Xarıbülbül — Azərbaycan mədəniyyət rəmzi, Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfərinin rəmzi.
Tarixi
Erkən dövr
Xarıbülbül Qarabağ bölgəsinin Şuşa şəhəri ilə adı bir çəkilən bir çiçəkdir. Çiçəyin görünüşü bülbülün qonduğu tikanı xatırladır. Burada istifadə edilən "xar" sözü "tikan" mənasındadır. Xarıbülbül simvol olaraq Qarabağ və Şuşaya aid edilən bir status qazanmışdır. Qarabağ münaqişəsində bir simvola çevrilən bu çiçək Türkiyə və Azərbaycan türklərinin mifoloji mətnlərində, ədəbiyyatında və sufi düşüncə dünyasında mədəni bir simvol olaraq əvvəlcədən mövcud idi. Bu rəmzin tarixi və mədəni arxa planı isə türk-islam ədəbiyyatı və sufi ənənəsində formalaşmışdır. Türk-islam ədəbiyyatı və sufi ənənəsində gül və bülbül metafor olaraq geniş istifadə edilmişdir. Burada bülbül eşqi uğruna özünü fəda edən aşiqi, gül isə ilk sevgini və məşuqu simvolizə edir. Tikan və bülbül metaforlarının bir yerdə istifadə edilməsində isə əsas məna budur ki, tikan bülbülün canını ağrıtsa da bülbül sevgisindən əl çəkməz və mübarizə aparar. Nizami, Mövlanə və Füzuli yaradıcılığında bunun nümunəsini görmək mümkündür. Nizami Gəncəvi "Leyli və Məcnun" mövzusuna təsəvvüf baxımından yanaşmış və xar və bülbül metaforlarını istifadə etmişdir. Tikan və bülbülün eşq və əzabı simvolizə etməsi Məhəmməd Füzuli yaradıcılığında da özünü göstərmişdir, Hüseyn Cavid də bu yanaşmadan istifadə etmişdir. 200px|thumb|left|Ağabəyim ağanın təsviri
Tikan və bülbül metaforlarının Azərbaycan mədəniyyətində silinməz bir iz qoymasında Qarabağ xanı İbrahimxəlilin qızı Ağabəyimin hekayəsinin də təsiri var. Ağabəyim ağa Qacar hökmdarı Fətəli şaha ərə verilmiş, ona görə də Şuşadan Tehrana, şahın yanına köçmüşdür. Ağabəyim ağa Tehranda Qarabağ həsrəti, vətən həsrəti çəkmişdir. O, bu həsrəti ilə bağlı yazdığı şeirində xarıbülbüldən bəhs etmişdir:
Ağabəyim ağanın bu şeiri xarıbülbülün Qarabağ həsrətinin və Qarabağa yenidən sahib olma idealının bir rəmzinə çevrilməsi prosesində çox təsirli bir tarixi baza yaratmışdır. Bu misralar xarıbülbülün Azərbaycan xalq mədəniyyətində tarix və folklor əlaqələri baxımından, şifahi ədəbiyyatda, xalq rəvayətlərində və inanc dünyasında köklü bir yerə malik olduğunu göstərir. Xarıbülbülün olmaması simvolik bir çatışmazlıq hissini yaradırdı.
Xarıbülbül mifoloji bir metafor olaraq da istifadə edilir. Bir əfsanəyə görə, bülbül çiçəyi küləkdən qorumaq istəyir, ancaq çiçəyin tikanı bülbülə batır. Bülbülün qanı ilə sulanan çiçək o gündən etibarən xarıbülbül adlanır. Digər əfsanəyə görə, bülbül çiçəyi arıdan qorumaq istəyir. Ancaq arının iynəsi bülbülə batır. Bülbülün bağrı ilə çiçəyin yarpaqları və otlar qan olur. Çiçək Allaha yalvarır ki, bülbül bir çiçəyə çevrilsin. Beləliklə, bülbül, gül və arı bir çiçəyə çevrilir. Ancaq çiçəyin üçüncü yarpağında bir xar (tikan) qalır və bu xar çiçəyin gözəlliyinə ziyan gətirmir, ona xarıbülbül adının verilməsinə səbəb olur. Bu əfsanədə xarıbülbülün mənşəyi fədakarlıq, itki və simvolik çevrilmə motivləri ilə qurulmuş hekayəyə əsaslandırılmışdır. Bu əfsanədə xarıbülbülün ancaq bir yerdə bitməsi qeyd edilmişdir. Bu da simvolun ərazi ilə sabitləşmiş bir yaddaş daşıyıcına çevrildiyini göstərir. Beləliklə, xarıbülbül Azərbaycan türkləri üçün ədəbiyyatdan mifologiyaya, tarixdən təsəvvüfə qədər uzanan geniş bir sahədə vacib bir mədəni simvola çevrilmişdir.
Qarabağ münaqişəsi Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 30 illik dövr üçün Qarabağ və Şərqi Zəngəzuru itirməsi, bu faciə nəticəsində baş verən hadisələr Azərbaycan kollektiv yaddaşında vacib yer tutur. Qarabağ ilə adı bir çəkilən xarıbülbül çiçəyi isə bu dərin kollektiv yasın rəmzinə çevrilmişdir. Bülbülü qanadan tikan, bu çiçəyin qoparılanda başqa heç yerdə bitməməsinə olan inanc, gül və bülbülün qovuşması üçün tikanın bir maneə kimi görülməsindən ibarət çoxqatlı bu rəmzi məna Azərbaycanın Qarabağ yasını simvolizə etməyə başlamışdır. Azərbaycan Mədəniyyət nazirliyinin afişalarında tikanlı tellərlə əhatə olunmuş bir bülbül motivinin istifadə edilməsi bu rəmzi mənanın müasir nümunələrindən biridir.
Qarabağ və Şərqi Zəngəzurun işğal altında olduğu dövrlərdə xarıbülbül Qarabağ məsələsinin emosional yaddaşını daşıyan bir rəmz olaraq istifadə edilmiş, münaqişə illərində gözləmək və həsrət hisləri ilə "hörülmüş" hekayələr Azərbaycanın 2020-ci il qələbəsindən sonra geri qayıdış və qovuşma mövzuları ətrafında formalaşmışdır. Beləliklə, xarıbülbül keçmiş təcrübələr ilə müasir dövrün emosional vəziyyəti arasında davamlılıq qurmuşdur. Bu rəmz fərdi xatırlama formalarını ortaq zəmində birləşdirmiş, kollektiv yaddaşın dağılmasının qarşısını almışdır. Xarıbülbül kollektiv təcrübənin yenidən danışılması üçün bir vasitəyə çevrilmişdir. 300px|thumb|Anım Günündə Azərbaycan xalqının İkinci Qarabağ müharibəsində həyatını itirmiş şəxslərin Xarıbülbül işarəsi qoyulmuş rəsmləri ilə yürüşü. 2020-ci ildə Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə qazanmasından sonra, Qarabağla bağlı kollektiv hislərin, yaddaşın və şüurun ifadəsi üçün Azərbaycan mədəniyyətində Qarabağla adı bir çəkilən xarıbülbül rəmzinin rolu artmışdır. Xarıbülbül Azərbaycan ədəbiyyatında, mətbuatında, mədəniyyət və incəsənət əsərlərində, siyasətdə istifadə edilmiş, Azərbaycan tarixi və milli yaddaşında milli kimliyin formalaşmasında vacib bir funksiyaya malik olmağa başlamışdır.
Qarabağın işğaldan azad edilməsi nəticəsində Xarıbülbül də azadlığa qovuşmuşdur. Müharibə vaxtında bülbülün gülə qovuşmağa çalışması motivi işlənmişdir, bülbülə batan tikan motivi Azərbaycanın şəhid və qaziləri ilə əlaqələndirilmişdir. Zəfərdən sonra isə xarıbülbül motivi afişalarda, şeirlərdə, şənliklərdə və Azərbaycanın ənənəvi muğam əsərlərində geniş şəkildə istifadə edilmişdir. Rəmzin artıq sözlə deyil, rəsm vasitəsilə istifadə edilməsi rəmzin xatırlatma və yenidən yaratma funksiyasının fərqli sahələrdə vahid idarəçilikdə formalaşdığını göstərir.
Azərbaycan və Türkiyə rəsmiləri Cıdır düzündə qələbəni bayram etmiş, bu zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəfərin rəmzi olaraq xarıbülbül hədiyyə edilmişdir. Beləliklə, Cıdır düzü və Xarıbülbül Azərbaycanın vətən mübarizəsinin, zəfərinin və milli kimliyinin rəmzinə çevrilmişdir, bu rəmz Azərbaycan dövləti tərəfindən mənimsənilmiş, simvolik bir legitimlik aləti olaraq istifadə edilmişdir. Xarıbülbül həm zəfərdən sonra Azərbaycan xalqının birliyini möhkəmləndirmə funksiyası icra etmiş, həm də rəmzin Qarabağ və Şuşa ilə adının bir çəkilməsi bu məkanların Azərbaycan milli yaddaşında yaddaş məkanına çevrilməsinə kömək etmişdir.
Milli kimlik rəmzi olaraq istifadəsi 300px|thumb|Xarıbülbülün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilməsi Azərbaycanın Xarıbülbül rəmzi erməni çiçəyi "unutma məni" (Myosotis) ilə müqayisə edilə bilər. Ermənilərin "Unutma məni" çiçəyi 1915-ci il hadisələri, o dövrdə baş verən faciələrlə bağlıdır. Ancaq Azərbaycanın Xarıbülbül rəmzi yas və həsrət dövründən zəfər hekayəsinə keçidi mümkün edən dinamik bir rəmzdir. "Unutma məni" çiçəyi isə ancaq keçmişə əsaslanır. Xarıbülbülün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilməsi göstərir ki, bu rəmz Azərbaycan-Türkiyə münasibətlərini möhkəmləndirəcək bir funksiyaya da malikdir.
Həmçinin bax Xarıbülbül Musiqi Festivalı Xarıbülbül VK Xarı Bülbüllər (film, 2006)
İstinadlar
Ədəbiyyat Keskin, A. (2022). MİLLÎ VE KÜLTÜREL KİMLİK SEMBOLİZMİ BAĞLAMINDA XARIBÜLBÜL. Motif Akademi Halkbilimi Dergisi, 15(39), 650–676. https://doi.org/10.12981/mahder.1162527 Bilgin, Oğuzhan. "Millî Kimliğin Yeniden Üretiminde Kültürel Sembollerin Önemi: Azerbaycan ve Hâr-ı Bülbül Örneği". Eskiyeni. 61 (01 mart 2026): 95–117. https://doi.org/10.37697/eskiyeni.1801854.
Kateqoriya:İkinci Qarabağ müharibəsi Kateqoriya:Türk mifologiyası Kateqoriya:Azərbaycandakı hadisələr