Anar Qabil oğlu Kərimov () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının mədəniyyət naziri (2021–2022), Azərbaycanın UNESCO yanında sabiq daimi nümayəndəsi (2014–2020).

Həyatı Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olmuşdur. 1998-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsini, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini almışdır. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak etmişdir.

Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var.

Fəaliyyəti Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə isə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləmişdir.

23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilmiş və o, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilmişdir. 9 iyul 2019-cu ildə ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.

20 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin olunmuş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin olunmuş və 22 dekabr 2022-ci tarixli Sərəncamı ilə bu vəzifədən azad edilmişdir.

Anar Kərimov 2023-cü ilin may ayından İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ISESCO) Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun müdiri vəzifəsində çalışır.

Mükafatları 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 1 avqust 2019

İstinadlar

Kateqoriya:Azərbaycanın mədəniyyət nazirləri Kateqoriya:Azərbaycan Respublikasının mədəniyyət nazirlərinin müavinləri Kateqoriya:Azərbaycan diplomatları