IV Murad ( Murād-i rābi‘; ) — 17-ci Osmanlı padşahı və 96-cı İslam xəlifəsi. İrəvan və Bağdad fatehidir. IV Murad 27 iyul 1612-ci il tarixində İstanbulda Sultan I Əhmədin və əsl adı Anastasiya olan yunan əsilli Kösəm Sultanın oğlu olaraq dünyaya gəldi. Böyük qardaşı Gənc Osmanın Yeddiqüllə zindanlarında bir qrup yeniçəri tərəfindən öldürülməsi və daha sonra zorla taxta oturulan əmisi I Mustafanın müxtəlif intriqalarla yenidən devrilməsi nəticəsində 11 yaşında taxt-tac sahibi oldu.E. van Donzel, Islamic Desk Reference: Compiled from the Encyclopaedia of Islam, Brill Academic Publishers, s. 219Robert Bator, Daily Life in Ancient and Modern Istanbul, Runestone Press, s. 42Douglas Arthur Howard, The History of Turkey, Greenwood Press, s. 195right|thumb|200px|IV Murada aid miniatür.

Həyatı

Şahzadəlik illəri 27 iyul 1612 tarixində İstanbulda dünyaya gəlmişdir. İndiki Bəylərbəyi sarayının ərazisində yerləşən və vaxtilə II Səlimin qızı Gövhərxan Sultan üçün inşa etdirdiyi sarayda dünyaya gəlmişdir. I Əhməd və Mahpeykər Kösəm Sultanın oğludur. Şahzadəlik illəri haqqında mənbələrdə çox məlumat yoxdur. II Osman hadisələrindən sonra sədrəzəm Davud Paşanın tərtibiylə digər qardaşları ilə birlikdə Üsküdara aparılarkən sui-qəsdə məruz qalmış və saray ağalarının müdaxiləsiylə sui-qəsddən xilas olmuşdur.

left|thumb|200px|IV Muradın 10 sentyabr 1623-cü il tarixli cülus mərasimi. Səltənət illəri Əmisi Sultan Mustafanın əqli zəifliyi səbəbilə dövlət idarəsində yaranan qarışıqlığı həll etmək üçün sədrəzəm Kəmankeş Əli Paşa və şeyxülislam Yəhya Əfəndinin tərtib etdiyi saray çevrilişindən sonra yaşının az olmasına baxmayaraq anası Kösəm Sultanın da təsiri ilə taxta çıxarıldı (10 sentyabr 1623). Ertəsi gün Əyyub Sultan məscidində Mahmud Hüdayi həzrətlərinin əlindən qılınc qurşandı və 5 gün sonra sünnət edildi. Səltənətinin ilk illərində idarə daha çox anasının təsiri altında olan dövlət adamlarının əlində cəmləndi. 1632-ci ilə qədər dövrün siyasi məsələlərinə qarışmadı. Dövlət idarəsini sədrəzəm Rəcəb Paşanı edam etdiyi 1632-ci ilin may ayından etibarən ələ aldı.

Səltənətinin ilk illərində sədrəzəm Kəmankeş Əli Paşa dövlət işlərində söz sahibi idi. Dövrün tarixi qaynaqları bu əsnada dövlətin olduqca çətin bir vəziyyətdə olduğunu qeyd edir. Xüsusilə də İstanbuldakı başsızlıq regionlardakı idarəçilərin özbaşına hərəkətlərinə səbəb olurdu. Qətlə yetirilən Sultan Osmanın qanını yerdə qoymamaq üçün Ərzurumda ayaqlanan və ələ keçirdiyi qalalardakı yeniçəriləri edam etdirən Abxaz Mehmed Paşa və Bağdaddakı Bəkir Subaşının fəaliyyətləri ciddi problemə çevrilmişdi. Bağdad qalası gedən siyasi hadisələr nəticəsində Səfəvilərin əlinə keçmişdi (1624). Hafiz Paşanın 1626 tarixli Bağdad səfərində isə uğur əldə edilmədi. Digər yandan Abxaz Mehmed Paşa nəhayət ələ keçirilmiş, ancaq IV Murad tərəfindən bağışlanaraq Bosniya bəylərbəyi təyin olunmuşdu.

10 iyun 1629 tarixində Həmədan və Bağdad səfərinə çıxan Xosrov Paşa Kərbəla, Nəcəf və Hillə şəhərlərini zəbt etdi. Şəhrizur qalasını təmir etdirib, bölgədəki tayfaları özünə tabe etdi. 5 may 1630 tarixində Səfəvi qüvvələri girdiyi döyüşdə qalib olan Xosrov Paşa ardından Bağdad irəlilədi. 6 oktyabr 1630 tarixində başlayan Bağdad mühasirəsi yenə uğursuz oldu. Bu məğlubiyyət Xosrov Paşanın vəzifədən alınmasına və yerinə ikinci dəfə Hafiz Paşanın gətirilməsinə səbəb olmuşdu.

IV Murad səltənətinin bu dövründə Avropa 30 illik müharibənin səbəb olduğu böhranın içində idi və dini məzhəb problemləri Osmanlı torpaqlarında da özünü büruzə vermişdi. Katolik dövlət elçiləri ilə kalvinist dövlət elçiləri arasındakı mübarizəyə səhnə olan İstanbulda isə Osmanlı hökuməti kalvinstləri qoruyurdu. Belə ki, Yezuit ordeninə mənsub bütün əhali Saqqız adasına sürgün edildi. Ərdəldə isə Betlen Qabor İngiltərə, Venesiya və Hollandiya kimi dövlətlərin dəstəyini alaraq Habsburqlara qarşı protestant hakimləri dəstəkləyirdi. Əvvəlki dövrlərdə olduğu kimi IV Murad səltənətində də Zitvatorok sülhü yeniləndi. 13 sentyabr 1627 tarixində bağlanan 25 illik sülhlə Avstriya-Osmanlı münasibətləri tənzimləndi.

Bu dövrdə Sultan Murad İstanbuldakı əsgərlərin özbaşınalığı, bunu öz mənfəətləri üçün istifadə edən dövlət adamları və əyalətlərdəki üsyanlarla məşğul olacaq dirayətdə deyildi. Cülusundan sonra ard-arda üsyanlar baş verdi. Əvvəlcə dəftərdar Əbdülkərim Əfəndi, ertəsi il isə Rəcəb Paşanın təhriki ilə sabiq sədrəzəm Gürcü Mehmed Paşa əleyhinə ayaqlanan yeniçəri və sipahilər paşanın edamına səbəb oldu. Balıkəsirdə Cənnətoğlu adlı üsyançı bölgədəki əyalət ordusunu məğlub etmiş, dövləti 6 ay boyunca məşğul etsə də, nəhayət, Manisada məğlub edilərək ələ keçirilmişdi (dekabr 1625). Bu çətin illərdə dövlət işlərini Qızlar ağası Əl-hac Mustafa ağa vasitəsilə idarə edən Kösəm Sultanla oğlu arasında sürtüşmələr baş verirdi. Tez-tez libas dəyişdirib paytaxt küçələrində gəzən Sultan Murad əhalinin problemləri ilə məşğul olsa da, anası Kösəm Sultan oğlunu əyləncə və şənliklərlə məşğul edirdi.

Sultan Muradın idarəni ələ almasına səbəb isə Xosrov Paşanın edamı və ardından yeni sədrəzəm Hafiz Paşa əleyhinə Rəcəb Paşanın təhriki ilə ayaqlanan yeniçəri üsyanı oldu. Üsyançılar 7 fevral 1632 tarixində Atmeydanında (indiki Sultanəhməd meydanı) toplanıb ard-arda 3 gün saraya gedərək, Xosrov Paşanın vəzifədən alınmasına səbəb olan sədrəzəm Hafiz Paşa, şeyxülislam Yəhya Əfəndi, yeniçəri ağası Həsən xəlifə və müsahib Musa Çələbinin də daxil olduğu 17 nəfərin edamını tələb etdi. Sultan Murad əvvəlcə soyuqqanlılıqla bu tələbləri qəbul etmədi ancaq Rəcəb Paşanın təzyiqi və üsyançıların padşahı taxtı ilə hədələməsi nəticəsində üsyançıların tələb etdiyi bu şəxslərdən yalnız Hafiz Paşa təslim edildi. Üsyançılar sevimli paşası və bacısı Ayşə Sultanın əri olan Hafiz Paşanı sultanın gözləri önündəcə qətlə yetirdilər. Rəvayətə görə, bundan kədərlənən Sultan Murad o gün Hafiz Paşanın intiqamı üçün söz vermiş, ağlayaraq öz otağına çəkilmişdir (10 fevral).

Hadisələrin nəticəsində Rəcəb Paşa üsyançıların istəyilə sədrəzəm oldu. Vəzifədən alınan Zəkəriyazadə Yəhya Əfəndinin yerinə Ahizadə Hüseyn Əfəndi şeyxülislam seçildi. Sultan Muradın bütün bu hadisələrdə əli olduğuna inandığı Xosrov Paşanı edam etdirməsi Rəcəb Paşanın gözünü qorxutdu. Həm Sultan Muradı zərərsizləşdirmək, həm də digər rəqiblərini aradan qaldırmaq üçün Rəcəb Paşa sipahiləri yenidən təhrik etdi. 11 mart günü Xosrov Paşanın paytaxta gətirilən kəsik başı isə bu üsyana bəhanə oldu. Ertəsi gün saraya gələn yeniçəri və sipahilər padşahı ayaq divanına çağırdı və burada yeniçəri ağası Həsən xəlifənin, müsahib Musa Çələbinin və baş dəftərdar Mustafa Paşanın öldürülməsini tələb etdi. Bundan başqa padşaha inamlarının qalmadığı deyərək şahzadələri (Bəyazid, Süleyman, Qasım, İbrahim) də görmək üçün Babüssəadə qapısı önünə çıxartdırdılar. Şahzadə Süleyman və Şahzadə Bəyazidin üsyançıları danlayaraq qovmaları belə bir nəticə vermədi. Üsyançıları yatışdırmaq üçün Rəcəb Paşa və Ahizadə Hüseyn Əfəndi sultana təminat verdi. Ancaq ixtişaşlar davam etdi. Sonda Həsən xəlifə, baş dəftərdar Mustafa Paşa, sağ qalması üçün kaptan-ı dərya Canpoladoğlu Mustafa Paşanın təminat verdiyi və sultanın Rəcəb Paşaya əmanət etdiyi Musa Çələbi ələ keçirilərək öldürüldü və cəsədləri Atmeydanındakı çinar ağaclarına asıldı. Üsyançılar bu hadisələrin padşahdakı təsirini və Sultan Muradın bir gün intiqam alacağını başa düşürdülər və bu səbəblə Sultan Muradı devirmək istəyirdilər. Ancaq aralarında taxta kimin çıxarılacağı haqqında anlaşmazlıq olduğu üçün məsələ uzandı. Yeniçəri ağalığına gətirilən Kösə Mehmed ağa isə Rəcəb Paşanın və Canpoladoğlu Mustafa Paşanın tərtiblərini Sultan Murada xəbər verirdi. Alınan tədbirlə saray çevrilişinin qarşısı alındı ancaq paytaxtdakı ixtişaşlar bitməmişdi. Paytaxtdakı qarışıqlıqlarla yanaşı Manisa, Balıkəsir və Berqama bölgələrində üsyan edən İlyas Paşanı da dəstəkləyən Rəcəb Paşa Sultan Muradın əsas hədəfinə çevrildi. Sultan Murad 18 may 1632 günü divan məclisinin ardından Rəcəb Paşanı saraya çağırdı və burada onu edam etdirdi. Yerinə Dabanıyasdı Mehmed Paşa sədarətə gətirdi. Sultan Muradın bu ani müdaxiləsi üsyançı sipahiləri heyrətləndirdi. 8 iyun çərşənbə günü sipahilər Oxmeydanında toplandı və onlara verilən vəzifələrin rəsmiləşdirilməsini tələb etdilər. Ancaq sədrəzəmin buna zidd olan bir fərmanı padşaha təqdim etməsi üsyançıları qəzəbləndirdi və onlar Atmeydanına gələrək saraya elçi göndərdilər. Bütün bu tələbləri sonlandırmaq üçün Sultan Murad Sənan Paşa köşkündə ayaq divanı çağırdı və bütün yeniçəri, sipahi ağalarını, üləma və dövlət adamlarını burada topladı. Bütün bu şəxslər dövlətə və sultana sədaqət üçün Qurana and içdilər. Ardından bir sənəd hazırlayıb bütün bu şəxslərə imzalatdı. Həmin sənədi sədrəzəm və şeyxülislamdan başqa vəzir Hüseyn Paşa ilə Bayram Paşalara da imzalatdırdı. Sənan Paşa köşkündəki bu məclisdən sipahilər narazı qalsa da, yeniçərilərin padşaha sadiq olması üsyankar sipahiləri çətin vəziyyətə saldı. Sultan Murad əvvəlcə sipahi ağası Cəfər ağa və silahdar Əhməd ağanı divana çağırıb aralarındakı üsyankarları dərhal təslim etmələrini tələb etdi. Əmrinə qarşı çıxan Əhməd ağanı isə oradaca edam etdirdi. Sənan Paşa köşkündəki məclisdən iki gün sonra sədrəzəmin sarayında keçirilən iclasda Ahizadə Hüseyn Əfəndi sipahiləri çağıraraq onlara nəsihətlər verdi. Bunun ardından İstanbulda və əyalətlərdə üsyankarlığa davam edənlər təqib edilərək öldürüldü. 1632-ci ilin iyulunda tələb edilən vəzifələr bərabər şəkildə bölüşdürüldü və beləliklə, sipahi ocağı nizama salındı. Mərkəzdə üsyankar sipahilərin aradan qaldırılmasından sonra növbə əyalətlərə gəldi. İndiki Livan ərazisində ayaqlanan Dürzi əmiri Manoğlu Fəxrəddinin üsyanı yatırıldı (1635).

