Mara Salvatrucha (, jarqon dilində "salvadorlu küçə qarışqalarından ibarət briqada" mənasını verir, qısaca MS-13) — beynəlxalq cinayətkar qruplaşması. Başda ABŞ, Meksika, El Salvador, Honduras və Qvatemala olmaqla Orta və Şimali Amerikanın bir çox ölkələrində aktiv olan şiddətli və sürətlə böyüyən küçə dəstələrindən biridir. Müxtəlif hesablamalara görə, cinayət sindikatının sayı assosiativ üzvlər də daxil olmaqla 50–300 min nəfər arasında dəyişir. Bu rəqəm təkcə ABŞ-də 40 min nəfər təşkil edir. Federal Təhqiqatlar Bürosu da daxil olmaqla, bir çox hüquq-mühafizə orqanlarının hesablamalarına görə Mara Salvatruça üzvlərinin sayı təxminən 50–80 min nəfərdir və bunlardan təxminən 10–15 mini ABŞ-də fəaliyyət göstərir. Bandanın etnik tərkibində salvadorlular, honduraslılar, qvatamelalılar, meksikanlar və ispanlar çoxluq təşkil edir. Mara Salvatruça, müəyyən bir şəhər ərazisi hüdudlarında fəaliyyət göstərir və vaxtaşırı nəzarət olunan mülkləri genişləndirməyə cəhdlər göstərir.
MS-13 dəstə üzvləri başda narkotik, silah və insan alveri olmaqla, quldurluq, reketlik, sifarişli qətllər, fidyə üçün adam qaçırma, oğurluq, avtomobil oğurluğu, çirkli pulların yuyulması və saxtakarlıq kimi bir çox cinayət işlərində fəaliyyət göstərirlər. Bir çox sahibkarlar və Mara Salvatruşa ərazilərində yerləşən kiçik mağazalar gəlirlərinin yarısını dəstə üzvlərinə verməlidir. ABŞ-də yaşayan bir çox salvadorlu immiqrantlardan da təhdid olunaraq külli miqdarda pullar tələb olunur, lakin MS-13 dəstəsi ən böyük qazancını narkotik ticarəti və ya "öz" ərazilərində narkotik ticarəti hüququ əldə etmək üçün vasitəçilik yolu ilə qazanır.
Tarixçə MS-13, Los-Ancelesdə 1980-ci illərin əvvəllərində, ölkələrindəki vətəndaş müharibəsindən ABŞ-yə köçən salvadorlu immiqrantlar arasında yaranmışdır. İlk növbədə, 18th Street gang və afroamerikanların zorakılığına məruz qalan salvadorlular, bu zorakılıqlara öz dəstələrini yaratmaqla cavab verdilər. İmmiqrantların sayının artması və nüfuzun genişlənməsi ilə əlaqədər olaraq, Holywood Locos, Sailors Locos Salvatruchos, Langley Park Salvatruchos, Teclas Locos Salvatruchos, Centrales Locos Salvatruchos, Directa Locos Chilangeras Locos Salvatruchos, Brentwood Locos Salvatruchos, Hempstead Locos Salvatruchos, Familia Mara Salvatrucha, Freeport Locos Salvatruchos, Francis Street Locos, Park View Locos Salvatruchos, Coronado Street Locos, Pee Wee Salvatruchos, Rampchawart Street Locos and Locos Grandes Salvatruchos kimi bir çox "qollara" ayrılmış oldu.
1990-cı illərin əvvəllərindən etibarən amerikan polisi və immiqrasiya orqanları, MS-13 üzvlərinin öz torpaqlarına kütləvi deportasiyasını fəal şəkildə tətbiq etməyə başlamışlar. Beləliklə də, dəstə El Salvadorda sürətlə məşhurlaşmağa və yayılmağa başlamışdır. Amerikan banda subkulturası (geyim tərzi və rəngləri, davranışı, jestləri və jarqonları, musiqi mədəniyyəti) müharibə şəraitində olan El Salvadorda uyğun zəmin tapmış, lakin yerli ənənələrlə qarışaraq daha qəddar və şiddətli hal almışdır. MS-13 bütün şəhər ərazilərini və həbsxanaları nəzarətə götürməyə başlamışdır. Vətəndaş müharibəsindən çıxan ölkədə özbaşınalıqlar hökm sürmüş və həbsxanalar yeni quldurlar üçün həqiqi "universitetlərə" çevrilməyə başlamışdır. 1996-cı ildə El Salvadorda müharibə aparan MS-13 və M-18 dəstələri arasında ilk atəşkəs imzalanmış, lakin hakimiyyətin dəstələrə qarşı sərt siyasəti barışı pozmuş və yeni bir qarşıdurmaya səbəb olmuşdur.
13 iyul 2003-cü ildə, Vaşinqton yaxınlığında, banda üzvlərindən biri olan 17 yaşlı hamilə Brenda Pazın gizli FTB-nin məlumatçısı olduğunu yayıldıqdan sonra, MS-13 bandasının qanqsterləri tərəfindən qətlə yetirilmiş və bu cinayət mətbuatda geniş yayılmışdır. 2004-cü ildə MS Island-13 liderlərinin Lonq-Aylenddə nümayəndə görüşü keçirilmiş və bu görüşdə ABŞ-nin qərb və şərq sahillərindəki bandaları bir-birinə yaxınlaşdırmağa çalışmışlar. 2004-cü ilin dekabrında, MS-13 dəstəsinin silahlı üzvləri, Hondurasın şimalındakı San-Pedro-Sula şəhəri yaxınlığında bir sərnişin avtobusuna atəş açaraq altı uşaq da daxil olmaqla 28 nəfəri qətlə yetirilmiş və 14 nəfəri ağır yaralanmışdır. Bu qanlı cinayət, quldurlar tərəfindən ölkə hakimiyyətinin ağır cinayətlərə görə ölüm cəzası tətbiq etmək planlarına cavab olaraq həyata keçirilmişdir. MS-13 üzvlərinin vətənlərinə kütləvi deportasiyasına baxmayaraq, çoxları tezliklə qanunsuz olaraq ABŞ-yə qayıdır və silahlı qruplarda fəal olaraq iştirak edirlər.
2005-ci ilin avqust ayında MS-13 qanqsterləri, El Salvadorda 7 həbsxanada düşmənlərinə qarşı istiqamətləndirilmiş bir hücum başlatmış və ümumilikdə 35 rəqib dəstənin üzvlərini qətlə yetirmişlər. 2006-cı ilin yanvarında, MS-13 üzvləri El Salvadorun Sakatekoluka şəhərində bir futbol qarşılaşması əsnasında, stadiondaki M-18 dəstəsinin üzvü olduğu komandalardan birinin yeddi oyunçusunu qətlə yetirmişlər. 2007-ci ilin iyun ayında El Salvador həbsxanasındakı iki MS-13 üzvü ABŞ-də qətl sifarişi verməklə günahlandırılmışdır. 2009-cu ilin iyun ayında, qətl, adam qaçırma, soyğun və reket cinayətlərindən məhkum edilmiş 18 MS-13 üzvü San-Pedro-Suladaki Honduras həbsxanasından 15 metrlik bir tuneldən qaçmağı bacarmışdır. 2012-ci ilin yazında, El Salvadorda, səlahiyyətlilərin və Katolik Kilsəsinin vasitəçiliyi ilə MS-13 dəstəsi, M-18 dəstəsindən əbədi düşmənləri ilə barışığa girmiş və həbsxanalardaki gərgin qarşıdurmalar kəskin şəkildə azalmışdır. 2012-ci ilin oktyabr ayında MS-13 ABŞ federal orqanları tərəfindən "transmilli cinayət təşkilatı" kimi tanınan ilk küçə bandası olmuşdur.
