Orta paleolit — təxminən 100 min il bundan əvvəl başlanmış, e.ə.35–cı minilliyə qədər davam etmişdir.

Bu dövr Mustye mədəniyyəti adlanır. Orta Paleolit dövründə Azərbaycan ərazisində yaşayan qədim insanlar daha geniş ərazilərə yayılmış, Kiçik Qafqazın cənub-şərq yamacında, Naxçıvan, Qarabağ, Qazax bölgələrində məskən salmışlar.

Arxeoloqlarımız Qarabağda Tağlar,Zar,AzıxNaxçıvanda Qazma, Qazaxda Damcılı,Daşsalahlımağaralarında Orta Paleolit dövrünə aid zəngin maddi mədəniyyət nümunələri tapmışlar.

Qazma mağarasında aparılan arxeoloji tədqiqatlar nəticəsində 17,000-dən artıq heyvan sümükləri aşkar olunmuşdur. Sümüklərin əksəriyyəti doğranmış vəziyyətdə olduğuna görə, onların təyinatı çətinləşmişdir. Sümüklərin hansı heyvan və quş növlərinə aid olması əsasən diş və çənə qırıqları əsasında təyin olunmuşdur. Düşərgədən tapılmış sümük məmulatlarının təyini D.V.Haciyev və S.D.Əliyev tərəfindən olunub. Onların tərkibində 24 növ fauna qalığı müəyyən olunub: it (Canis), porsuğ (Meles), mağara şiri (Panthera speiaeus Goldf.), mağara ayısı (Ursus spelaeus Ros. et Hein.), at (Equus), pleystosen eşşəyi (E. hydruntinus Reg.), maral (Cervidae), ibtidai öküz (Bos primigenius Bojan.), ceyran (Gasella subguttorosa Güld.), keçi (Capra), qoyun (Ovis), dovşan (Lepus), qəmiricilər (Rodentia) və teriofaunanın digər növləri.

Orta Paleolit dövründə insan məskənləri çoxalmış və yeni insan tipi, yəni Neandertal insanı yaranmışdır. Onlar, əsasən ovçuluqla — Qafqaz maralı, mağara ayısı, boz ayı, tur, dağkeçisi, vəhşi at (gur) və s. ovlamaqla, həmçinin yem toplamaqla (yığıçılıqla) məşğul olmuşlar.

Axirət dünyasına inam ilk dəfə bu dövrdə yaranmışdı. Ovsun, heyvanlara (totemlərə), təbiət qüvvələrinə inamla bağlı dini təsəvvür genişlənməyə başlamışdı.

Orta Paleolit dövründən başlayaraq ulu icma yavaş–yavaş sıradan çıxmış, qəbilə icması yaranmağa başlamışdır.

Orta Paleolit dövründən dünyanın son qalığı, hələ də ilk insanlar kimi yaşayan Homo sapiens qəbilə etno-mədəni qrupu olan Sentinel xalqının Daş dövründə yaşadığı və bəşəriyyətin qalan hissəsi kimi inkişaf etmədiyi Şimali Sentinel Adasında tapılır.

Dövrün əsas xüsusiyyətləri Bu dövr Mustye mədəniyyəti dövrü adlandırırlar; Yeni insan tipi — Neandertal insanı yaranmışdır; Axirət dünyasına, ovsunlara (magiya) və təbiət qüvvələrinə inam yaranmışdır; Tədricən ibtidai insan sürüsü dağılmağa və qəbilə quruluşu yaranmağa başlamışdır.

Qeydlər

İstinadlar

Ədəbiyyat Джафаров А.К. Средний палеолит Азербайджана. Баку: Элм, 1999, 343 с.

Kateqoriya:İbtidai-icma quruluşu Kateqoriya:Paleolit