Bu əsnada İstanbul limanındakı bir gəmidən başlayaraq paytaxta yayılan şiddətli yanğın şəhərin beşdə birini külə çevirmişdi (2 sentyabr 1633). Katib Çələbi yanğının səbəb olduğu itkilərin böyük olduğunu qeyd edir. Bu yanğın bir çox şayələrə yol açdı. Xüsusilə də, qəhvəxanalarda gedən söz-söhbətlərin qarşısını almaq üçün, qəhvə və tütünü haram sayan Qazızadə Mehmed Əfəndinin də təhriki ilə bütün qəhvəxanalar dağıdıldı.

1633-cü ilin dekabrında baş tutan Bursa səyahəti əsnasında İznik qazısını yolların təmirsiz olması səbəbilə edam etdirən Sultan Murad bu hadisədən sonra üləma zümrəsinin nifrətini qazandı. Elm adamlarının verilən bir ziyafətdə bir araya gəlməsi xəbərindən çəkinən Validə Kösəm Sultan bunun saray çevrilişi üçün planlaşdırıldığını başa düşdü və dərhal Bursadakı oğluna məktub yazaraq onu paytaxta çağırdı. 6 yanvar günü xəbəri alan Sultan Murad dərhal yola düşdü və İstanbula gələrək şeyxülislamı vəzifədən alaraq Kipr adasına sürgün etdi.

Ancaq hirsini soyuda bilməyən Sultan Murad şeyxülislamı aparan gəmini geri çağırdaraq onu edam etdirmişdir (7 yanvar 1634). Osmanlı tarixində ilk dəfə şeyxülislam edam edən Sultan Murad bununla əhalinin və üləma zümrəsinin ona olan nifrətini artırdı.

Sultan Murad dövründə Krım xanlığı, kazaklar və Rus çarlığı ilə bağlı bəzi məsələlər baş versə də, bu problemlər sülhlə həll olundu. Özi sancaqbəyi Murtuz Paşanın polyaklarla bağladığı sülhə görə (9 sentyabr 1630), Lehistan krallığı Krım xanlığına vergi ödəməyi və kazakların işğal etdiyi əraziləri geri qaytarmağı qəbul etdi. Ancaq bir müddət sonra münasibətlər yenidən korlandı və Sultan Murad Lehistana qarşı yardım istəyən rus çarı Mixail Romanova müsbət cavab verdi. Lehistan torpaqlarına girən Abxaz Mehmed Paşa Kamaniçe qalası önlərinə gəldi (22 oktyabr 1633). İki tərəf arasında sülh müzakirələri nəticə vermədiyinə görə, Özi sancaqbəyi Murtuz Paşa sərdar təyin edildi, Abxaz Mehmed Paşa isə sultanın yanına — Ədirnəyə gəldi (15 aprel 1634). Rusların Lehistana tərtiblədiyi hücumların ardından yenidən sülh müzakirələri başladı. Ancaq Sultan Muradın şərq səfərinə hazırlaşması səbəbilə bu dəfə sülh müzakirələrinə müsbət cavab verildi və sultan Ədirnədən ayrıldı (27 iyul 1634). İstanbula gəldikdən sonra hazırlıq gördüyü şərq səfərinə çıxmazdan öncə paytaxtda alkaqol qadağasını tətbiq etdi (5 avqust 1634).