2012-ci ilin sonunda polis və digər hüquq-mühafizə orqanlarının təzyiqi altında MS-13 bandasının Los-Ancelesdəki immiqrant məskənlərində təsiri bir qədər zəifləmiş, lakin başda böyük bir Salvador diasporunun yer aldığı Vaşinqton şəhəri olmaqla, bandanın şərq sahilindəki təsiri daha da artmağa başlamışdır. ABŞ-də MS-13 üzvləri sahibkarlara, sıravi insanlara və qeyri-qanuni mühacirlərə qarşı şiddət tətbiq etməyə davam etmiş, lakin şiddətli qarşıdurma müşahidə edilməmişdir. Bundan əlavə, görülən tədbirlərə baxmayaraq, MS-13 Mərkəzi Amerikanın kriminal aləmində liderliyini davam etdirmişdir. 2013-cü ilin may ayında Hondurasın San-Pedro-Sula şəhərində səkkiz ay davam edən danışıqlardan sonra yerli yepiskop və Amerika Dövlətləri Təşkilatı tərəfindən qarant verilən MS-13 və M-18 dəstələri arasında barışıq əldə edildi. 2015-ci ilin iyul ayında MS-13 və Barrio-18 üzvləri Qvatemalada iki müəllimin gənc cinayətkarlar tərəfindən öldürüldüyü iğtişaşlar törətdilər. 2017-ci ilin yayında Prezident Donald Tramp çıxışında MS-13 dəstəsinin Amerikaya böyük bir təhdid olmasını bildirmiş və üzvlərini "heyvanlar" deyə adlandırmışdır. Həmçinin, başda MS-13 olmaqla bir çox küçə dəstələrini məhv edəcəyini demişdir. Donald Trampın bu çıxışına mesaj olaraq, 2017-ci ilin sentyabr ayında MS-13 üzvləri, Merilend ştatının Uiton şəhərində bir sakinin öldürmüş, daha sonra cəsədin başını kəsib parka basdırmışdır. 2017-ci ilin noyabr ayında səlahiyyətlilər MS-13 dəstəsinə qarşı ABŞ-də genişmiqyaslı əməliyyatlar aparmağa başlamışdır. Bir ay davam edən əməliyyatlar zamanı dəstə üzvü olduğu iddia edilən 214 nəfər nəzarətə alınmışdır. Onların yarısından çoxu miqrasiya qanunlarını pozduğuna görə həbs edilmiş, 93 nəfərə isə polis qətli, soyğunçuluq, reketlik və narkotik ticarəti ilə bağlı cinayət işləri açılmışdır. 2019-cu ilin may ayında El Salvadorda sığorta almaq üçün qətllər törədən MS-13 dəstəsinin 7 üzvü məhkum edilmişdir. Quldurlar qadınları qaçırmış, onları naməlum kişilərlə evləndirməyə məcbur etmiş, daha sonradan kişiləri qətlə yetirərək, dövlət tərəfindən qadınlara verilən dəstək ödənişlərinə əl qoymuşlar. MS-13 qruplaşması üçün qadın qaçırma olduqca yayğındır. Qaçırılan qadınların bəziləri həbsxanalarda yatan quldurların uşaqlarına qulluq etmək məcburiyyətində qalmışdır.
Quruluş və fəaliyyət thumb|267x267px|Mara Salvatrucha fəaliyyət zonaları MS-13 banda üzvləri ABŞ (xüsusilə də Kaliforniya, Texas, Nyu-York, Nyu-Cersi, Massaçusets, Merilend, Virciniya, Şimali Karolina, Tennessi, Corciya və Vaşinqton ştatlarında), El Salvador, Honduras, Qvatamela, Meksika, Puerto-Riko, Nikaraqua, Kanada (xüsusilə Vankuver, Monreal, Toronto şəhərlərində) və İspaniyada fəaliyyətdədirlər. Mərkəzi Amerikanın bəzi bölgələrində (ilk növbədə gecəqondu və yoxsul məhəllələrdə), Mara Salvatrucha zorakılıq yardımı ilə dövlət güc strukturlarını əvəz etməyi bacarmışdır.
Mara Salvatrucha, minlərlə "qola" bölünmüşdür, lakin ilk siqnalda xarici təhlükə ilə mübarizə aparmaq üçün birləşə bilirlər. Hər bir "qol"un öz gizli silah-sursatları (M-16, AR-15, AK, əl bombaları və partlayıcılar) mövcuddur və onların köməyi ilə nəzarətindəki ərazi sərhədlərini qoruyur. Qanqsterlər öz məhəllələrində bütün küçə narkotik satıcılarından və adi tacirlərdən xərac toplayaraq itaət etməməyə və ya qazancını gizlətməyə cəsarət edənləri ciddi şəkildə cəzalandırırlar. Bundan əlavə, MS-13 üzvləri kokain, heroin, metamfetamin və ya marixuana satışı həyata keçirirlər. left|thumb|263x263px|Mara Salvatrucha tatusu və xüsusi əl hərəkəti Hərəkətləri düzgün şəkildə istiqamətləndirmək üçün "qol" liderləri mütəmadi görüşürlər. Hərəkatın qurucuları olaraq, Los-Anceles qolunun üzvləri ABŞ-dəki bir çox digər MS-13 qolları arasında daha yüksək bir səlahiyyətə malikdirlər. Şimali Amerika "qolları"nın liderləri gəlirlərinin bir hissəsini həbsxanada olanlar da daxil olmaqla Mərkəzi Amerikadakı Mara Salvatrucha liderlərinə bağışlayırlar. Dəstə Qvatemala—Meksika və Meksika—ABŞ arasındakı sərhəd boyunca gizli yollara nəzarət edərək qanunsuz sərhəd keçidlərini asanlaşdırır. Bir çox qanunsuz immiqrant sərhədi asanlıqla keçmək üçün pul ödəyir, dəstə üçün ölkəyə silah və narkotik daşıyır. 2008-ci ildən etibarən ABŞ-dəki dəstə üzvlərinin 60–90%-i qeyri-qanuni mühacir statusuna malik olmuşdur. Mara Salvatrucha, cinayətlər törətmək və ya Mərkəzi Amerikadakı səlahiyyətlilər tərəfindən təqibdən gizlənmək üçün ABŞ-yə köç etdikdə dövlətlər arasında quldurları köç etmişdir. Buna görə də quldurların köçü barədə yüksək təcrübəyə malikdirlər. ABŞ-də qeyri-qanuni vəziyyətdə yaşayan qanqsterlər tez-tez saxta sənədlərlə, qohumlarının yanında qalmaqla və hətta bəzən iş üçün müraciət etməklə ölkəni gəzirlər. "Bandalar Ölkəsi" adlı amerikan sənədli serialının 11-ci bölümündə verilən məlumatlara görə, MS-13 üzvləri xaricdəki ABŞ hərbi bazaları da daxil olmaqla ABŞ Silahlı Qüvvələrinin bir çox qollarında fəal iştirak edirlər. Qanqsterlər yalnız hərbi işlərdə və xüsusi bacarıqlarda öyrədilmir, eyni zamanda orduya yeni üzvlər də cəlb edilir.
MS-13 dəstəsinin əsas narkotik müttəfiqi Kaliforniya, San-Dieqo və Texasın El-Paso şəhərlərinə kokain tədarükünə nəzarət edən Sinaloa kartelidir. Bununla yanaşı, dəstə üzvləri bir çox meksikalı narkotik kartelləri və həbsxana dəstələri üçün sifarişli qətllər həyata keçirirlər. Kaliforniyanın cənubundakı MS-13 dəstəsinin əsas düşmənləri M18 və Playboys küçə bandalarıdır. Los-Ancelesdə, Dauntaun, Rampart, Pico Union, Westlake, Coriataown, Wilshire Center və Mid City, Hoover Street və Normandy prospekti arasındakı məhəllələrdə, MakArtur və Seul parklarında yüksək təsirə malikdir. Nyu-Yorkda isə dəstənin əsas fəaliyyət mərkəzləri Queens, Flushing, Jamaica və Far Rockaway bölgələridir.
Subkultura və xüsusiyyətlər
MS-13 dəstə üzvləri, rəqiblərini və ya dövlət səlahiyyətlilərini qorxutmaq üçün hazırlanmış həddindən artıq vəhşiliyi ilə seçilir. İşgəncə və qətl zamanı dəstə üzvləri bəzən qurbanın başlarını, əllərini, barmaqlarını və ya cinsiyyət orqanlarını kəsib itlərə yedizdirirlər. Qorxutmaq naminə, dəstə təcavüzlərinə, adi vətəndaşların və ya müxaliflərin kütləvi edamlarına son qoymurlar və digər dəstələrdən fərqli olaraq "qarışqalar" polislə silahlı toqquşmalardan çəkinmirlər. MS-13 dəstəsindən olan qanqsterlər "Mata, Viola, Controla" ("Öldür, təcavüz et, tabe et") şüarından istifadə edir. Şüarlar arasında "Tanrı və ananız üçün yaşayırsınız, lakin dəstə üçün ölürsünüz" də olduqca yayğındır.