Səbuhi Qarayev () — Azərbaycanlı idman idarəçisi və məşqçi, "Qafqaz-Arena" İdman Klubunun təsisçisi və direktoru (2012–h.h.); Qəbələ İdman Klubunun ümumi işləri üzrə kordinatoru (2016–h.h.); Azərbaycan Respublikasının Əməkdar məşqçisi (2017); Azərbaycan Reqbi Federasiyasının vitse-prezidenti (2020–h.h.)

İdmanın cüdo, sambo, ciu-citsu növləri ilə məşğul olmuş, bir neçə beynəlxalq və respublika miqyaslı turnirlərin qalibidir.

A.R. Gənclər və İdman Nazirliyi tərəfindən 2019-cu ilin yekunlarına görə "Bədən Tərbiyəsi və İdmanın İnkişafında Xidmətlərinə Görə" fəxri diplomu, 2021-ci ildə şəxsən müdafiə naziri Zakir Həsənov tərəfindən “Azərbaycan ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə görə” fəxri fərmanı ilə təltif olunmuşdur.

Bioqrafiya

Səbuhi Həsən oğlu Qarayev 29 iyun 1980-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olmuşdur. Orta təhsilini 1-6-cı siniflərdə Kəngərli kənd orta məktəbində, 7-8 ci siniflərdə Bakı şəhər 94 saylı, 9-11 ci siniflərdə isə 238 saylı məktəblərdə alaraq 1997-ci ildə Bakı Dövlət Universitetinə qəbul olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetinin bakalavr, 2003-cü ildə magistr pilləsini bitirmişdir.

2000-ci ildə cüdo üzrə tələbələr arasında Azərbaycan Çempionatında 3-cü, Ciu-citsu üzrə 2000-ci ildə Bakıda keçirilən Zaqafqaziya çempionatında 1-ci, Tbilisidəki Şərqi Avropa Çempionatında 2001-ci ildə 3-cü, 2003-cü ildə isə 1-ci yer olub.

2004-2005-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir, ehtiyatda olan zabitdir.

2012-2015 ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında fəlsəfə doktorluğu pilləsində təhsil almış, lakin müdafiə etməmişdir.

Cüdo üzrə idman ustalığına namizəd və 1 dekabr 2017-ci ildən Azərbaycan Respublikasının Əməkdar məşqçisidir.

2012-ci ildən "Qafqaz-Arena" İdman Klubunun təsisçisi və direktorudur. Klubda 5 döyüş növü və futbol bölməsi fəaliyyət göstərir.

2013-cü ildən "Qəbələ" İdman Klubunda cüdo, 2014-cü ildən döyüş növləri bölmələrinin rəhbəri vəzifələrində çalışmışdır. 2016-cı ildən klubun ümumi işlər üzrə koordinatorudur.

2020-ci ildən Azərbaycan Reqbi Federasiyasının vitse-prezidentidir.

Evlidir, üç övladı var.

Həmçinin bax

Elşən Abbasov

İstinadlar

Mənbə

Azərbaycan Reqbi Federasiyasının regionlar üzrə vitse-prezidenti: Qarayev Səbuhi Həsən oğlu

Xarici keçidlər

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular «Qəbələ»nin əməkdaşı fəxri diplomla təltif olundu MMA rəsmisi: “Məqsəd idmançıların böyük arenalara yolunu açmaqdır”