Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür.
Adının etimologiyası Afrika adı latın dilində olan "afrikus", yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış "afrigi" tayfasının adından götürülmüşdür.
Ümumi məlumat Avrasiyadan sonra ən böyük və ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir.
Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub. Ucqar nöqtələri: şimalda – Əl-Əbiyyad və ya Ben Sekka burnu, cənubda – İynə burnu, şərqdə – Ras-Xəfun, qərbdə – Almadi. Yeganə materikdir ki, bütün ucqar nöqtələri müxtəlif yarımkürələrdə yerləşir. Materik qədim Qondvananın qalığıdır. Sahil xətləri az parçalanıb. Bir böyük yarımadası (Somali), 1 böyük körfəzi (Qvineya) vardır. Ən böyük adası Madaqaskardır, bundan başqa Seyşel, Əmirlik, Zənzibar, Kanar, Komor, Yaşılburun, Yüksəliş, Müqəddəs Yelena adaları da buraya aiddir.
Materikin şimal hissəsi qədim sivilizasiyanın mərkəzlərindən olduğuna görə əvvəldən öyrənilmişdir. Afrika qitəsi sivilizasiyanın beşiyi hesab edilir. Burada ən qədim insanların qalıqları tapılıb.
thumb|right|250px|Afrika Onun cənub hissəsinin öyrənilməsində İngilis tədqiqatçısı Livinqstonun xüsusi rolu vardır. O, quru ilə Atlantik okeanın sahilindən Hind okeanın sahilinə qədər keçmiş ilk Avropalıdır. Livinqston Konqo və Zambezi çaylarının hövzələrini öyrənmiş, Livinqston və Viktoriya şəlalələrini kəşf etmiş, Tanqanika və Nyasa göllərini tədqiq etmişdir. Rus tədqiqatçısı Yunker ilk dəfə Nil çayının mənsəbindən mənbəyinə qədər gəlmişdir. O, düzgün olaraq göstərmişdir ki, Nilin il boyu bol sulu axmasının səbəbi onun mənbəyinin bol yağıntılı ekvatorial və subekvatorial qurşaqlarda yerləşməsidir. İngilis tədqiqatçısı Park Seneqal və Niger çaylarının hövzələrini, Bart isə Aralıq dənizindən Çad gölünə qədər Böyük Səhranı öyrənmişdir. Rus alimi Vavilov şimali Afrikanın bitki örtüyünü tədqiq etmişdir.
Afrika relyefinə görə hündürlüyü 1000 m-ə qədər olan şimal və qərb, hündürlüyü 1000 m-dən artıq olan cənub və şərq hissələrə ayrılır. Materikin əsas relyef formalarına denudasion düzənliklər (Böyük Səhra, Liviya və Nubiya səhraları, Kalaxari səhrası, Namib səhrası), yaylalar (Tibesti, Ahaqqar, Darfur, Efiopiya, Şərqi Afrika) geniş yayılmışdır. Materikin şimal-qərbində cavan Alp qırışıqlığına aid Atlas dağları, cənubunda isə qədim Əjdaha və Kap dağları yerləşir. Burada fəaliyyətdə olan Kilimancaro, Kenya, Kamerun vulkanları vardır. Afrikanın ən hündür nöqtəsi Kilimancaro zirvəsi (5895 m), ən alçaq nötəsi Afar çökəkliyindəki Assal gölünün səthidir (-154 m). Misir ərazisində okean səviyyəsindən 132 m aşağıda yerləşən Kattara çökəkliyi də var.
Quruda yer qabığının ən uzun çatı olan Şərqi Afrika Sınma Zolağı Qırmızı dəniz sahilindən Zambezi çayının mənsəbinə qədər uzanır. Buna görə də Qırmızı dəniz sahili və bu sınma zolağı seysmik cəhətdən fəal ərazidir. Materikin şimal və qərb hissəsində çökmə süxurlar geniş yayıldığına görə burada neft və təbii qaz ehtiyatları vardır. Ən böyük neft ehtiyatları şimali Afrikada (Misir, Əlcəzair, Liviya) və Qvineya körfəzinin sahilindədir (Qabon, Nigeriya). Cənub və şərq hissədə maqmatik və metamorfik süxurlar geniş yayıldığına görə burada filiz faydalı qazıntılar çoxdur. Dünyanın "mis qurşağı" mərkəzi Afrikada Zair və Zambiya ərazisindədir. Burada zəngin sink, qalay, uran, boksit yataqları da vardır. Cənubi Afrikada almaz, qızıl, daş-kömür ehtiyatları azdır
Tarixi XIX əsrin 70-ci illərinə qədər Avropadan gələn mühacirlər Afrika qitəsinin cənub hissəsində – Kap müstəmləkəsində və qonşu Bur respubilkalarında, Əlcəzairin şimal rayonlarında ən yaxşı torpaqları tutmuşdular. O zaman Afrika ərazisinin 11 faizə qədəri kapitalist dövlətlərinə mənsub idi. Onların silahlı ekspedisiyaları sahilboyu raoynlara arxalanaraq, qitənin içərilərinə soxulur, əhalini talan edir və sağlam kişiləri tutub qul kimi ən çox Latın Amerikasına göndərirdilər. On milyonlarla çox qüvvətli və gənc adamların itirilməsi Afrika xalqlarını gücdən saldı, onların müstəmləkəçilərə qarşı müqavimətini zəiflətdi. XIX əsrin axırıncı 20 ili ərzində müstəmləkəçilər qitə ərazisinin daha 80 faizini işğal edərək, onun bölüşdürülməsini əsasən başa çatdırdılar. Müstəmləkəçilər hər yerdə son dərəcə şiddətli, qızğın müqavimətə rast gəlirdilər. Afrikalıların başlıca qüvvəsini sınanmış döyüşçülər təşkil edirdilər. Yalnız bir para tayfa başçıları avropalılara xidmət göstərməyə başladı. Müqavimətin əsas forması silahlı mübarizə idi. Əhali torpaqları işğal edilməsinə, zorla xristianlaşdırmaya, xarici ticarətçilərə, təzminatların və vergilərin ödənilməsinə, əmək mükəlləfiyyətinə qarşı müqavimət göstərirdilər. XX əsrin əvvəlinədək Afrika ərazisinin 34 faizini işğal etmiş olan Fransız müstəmləkəçilərinə qarşı şiddətli mübarizə aparılırdı. Tunis əhalisi Fransa protektoratının elan edilməsinə qarşı üsyanla cavab verdi. Müstəmləkəçilərin qoşunları üsyançıların pis silahlanmasından və zəif təşkil olunmasından, habelə feodal əyanlarının xəyanətindən istifadə edərək onu yatırdılar. 80-ci illərdə Qərbi Afrika xalqları fransız qoşunlarına qarşı çıxışa başladılar. Bu çıxışlara fransızların "Sudan Bonapartı" adlandırdıqları istedadlı sərkərdə Samori Ture başçılıq edirdi. Samorinin rəhbərliyi altında afrikalılar 18 il silahlı mübarizə apardılar. Fransız qoşunlarının silahlanma cəhətdən üstünlüyü və amansızlığı 1898-ci ildə Samorini təslim olmağa məcbur etdi. Fransa Maqadaskarı özünün protektoratı elan etdikdə bu ölkənin əhalisi qəsbkarlara tabe olmaq istəmədi. Qanlı cəza tədbirlərinə, xalqların bir-birinin üzərinə salışdırılmasına və yerli əyanların pula ələ alınmasına baxmayaraq, 90-cı illərdə müqavimət kütləvi şəkil almışdı. Ayrı-ayrı raoynlarda üsyanlar qalxır, partizan müharibəsi aparılırdı.
Afrika xalqları XX əsrin əvvəlinədək qitə ərazisinin 30 faizindən çoxunu işğal etmiş olan ingilis müstəmləkəçilərinə qarşı da qətiyyətlə müqavimət göstərirdilər. 70-ci illərdə ingilis qoşunları Limpopo çayından cənubda yaşayan zuluların böyük və yaxşı təlim keçmiş qoşunu ilə toqquşdu. Döyüşçülərdən bir hissəsinin odlu silahı var idi, lakin zülular əlbəyaxa vuruşmada xüsusilə güclü idilər. 1879-cu ilin əvvəlindəki ilk böyük döyüşdə zulular ingilislərə qalib gəldilər: onlar qarğıdalı tarlalarında və otluqlarda gizlənərək, yarğanlardan istfadə edərək düşmən düşərgəsinə lap yaxınlaşdılar və döyüş harayı ilə onun üzərinə atıldılar. Müstəmləkəçilərə qarşı vuruşmalarda zulular dəfələrlə müvəffəqiyyət qazandılar, lakin 1879-cu ilin yayındakı həlledici döyüşdə ingilislər hücuma keçən zuluları tüfənglərdən və toplardan qızğın atəş açaraq böyük tələfata uğratdılar və onları əlbəyaxa vuruşma üçün yaxına buraxmadılar. Geri çəkilən zulular ingilis süvarilərinni zərbəsi altına düşdülər və qılıncdan keçirildilər. İngiltərə hökuməti zuluların ərazisini kəsb etdi. 1881-ci ildə Misirdə xaricilərə verilmiş imtiyazlara qarşı "Misir misirlilər üçündür!" şüarı altında üsyan oldu. Bu üsyana Misir ordusunun zabitləri – müstəqil milli siyasət tərəfdardarı rəhbərlik edirdilər. Onların lideri Əhməd Ərəbi idi. Misirlilər ölkəyə soxulan ingilis qoşunlarına qarşı müdafiə təşkil etdilər, lakin qüvvələr olduqca qeyri-bərabər idi. Misir qoşunları məğlubiyyətə uğradı. Bundan sonra Misir əslində İngiltərənin müstəmləkəsinə çevrildi. Ölkəni