Cəfərqulu xan Kəlbəli xan oğlu Naxçıvanski () — Rusiya imperiyası ordusunun süvari zabiti, Naxçıvan şəhər başçısı və ictimai-siyasi xadim.
1897–1904-cü illərdə Naxçıvan şəhər başçısı olmuş, 1918–1920-ci illərdə Naxçıvan bölgəsinin yerli idarəetmə və siyasi qurumlarının fəaliyyətində iştirak etmişdir.
Kəlbəli xan Naxçıvanskinin oğlu, Ehsan xan Kəngərlinin nəvəsi, Hüseyn xan Naxçıvanski və Rəhim xan Naxçıvanskinin qardaşı, Cəmşid Naxçıvanskinin atası idi.
Həyatı
İlk illəri və hərbi xidməti Cəfərqulu xan Naxçıvanskinin doğum tarixi barədə mənbələrdə fərqli məlumatlar mövcuddur. Fərhad Nağdəliyev onun 5 fevral 1859-cu ildə doğulduğunu göstərir. Gülşən Hüseynova isə 17 fevral 1860-cı ili qeyd edir.
Nağdəliyevin məlumatına görə, Cəfərqulu xan 1867-ci ilin iyulunda imperator sarayının pajları sırasına daxil edilmiş, 1871-ci ilin iyununda Paj korpusuna qəbul olunmuşdur. 1874-cü ilin avqustunda korpusun kiçik xüsusi sinfinə keçirilmişdir. Təhsilini başa vurduqdan sonra 10 iyul 1877-ci ildə kornet rütbəsi ilə Əlahəzrət İmperatriçanın Ulan Leyb-Qvardiya alayına təyin edilmişdir.
1878-ci ilin aprelində öz xahişi ilə Qafqaza, 16-cı Tver draqun alayına keçirilmişdir. 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsi zamanı Ərzurumdakı rus hərbi dəstəsinin tərkibində xidmət etmişdir. 1879-cu ildə birinci Ahaltəkə yürüşündə 15-ci Pereyaslavl draqun alayının, 1880–1881-ci illərdə ikinci Ahaltəkə yürüşündə isə Tver draqun alayının divizionu tərkibində iştirak etmişdir. 24 mart 1881-ci ildə ştabs-kapitan rütbəsinə yüksəldilmiş və süvari hissələri üçün müvafiq rütbə olan ştabs-rotmistr adlandırılmışdır. 1885-ci ildə öz xahişi ilə həqiqi hərbi xidmətdən çıxmış, istefa zamanı rotmistr rütbəsi almışdır.
Mülkləri Atası Kəlbəli xanın 1883-cü ildə vəfatından sonra Cəfərqulu xan Nurs, Sirab və Nehrəm kəndlərində, eləcə də Xok və Təzəkənd kəndlərinin bir hissəsində mülkədarlıq hüquqları əldə etmişdir. 1894-cü ilə aid məlumatlarda onun Naxçıvan şəhərində meyvə və üzüm bağına, hamama, dükanları olan karvansaraya və evə, Qaraçuq və Qızıl Təpə ərazilərində isə əkin sahələrinə sahib olduğu göstərilir. 1897-ci il məlumatına görə, qardaşları ilə birlikdə Tos və İydəli kəndlərinin bir hissəsinə, həmçinin İrəvan qəzasının Şelli-Mehmandar kəndində paya malik idi.
thumb|left|170px|Cəfərqulu xan Naxçıvanskiyə aid ov əlcəyi. Azərbaycan Milli Tarix Muzeyi.
Naxçıvan şəhər başçısı və ictimai fəaliyyəti Hərbi xidmətdən ayrıldıqdan sonra Naxçıvana qayıdan Cəfərqulu xan şəhərin ictimai idarəçiliyində iştirak etmişdir. Naxçıvan Dövlət Arxivində saxlanılan sənədlər əsasında aparılmış tədqiqata görə, o, 1897–1900-cü illərdə Naxçıvan şəhər başçısı olmuş, 1901-ci ildən ikinci müddətə həmin vəzifəyə təyin edilmişdir. İrəvan qubernatorunun 24 may 1902-ci il tarixli sənədində onun ikinci dəfə dörd il müddətinə Naxçıvan şəhər başçısı vəzifəsinə təyin edildiyi göstərilir.
Şəhər başçısı olduğu illərdə Cəfərqulu xan şəhər idarəsinin Müvəkkillər Məclisinin fəaliyyətinə rəhbərlik etmişdir. Arxiv sənədlərinə əsaslanan araşdırmalarda onun Naxçıvanda fəaliyyət göstərən "Tərbiyə", sonralar rus-tatar məktəbinin fəxri nəzarətçilərindən biri olduğu da qeyd edilir.
Musa Quliyevin dərc etdiyi arxiv məlumatlarına görə, Cəfərqulu xan 1910–1916-cı illərdə həbsxanaya himayəçiliklə bağlı vəzifə daşımış, 1914–1916-cı illərdə isə barışdırıcı şəhər məhkəməsinin fəxri sədri olmuşdur. Nağdəliyev və "Qafqaz təqvimi" məlumatlarında onun 1912–1917-ci illərdə İrəvan dairə məhkəməsinin fəxri barışıq hakimi olduğu göstərilir.Кавказский календарь — 1913–1917-ci illər buraxılışları.
1918–1920-ci illərdə fəaliyyəti 1918-ci ildə Cəfərqulu xan Naxçıvan Milli Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir. İsmayıl Hacıyevin tərtib etdiyi sənədlər toplusunda onun 1918-ci ilin yazında Makuya getdiyi və Osmanlı hərbi komandanlığı ilə Naxçıvana hərbi dəstələrin göndərilməsi məsələsini müzakirə etdiyi göstərilir.
Osmanlı idarəçiliyi dövründə Naxçıvanda şəhər idarəsi yenidən təşkil edilərkən Cəfərqulu xan bələdiyyə idarəsinin rəhbəri təyin edilmişdir. 1919-cu ilin yanvarına aid yerli gündəlikdə o, "hökuməti-məhəlliyyə rəisi" kimi qeyd olunur.
Araz-Türk Cümhuriyyətinin hökumətinə Əmir bəy Nərimanbəyov rəhbərlik etmişdir; Cəfərqulu xan isə respublikanın fəaliyyətində və Naxçıvandakı yerli idarəetmədə təsirli şəxslərdən biri olmuşdur. Cümhuriyyətin süqutundan sonra bölgədə formalaşmış yerli idarəetmə strukturunda Cəfərqulu xan, Kəlbəli xan Naxçıvanski və Kərim xan İrəvanski əsas rəhbər şəxslər sırasında göstərilir.
26 fevral 1919-cu ildə Cəfərqulu xan Naxçıvan Milli Şurasının digər üzvləri ilə birlikdə Naxçıvan–Şərur dairəsindəki ingilis general-qubernatoruna məktub göndərmişdir. Məktubda bölgənin yerli əhalinin razılığı olmadan Ermənistan Demokratik Respublikasının idarəsinə verilməsinə etiraz edilmiş və Naxçıvanın Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün şərait yaradılması istənilmişdir.
Həbs edilməsi və sonrakı taleyi Naxçıvanda sovet hakimiyyətinin qurulmasından sonra Naxçıvan İnqilab Komitəsinin 28 avqust 1920-ci il tarixli qərarı ilə Cəfərqulu xan, qardaşı Rəhim xan, Rəhim xanın oğlu İsgəndər xan və İbrahim paşa Kəngərli Naxçıvandan çıxarılaraq Bakıya göndərilməli şəxslər sırasına daxil edilmişdir. Cəfərqulu xan avqustun 29–30-da və sentyabrın 10-da İnqilab Komitəsinə müraciətlər etmiş, ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bildirmişdir.
Sonradan Cəfərqulu xan və Rəhim xan silahlı müşayiət altında Şuşaya aparılmışlar. Onların sonrakı taleyi barədə mənbələr ziddiyyətlidir. Bəzi bioqrafik göstəricilərdə Cəfərqulu xanın 1929-cu ildə vəfat etdiyi qeyd edilir. Musa Quliyev isə Gürcüstanın təhlükəsizlik orqanlarının arxivində 1930-cu ilə aid bir sənəddə Cəfərqulu xanın İranın Maku şəhərində yaşadığının göstərildiyini yazır. Quliyev Əli Səbrinin xatirələrinə əsaslanaraq Cəfərqulu xanla Rəhim xanın 1922-ci ildə Bakıdan İrana getdiyini də qeyd edir. Buna görə onun dəqiq vəfat tarixi və yeri məlum deyil.
Ailəsi Cəfərqulu xanın atası Rusiya imperiyası ordusunun general-mayoru Kəlbəli xan Naxçıvanski, babası Naxçıvan xanlığının sonuncu xanlarından Ehsan xan Kəngərli idi. Onun qardaşları arasında süvari generalı Hüseyn xan Naxçıvanski və hərbçi Rəhim xan Naxçıvanski vardı.
Cəfərqulu xanın övladlarının sayı barədə mənbələrdə fərqli məlumatlar verilir. Gülşən Hüseynova Kəlbəli, Ehsan, Davud və Cəmşid adlı dörd oğlunu qeyd edir. Musa Quliyevin dərc etdiyi məlumatlarda isə Teymur adlı oğlunun və Nazlıbəyim adlı qızının da adı çəkilir. Oğullarından Cəmşid Naxçıvanski sonralar Azərbaycan hərbi xadimi və briqada komandiri olmuşdur.
Təltifləri Fərhad Nağdəliyevin araşdırmasına görə, Cəfərqulu xan Rusiya imperiyası ordusunda xidməti dövründə aşağıdakı ordenlərlə təltif edilmişdir:
III dərəcəli "Müqəddəs Stanislav" ordeni, qılınc və bantla — 1880; IV dərəcəli "Müqəddəs Vladimir" ordeni, qılınc və bantla — 1881; III dərəcəli "Müqəddəs Anna" ordeni, qılınc və bantla — 1882; II dərəcəli "Müqəddəs Stanislav" ordeni — 1882; 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsinin xatirə medalı — tünd bürünc; Göytəpə qalasının hücumla alınmasına görə medal — gümüş.
İstinadlar
Əlavə ədəbiyyat Nağdəliyev, Fərhad. Ханы Нахичеванские в Российской Империи. Moskva: Новый Аргумент, 2006. 432 s. ISBN 5-903224-01-6. Hüseynova, Gülşən İsrafil qızı. General Hüseyn xan Naxçıvanskinin hərbi və ictimai fəaliyyəti. Bakı: AMEA A. A. Bakıxanov adına Tarix İnstitutu, 2017. Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan. Tərtibçi və elmi redaktor: İsmayıl Hacıyev. Naxçıvan: Əcəmi NPB, 2010. 384 s. Atnur, İbrahim Ethem. Osmanlı Yönetiminden Sovyet Yönetimine Kadar Nahçıvan, 1918–1921. Ankara: Türk Tarih Kurumu, 2001. ISBN 975-16-1452-X. Hacıyev, Adil. Qars və Araz-Türk respublikalarının tarixindən. Bakı: Azərnəşr, 1994.
Kateqoriya:5 fevralda doğulanlar Kateqoriya:1859-cu ildə doğulanlar Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:Vəfat tarixi bilinməyənlər Kateqoriya:Naxçıvanskilər Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycan zabitləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:III dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri