Vladimir Mixalevski (; doğ. 29 noyabr 1959, Bakı, Azərbaycan SSR, SSRİ) — müdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu. SSRİ idman ustası, Rusiyanın əməkdar məşqçisi.

Karyerası Klub karyerası Vladimir Mixalevski peşəkar karyerasına 1977-ci ildə Odessanın "OİK" komandasına başlayıb. Bu komandanın heyətində SSRİ ikinci liqasında 4 oyun keçirib.

1977-ci ildə "Neftçi" komandasına keçib. Bakı təmsilçisinin heyətində ilk görüşünü, 10 aprel 1977-ci ildə SSRİ Kubokunun 1/16 final mərhələsi çərçivəsində Minskin "Dinamo" komandasına qarşı keçirib. O, görüşün 63-cü dəqiqəsində Maşalla Əhmədovun əvəzinə meydançaya daxil olub. "Neftçi"nin heyətində ilk qolunu 2 may 1980-ci ildə Daşkəndin "Paxtakor" komandasının qapısından keçirib. Mixalevski 1977-1985-ci illərdə formasını geyindiyi "Neftçi" komandasının heyətində ümumilikdə çempionat və Kubok oyunlarında 208 oyun keçirib, 4 qol vurub.

1986-cı ildə SSRİ ikinci liqasında mübarizə aparan Bakının "Gənclik" komandasına keçib. Bu komandanın heyətində 26 oyun keçirib və 1 qol vurub.

Milli karyerası 1979-cu ildə SSRİ yığma komandasının heyətində Yaponiyada keçirilmiş 21 yaşlı futbolçular arasında dünya çempionatının gümüş mükafatçısı olmuşdur. O, turnirin final mərhələsində 5 oyun keçirib və 1 qol vurub.

Futboldan sonra Mixalevski futbolçu karyerasını bitirdikdən sonra bir müddət əvvəlcə Bakıda, daha sonra isə Moskvada bizneslə məşğul olub.

2000-ci illərdə "Dinamo" ümumrusiya bədən tərbiyəsi-idman cəmiyyətinin Moskva şəhər təşkilatı sədrinin birinci müavini işləyib. 2008-ci ildə topla hokkey üzrə Rusiya yığmasının baş meneceri kimi çalışıb. 2011-ci ildə Vladiqafqazın "Alaniya" futbol komandasının vitse-prezidenti təyin olunub.

Mixalevski topla hokkey üzrə Beynəlxalq Federasiyanın vitse-prezidenti olub, həmçinin Rusiya topla hokkey federasiyasının icraiyyə komitəsinə daxil olub.

Təhsili Mixalevski 1980-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1989-cu ildə isə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu bitirib.

Mükafatları 1979-cu ildə 21 yaşlı futbolçular arasında dünya çempionatının gümüş mükafatçısı olduqdan sonra SSRİ idman ustası adını qazanıb.

Rusiyanın əməkdar məşqçisidir.

19 noyabr 2007-ci ildə Rusiyanın II dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordeni medalı ilə təltif edilib.

"Dinamo"da işlədiyi dövrdə "Fəxri dinamoçu" nişanına və "Dinamo hərəkatına verdiyi xüsusi töhfələrə və yüksək idman nailiyyətlərinə görə" fəxri qızıl medalına layiq görülüb.

İstinadlar

Xarici keçidlər Vladimir Mixalevski Transfermarkt.com saytında Vladimir Mixalevski Footballfacts.ru saytında

Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan İdman Akademiyasının məzunları Kateqoriya:Rusiya əməkdar məşqçiləri