə İnquşetiya Partiya Komitəsinin üzərinə qoyur. İnquşetiya Partiya Komitəsinin fəal işi sayəsində dekabrın 13-də Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin bürosu Vladiqafqazın Şimali Osetiya Muxtar Vilayətinə verilməsini nəzərdən keçirərək, onu gündəlikdən çıxarmaq qərarına gəldi. Bu arada, Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsi bölgə partiyası və bölgə icrayə komitəsinə Çeçen və İnquş Vilayətlərinin birləşməsi məsələsini həll etməyi tapşırdı. Sonuncu qərar yeri gəlmişkən, milli elitanın milli dövlətçiliyin inkişaf yolundakı müxtəlif görüşləri ilə bağlı idi: bəziləri Şimali Qafqazda Dağlı Federasiyanın yaradılmasını və RSFSR-ə daxil olmasının tərəfdarı idi; ikincilər, İnquş Vilayət icra komitəsinin sədri İnaluk Malsaqov Çeçenistan və İnquşetiyanın birləşməsini müdafiə edir; Zyazikovun başçılığı ilə üçüncü tərəf isə İnquş Muxtar Vilayətini qorumaq mövqeyindən çıxış edirdi.

1930-cu illərin əvvəllərində Stalinin şəxsiyyətinə pərəstişi və ölkədə inzibati-idarəetmə sisteminin formalaşmasının güclənməsi fonunda Ümumittifaq Bolşeviklər Kommunist Partiyası Mərkəzi Komitəsi və Şimali Qafqaz Bölgə Partiyası Vladiqafqazın Şimali Osetiyaya verilməsi məsələsini yenidən qaldırdı. 1933-cü ildə RSFSR Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Vladiqafqazı şəhərinin adını dəyişərək Orjonikidze adı ilə Şimali Osetiyaya verdi. Şəhərin Şimali Osetiyanın tərkibinə daxil edilməsi ilə yenidən Çeçen və İnquş Muxtar Vilayətlərinin birləşməsi məsələsi ortaya çıxdı. 1934-cü il yanvarın 15-də Çeçen və İnquş Muxtar Vilayətləri Çeçen-İnquş Muxtar Vilayətinə birləşdirildi, 1937-ci ildə isə o, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasına (ÇİASSR) çevrildi.

Çeçen-İnquş Respublikasının bölüşdürülməsi 250px|thumb|left|Qroznı vilayətinin xəritəsi