Rza Nəcəfqulu oğlu Sadıqov (Sadıxov) () — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1960–1962) və müavini (1947–1949, 1958–1960, 1962–1970), Azərbaycan SSR maliyyə naziri (1949–1958).
Həyatı Rza Nəcəfqulu oğlu Sadıqov 1914-cü ildə Bakıda fəhlə ailəsində anadan olmuşdur. 1928-ci ildə yeddiillik məktəbi bitirdikdən sonra inşaat texnikumuna daxil olmuş, burada 4 il oxuduqdan sonra xüsusi orta təhsil almışdır.
Rza Sadıqov bir il Masallı MTS-də inşaatçı-texnik işlədikdən sonra, 1933-cü ildə Azərbaycan Sənaye İnstitutunun Arxitektura fakültəsinə daxil olmuşdur. O, təhsil aldığı illərdə "Azqaz" trestinin mərkəzi kontorunda işləmiş, inşaatçı texnik, növbətçi mühəndis, texniki bölmənin rəhbəri, texniki şöbənin müdiri, təmir-tikinti şöbəsinin müdiri, direktor müavini və direktor vəzifələrində çalışmışdır. 1939-cu ildə ali məktəbi bitirdikdən sonra "Azqaz" tresti müdirinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1941–1942-ci illərdə Azərbaycan Dövlət Tikinti Tresti müdirinin müavini, tikinti-quraşdırma sahəsinin baş mühəndisi, zavod tikintisi rəisi vəzifələrində çalışmışdır.
Sonralar rəhbər vəzifələrdə çalışan Rza Sadıqov 1945-ci ilədək Azərbaycan SSR Xalq Dövlət Nəzarəti Komissarlığında baş nəzarətçi, 1945-ci ildən Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dövlət Plan Komissiyası sədrinin müavini işləmişdir. O, 1947–1949-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1949–1958-ci illərdə isə Azərbaycan SSR maliyyə naziri olmuşdur. 1958–1960-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1960–1962-ci illərdə birinci müavini, 1962-ci ildən isə yenidən müavini vəzifələrində çalışmışdır.
Rza Sadıqov 1934-cü ildən komsomol, 1941-ci ildən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. VI çağırış SSRİ Ali Sovetinın, II, IV, V və VII çağırış Azərbaycan SSR Ali Sovetinin və Bakı Sovetinin deputatı seçilmişdir. O, 1956-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş (1960–1962-ci illərdə büro üzvü), "Lenin" ordeni (1959) və medallarla təltif edilmişdir.
Rza Sadıqov 3 may 1986-cı ildə vəfat etmişdir. Yasamal qəbiristanlığında dəfn olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavinləri Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri Kateqoriya:Azərbaycan SSR maliyyə nazirləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Texnika elmləri namizədləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri