Hüseynağa Salman oğlu Baliev () — Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının mayoru; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Hadrutun azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı Hüseynağa Salman oğlu Baliev 1987-ci il, dekabrın 22-də Salyan şəhərində anadan olub.
2005-ci ildə Salyan şəhər Y. Qafarov adına 8 saylı tam orta məktəbindən məzun olub. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.
Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin müvafiq əmrinə əsasən "leytenant" hərbi rütbəsi verilib.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 11 il ərzində mexanikləşdirilmiş taqım komandiri, motoatıcı taqım komandiri, motoatıcı bölüyün komandiri, motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini, motoatıcı taborun qərargah rəisi - tabor komandirinin müavini, motoatıcı taborun komandiri vəzifələrində xidmət edib.
Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Hadrutun azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına komandiri olduğu taborun şəxsi heyəti ilə qatılıb. Oktyabrın 9-da Xocavənd rayonu istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. Salyan şəhərində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Evli idi, 1 oğlu və 1 qızı var.
İstinadlar
Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar