IACA () — hökumət üzvləri və digər vəzifəli şəxslərə antikorrupsiya tədbirləri ilə bağlı təlim keçən, qərargahı Avstriyanın Laksenburq şəhərində yerləşən beynəlxalq hökumətlərarası təşkilat. Təşkilata üzvlük BMT-yə üzv olan dövlətlər və beynəlxalq hökumətlərarası təşkilatlar üçün açıqdır. Təşkilata üzvlük haqqının ödənilməsi məcburi deyil.

Tarixi Zəmin Antikorrupsiya təhsilinə yönəlmiş beynəlxalq təşkilatın yaradılması prosesi 2005-ci ilə təsadüf edir. Belə ki, İnterpolun işçi qrupu həmin dövrdə bu təşəbbüslə bağlı müzakirələrə başlayır. İnterpolun 2006-cı ilin sentyabrında keçirilən 75-ci iclasında üzv dövlətlər yekdilliklə "dünya üzrə dövlət xidmətləri sektorunda korrupsiya problemi ilə mübarizə aparmaq məqsədi güdən" akademiyanın qurulmasının lehinə səs verirlər. İclasın ardınca, 9 oktyabr 2006-cı ildə Avstriyanın Daxili İşlər naziri Liza Prokop, İnterpolun baş katibi Ronald Noubl və Daxili İşlər İdarəsinin direktoru Martin Krutner Avstriyanın paytaxtı Vyanada IACA-nı yaratmaq istədiklərini rəsmi şəkildə bəyan etdilər.

2007-ci ilin iyulunda Noubl və Avstriyanın Daxili İşlər naziri Günter Platter Vyanada görüşərkən IACA-nın Laksenburqda yaradılması ilə əlaqədar saziş imzaladılar. Saziş 2007-ci ilin noyabrında İnterpolun 76-cı iclasında təsdiq edildi. 2008-ci ilin oktyabrında Noubl və BMT‐nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) icraçı direktoru Antonio Mariya Kosta 2005-ci ilin dekabrında qüvvəyə minmiş Korrupsiya əleyhinə BMT Konvensiyasının "daha effektiv icrasını təmin etməkdə" IACA-ya kömək etmək məqsədilə əməkdaşlıq sazişi imzaladılar.

Yaranması Akademiya 2 sentyabr 2010-cu ildə BMT‐nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi, İnterpol, Avropa Dələduzluğa qarşı Mübarizə Ofisi (OLAF) və Avstriya Respublikasının birgə təşəbbüsü ilə yaradılmışdır. 8 mart 2011-ci ildə IACA beynəlxalq təşkilat statusu əldə etdi və BMT-də qeydiyyatdan keçdi.

2019-cu ilin oktyabrında Myanmanın IACA-ya qoşulması ilə 4-ü beynəlxalq hökumətlərarası təşkilat, 75-i isə dövlət olmaqla təşkilatın üzvlərinin sayı 79-a çatmışdır.

Fəaliyyəti Təhsil proqramı IACA Avstriyanın Təhsil, Elm və Tədqiqat Nazirliyi tərəfindən aspirantura təhsil müəssisəsi kimi tanınmışdır. Sonradan Bolonya prosesi çərçivəsində aspirantura təhsili təklif etmək səlahiyyəti verilmişdir. İlk magistratura proqramına 2013-cü ilin fevralında başlamış və o zamanlar tədris iki il ərzində 12 günlük yeddi blok şəklində keçirilmişdir.

IACA iki magistratura proqramı təklif edir. ATƏT və Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi IACA-nın magistratura proqramlarına vahid yanaşma tətbiq etdiyini hesab edir. El Mundo buradakı araşdırmaların fənlərarası və praktiki aparıldığını qeyd edir. 2018-ci ildə IACA-dan təxminən 1,600 nəfər məzun olmuşdur.

Maliyyə Avstriyanın xəbər qəzeti News-un məlumatına görə, 2014-cü il maliyyə ili üzrə IACA-nın büdcəsi 12.98 milyon avro, 2015-ci il maliyyə ili üzrə isə 13.24 milyon avro təşkil edib; halbuki 2013-cü il üzrə real gəliri 2.3 milyon avro və xərcləri 2.1 milyon avro civarında olmuşdur. IACA News-a bildirmişdir ki, rəqəmlərin yüksəlməsi onların maliyyənin artmasına yönələn hədəflərinin nəticəsidir. 2015-ci ilin sonu 2016-cı ilin əvvəlində IACA kadr dəyişikliyinə məruz qaldı.

IACA-nın üzv dövlətlərin iştirakı ilə 2018-ci ilin sentyabrında keçirilən 7-ci iclasında IACA-nın İdarəetmə Şurasının sədri Eduardo Vetere xarici audit hesabatlarına istinadən IACA-nın müflisləşmə təhlükəsi ilə üzləşə biləcəyini qeyd etmişdi. 2018-ci ilin dekabrında gəlir mənbələrinin yenidən qurulması və digər dövlətlərin üzvlüyə cəlb edilməsi məqsədilə işçi qrup yaradıldı. Elə həmin vaxt Avstriya hökuməti təşkilata 544,000 avro maliyyə ayırdı.

Rəhbərlik IACA-ya təşkilatın həm də icraçı katibi vəzifəsini icra edən sədr rəhbərlik edir. 2011-ci ilin martından, yəni təşkilatın qurulduğu vaxtdan 2019-cu il yanvar ayının sonunadək Martin Krutner IACA-nın ilk sədri kimi fəaliyyət göstərib. Daha sonra boş qalan vəzifə üzrə səlahiyyətləri təşkilati heyət rəhbəri və ümumi xidmətlər bölməsinin sədri Kristian Pohn-Hufnagel icra etmişdir. 2 mart 2020-ci ildə Tomas Stelzer IACA-nın yeni sədri və icraçı katibi vəzifəsini icra etməyə başladı. Onun ilkin səlahiyyət müddəti dörd il olsa da, uzadıla bilər.

Həmçinin bax Korrupsiyaya qarşı Mübarizə aparan Dövlətlər Qrupu Beynəlxalq antikorrupsiya günü Korrupsiya əleyhinə BMT Konvensiyası Transparency International

İstinadlar

Kateqoriya:Beynəlxalq hökumətlərarası təşkilatlar