ingilis konsulu idarə etməyə başladı. Misir üzərində nəzarət qoyduqdan sonra ingilislərin öz qoşunlarını yeritdikləri Şərqi Sudanda bütün xalq işğalçılara qarşı müqəddəs müharibəyə qalxdı. Bu hərəkatın başında özünü Mehdi, yəni "Allahın elçisi" elan edən Məhəmməd-Əhməd durdu. O, müstəqil Mehdiçilər dövləti yaratdı. İşğalçılar ölkəni tərk etdilər. Yalnız 90-cı illərin axırında ingilislər bura yenidən soxulmaq qərarına gəldilər. İngilis qoşunları silah cəhətdən xeyli üstün idi. Xartum yaxınlığındakı həlledici döyüşdə (1898-ci il) köhnə tüfənglərlə və soyuq silahla silahlanmış olan mehdiçilər qoşununu pulemyot atəşi və karteçlə qırdılar. Onların 40 min nəfərindən 11 min nəfəri öldürülmüş və 10 min nəfəri yaralanmışdı. İngilislər 430 nəfər itirmişdilər. Kütləvi mütəşəkkil müqavimət qırıldı, lakin ölkənin cənubunda mübarizə uzun illər sakitləşmədi. Şərqi Sudanda əhalinin çox hissəsi həlak olmuşdu. 1880-ci ildə orada 8 milyon adam yaşayırdı, 1903-cü ildə isə cəmi 1 milyon 870 min nəfər qalmışdı. Rəsmən Şərqi Sudan İngiltərə və Misirin birgə idarəsi altına verildi. Əslində isə orada ingilislər ağalıq edirdilər.
Konqo çayı mənsəbinin sağ sahilində kiçik bir ərazini Fransanın işğal etdiyi dövrdə onun aşağı və orta axını boyu Belçika kralı II Leopoldun yaratdığı "Beynəlxalq Konqo cəmiyyəti" fəaliyyət göstərirdi. Bu təşkilatın birləşdirdiyi müstəmləkəçilər ölkə ərazisinin içərilərinə soxulur, orada əhalini istismar etmək üçün dayaq məntəqələri yaradırdılar. 80-ci illərdə onlar "Azad Konqo dövləti" yaratdılar, burada hakimiyyəti Belçika kralı təmsil edirdi. Konqo hövzəsinin xalqları müstəmləkəçilərin dəstələri və dayaq məntəqələri üzərinə hücumlar edirdilər, çox vaxt ciddi vuruşmalar baş verirdi. Limpopo və Punqve çayları arasında (Mozambik ərazisi) Vatua dövləti uzun müddət Portuqaliya müstəmləkəçilərinə ciddi müqavimət göstərdi. Yalnız XIX əsrin axırında onun qoşunları darmadağın olundu, lakin bundan sonra da Mozambik xalqlarının portuqaliyalılara qarşı silahlı müqaviməti hələ 20 ilə yaxın davam etdi. Anqola tayfaları da portuqaliyalılara qarşı dəfələrlə üsyana qalxdılar, lakin o dövrdəki mübarizədə yalnız Efiopiya qələbə çaldı. 80-ci illərdə Qırmızı dəniz sahilboyu ərazilərinin bir hissəsini zəbt etmiş olan İtaliya bu ölkənin üzərinə hücum etdi. Bütün xalq işğalçılara qarşı mübarizəyə qalxdı. Efiopiya hökuməti İtaliyanın güclənməsini istəməyən Fransadan silah ala bildi. Efiopiya qoşunları italyanları bir sıra məğlubiyyətlərə uğratdılar. Həlledici vuruşma 1896-cı ildə Auda şəhəri yaxınlığında baş verdi. Efiopiya qoşunları imperator II Menelikin rəhbərliyi altında hücuma keçdi və bir-birinin ardınca işğalçıların üç dəstəsini darmadağın etdi. 11 min nəfər, o cümlədən iki general və zabitlərin çox hissəsini itirən italyanlar vahimə içərisində qaçmağa başladılar. İtaliya Efiopiyanın istiqlaliyyətini tanımağa məcbur oldu. Ölkənin istiqlaliyyətinin möhkəmlənməsi onun ticarətinin canlanmasına, yol çəkilişinə imkan yaratdı, lakin hakimiyyət mülkədar torpaq sahibliyinin möhkəmlənməsinə kömək edən imperatorun əlində cəmləşmişdi. Efiopiya hələ də geridə qalmaqda davam edirdi. Ölkənin kapitalist dövlətlərinin nüfuz dairələrinə bölünməsi qorxusu var idi. XIX əsrin axırında Afrika xalqlarının işğalçılara qarşı mübarizəsi Efiopiyadan başqa heç yerdə məqsədinə nail olmadı. Bu onunla izah olunur ki, Afrika öklələri müasir sənayeyə, silahlara və təşkilata malik deyildilər. Həm də lazımi birlik və həmrəylik yox idi. Müstəmləkəçilər xeyli güclü idilər və dövlətlər arasındakı, tayfalar arasındakı, xalq kütlələri ilə əyanlar arasındakı çəkişmələrdən istifadə edirdilər.