Məhəmmədəli Mütəllim oğlu İbrahimli () — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Bakalavr və magistr təhsili almış Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Quru Qoşunlarının tərkibində Suqovuşanın azad edilməsində və Ağdərə istiqamətində baş tutan döyüşlərdə iştirak etmişdir. Döyüş zamanı ağır yaralanan Məhəmmədəli İbrahimli müalicə üçün Bərdəyə aparılsa da, müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıtmışdır. O, 13 oktyabrda Ağdərə istiqamətində Ermənistan Silahlı Qüvvələrinin postuna kəşfiyyat bölüyünün hücumu zamanı qumbara ilə 20-dən çox erməni hərbçisini məhv etmiş, özü də baş tutan döyüşlərdə həlak olmuşdur. Məhəmmədəli İbrahimlinin nəşi müharibənin bitməsindən iki ay sonra tapılmışdır.
Əslən Füzulinin Cuvarlı kəndindən olan Məhəmmədəli İbrahimli "İmarət" azarkeş qrupunun ən fəal üzvlərindən idi. O, 2021-ci ilin yanvarında "Sabah" ilə keçirilən matçda "Qarabağ"ın qələbə topunu vuran Mahir Emreli qoldan sonra üzərində Məhəmmədəli İbrahimlinin şəkli olan ağ formanı nümayiş etdirmişdir. Həmin ilin may ayında Məhəmmədəli İbrahimli "Qarabağ" komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının gümüş medalına layiq görülmüşdür. Həmçinin iyul ayında Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunmuş sərgi açılmışdır. Bundan başqa, fərqli ölkələrdə məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün "Məhəmmədəli İbrahimli Təqaüd Proqramı" təsis edilmişdir. "Qarabağ" FK növbəti mövsümü qızıl medalla başa vurmuş, 2022-ci il mayın 22-də medalların və kubokun təqdimetməsi mərasimində şəhid Məhəmmədəli İbrahimli üçün nəzərdə tutulmuş medal onun atasına təqdim olunmuşdur.
Həyatı və təhsili Məhəmmədəli Mütəllim oğlu İbrahimli 1996-cı il noyabrın 22-də Beyləqan şəhərində anadan olmuşdur. O, əslən Füzulinin Cuvarlı kəndindəndir. Atası Mütəllim Xəlilov Birinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Məhəmmədəli İbrahimli 2003–2014-cü illərdə Sabunçu rayonunda yerləşən 215 nömrəli orta məktəbdə təhsil almışdır. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olmuş, 2018-ci ildə buradan məzun olduqdan sonra Azərbaycan Texniki Universitetində magistr təhsili almışdır. Məhəmmədəli İbrahimli tələbə olduğu vaxtlarda dostları ilə çayxana işlətmiş, buradan əldə olunan gəlirlər ilə "Nur" uşaq evinə yardım etmişdir.
Məhəmmədəli İbrahimli "İmarət" azarkeş qrupunun ən fəal üzvlərindən idi, demək olar ki, klubun bütun oyunlarında olurdu. O, həmçinin Təbrizin "Traktor" komandasının azarkeşi olmuşdur.
Hərbi xidməti Məhəmmədəli İbrahimli 2020-ci ildə hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri kimi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
Məhəmmədəli İbrahimli oktyabrın 3-dən 4-nə keçən gecə, Suqovuşanın azad edilməsi uğrunda baş tutan döyüşlərdə hər iki qolundan və kürəyindən qəlpə yarası almışdır, lakin buna baxmayaraq, üç yaralı və bir şəhid silah yoldaşını təhlükəsiz əraziyə çıxartmışdır. Ağır yaralanan Məhəmmədəli İbrahimli ardınca Bərdəyə aparılmış, burada 15 günlük Bərdə Rayon Diaqnostika Xəstəxanasına yerləşdirilmiş, lakin o, üç gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıtmışdır.
Məhəmmədəli İbrahimli 13 oktyabrda Ağdərə istiqamətində Ermənistan Silahlı Qüvvələrinin postuna kəşfiyyat bölüyünün hücumunda iştirak etmişdir. O, döyüş yoldaşlarının şəhid olduğunu gördükdən sonra erməni mövqelərinə hücum etmiş, qumbara ilə 20-dən çox erməni hərbçisini məhv etmişdir. Məhəmmədəli İbrahimli burada baş tutan döyüşlərdə həlak olmuşdur. Onun nəşi müharibədən sonra, dekabr ayında tapılmışdır. Məhəmmədəli İbrahimli 2020-ci il dekabrın 15-də Sabunçu Şəhidlər Xiyabanında dəfn edilmişdir.
İrsi 2021-ci ildə Məhəmmədəli İbrahimlinin bir qrup dostu tərəfindən xatirəsini yaşatmaq məqsədilə dünyanın fərqli ölkələrində məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün "Məhəmmədəli İbrahimli Təqaüd Proqramı" təsis edilmişdir.
2021-ci ilin may ayında "Qarabağ" futbol klubu "Neftçi" ilə həlledici qarşılaşmadan öncə Peşəkar Futbol Liqasına medal alacaq komanda üzvlərinin siyahısına Məhəmədəli İbrahimlinin də adını salmışdır. Oyundan sonra Məhəmədəli İbrahimli "Qarabağ" komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının gümüş medalına layiq görülmüşdür. 2021-ci il yanvarın 21-də "Qarabağ" və "Sabah" futbol klubları arasında baş verən oyunun 72-ci dəqiqəsində "Qarabağ"ın qələbə topunu vuran Mahir Emreli qoldan sonra üzərində Məhəmmədəli İbrahimlinin şəkli olan ağ formanı nümayiş etdirmişdir.
2021-ci il iyulun 23-də Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunmuş sərgi açılmışdır.
"Qarabağ FK" Azərbaycan çempionatında 2021/2022 mövsümünü qızıl medallarla bitirmişdir. Klub Peşəkar Futbol Liqasına göndərdiyi medal alacaq komanda üzvlərinin siyahısına Məhəmmədəli İbrahimlinin də adını salmışdır. 2022-ci il mayın 22-də medalların və kubokun təqdimetməsi mərasimində şəhid Məhəmmədəli İbrahimli üçün nəzərdə tutulmuş medal onun atası Mütəllim İbrahimliyə təqdim olunmuşdur. Bundan sonra isə o, klubun futbolçuları ilə birgə kuboku başı üzərinə qaldırmışdır.
Təltifləri 50x50px (15 dekabr 2020) – "Vətən uğrunda" medalı (ölümündən sonra). 50px (24 iyun 2021) – "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra).
(25 iyun 2026) – 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (ölümündən sonra).
İstinadlar
Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
Xarici keçidlər Asəf Quliyevin "Məhəmmədəli" filmi Şəhid Məhəmmədəli / ATV News Məhəmmədəli İbrahimli / Xəzər Xəbər Şəhid Məhəmmədəli Cuvarlinski İbrahimli Mahir Emreli vurduğu qolu şəhidimizə həsr etdi "Qarabağ" şəhid azarkeşin atasına qızıl medal verdi Şəhid Məhəmmədəli İbrahimli - 63 gün sonra tapılan şəhid Məhəmmədəli İbrahimli Təqaüd Proqramı | Ziya Kazımzadə | Əkinçi Düşmən səngərinə ilk girən şəhid kəşfiyyatçı əsgər - Məhəmmədəli İbrahimli / Hot News Şəhid Məhəmmədəli İbrahimli: "Xocalıda, Təbrizdə, olanların qisasını almağı fikirləşməliyik"
Kateqoriya:Qarabağ FK