Akva alta ( – hərfi tərcümədə hündür su deməkdir) — italyan dilindən alınmış və Veneto vilayətində geniş istifadə olunan bir ifadə. Bu, xüsusi intensivliklə vaxtaşırı olaraq Adriatik dənizinin şimal hissəsindəki Venesiya laqununda yerləşən Venesiya və Kyocca şəhər rayonlarında pik həddə çatan güclü və dağıdıcı, Qrado və Triest liman şəhərlərində isə daha zəif daşqınlara səbəb olan təbiət fenomenidir.
Kifayət qədər sıx baş verən bu təbii hadisə əsasən payızla yaz mövsümləri arasında müşahidə olunur. Bu dövrdə xüsusi meteoroloji şərtlərin köməyi ilə isti sirokko küləkləri Appenin və Balkan yarımadaları arasındakı Otranto boğazından başlayaraq, Adriatik dənizi hövzəsinin bütün uzunluğu boyunca əsir və ərazidəki şəhərlərdə suyun müntəzəm çəkilməsinə mane olurlar.
Səbəblər
Məişətdə istifadə edilən "acqua alta" termini ümumiləşdirilmiş şəkildə daşqın hadisənini ifadə edir. Texniki nöqteyi-nəzərdən isə, baş verəcək fenomenin təhlükəli olub olmamasını Venesiya şəhərindəki Punta della Salute hidroqrafik stansiyasında qabarmaların səviyyələrinə əsaslanan daha ciddi araşdırmalar nəticəsində müəyyən etmək mümkün olur. Normadan artıq qabarma hadisələrini aşağıdakı kateqoriyalara bölmək olar: intensiv qabarma — ölçülmüş dəniz səviyyəsinin hündürlüyü standart dəniz səviyyəsindən (bu standart 1897-ci il ərzində dəniz səviyyəsinin ölçülərinin ortalaması yolu ilə müəyyən edilmişdir) təxminən 80–109 santimetr daha artıqdır; daha intensiv qabarma — ölçülmüş dəniz səviyyəsi normadan təxminən 110–139 santimetr daha yüksəkdir; ekstremal daşqınlar — ölçülmüş dəniz səviyyəsi 140 santimetrə çatır və ya bu göstəricidən daha çox olur.
Bütovlükdə, qabarmaların və çəkilmələrin səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdakı üç amildən asılıdır: Astronomik amil. O, göy cisimlərinin hərəkəti — ilk növbədə ayın, həmçinin günəşin və əhəmiyyəti o qədər də yüksək olmayan digər planetlərin təsiri nəticəsində yaranır (onların təsir gücü yer kürəsinə olan məsafədən asılı olaraq azalır). Bu amil astronomik mexanikanın qanunlarından asılıdır və dəqiq şəkildə hesablana və uzun müddətli dövr üçün (bir neçə il və ya onilliklər) proqnozlaşdırıla bilər; Geofiziki amil. O, ilk növbədə Adriatik dənizi basseyninin həndəsi formasından asılıdır, hansı ki, öz növbəsində yuxarıda qeyd olunan astronomik amili gücləndirə və ya əksinə azalda bilər. Amil fiziki mexanikanın qanunlarından asılıdır və astronomik amildə olduğu kimi, yüksək dəqiqliklə hesablana və uzun müddətli dövr üçün əhalini qabaqcadan xəbərdar edə bilər; Meteoroloji amil. O, küləklərin istiqaməti və gücü, barometrik təzyiqin sahələrinin yerləşməsi və onların qradiyentləri, eləcə də yağışların intensivliyi kimi, müxtəlif faktorların məcmusundan asılıdır. Onların mürəkkəb qarşılıqlı əlaqəsi və kvazistoxastik davranışı səbəbindən, amil göstəriciləri statistik hesablamalarda dəqiq şəkildə modelləşdirilə bilməz. Beləliklə, Akva altanın fövqəladə vəziyyətlərini müəyyən edən əsas amil kimi, bu komponent, yalnız çox qısa müddətə (bir neçə gün və həftə) proqnozlaşdırıla və adətən Venesiya sakinlərini qəflətən baş verəcək şiddətli daşqınlar barəsində öncədən xəbərdar edə bilər.
Daşqınların baş verməsinə səbəb olan əlavə təbii amillərə həmçinin torpaq səviyyəsinin təbii enməsi və evstaziya, yəni tədricən dəniz səviyyəsinin artması daxildir. Bu hadisələrin insan faktorundan asılı olmayaraq baş verməsinə baxmayaraq, antropogen təsirlər, xüsusilə də şəhər sakinlərinin təsərrüfat, sənaye və turizm fəaliyyətləri getdikcə daha da artan daşqınların qoyduğu fəsadların kəskinləşməsinə səbəb olur (Porto-Margerada bir zamanlar aktiv fəaliyyət göstərmiş sənaye müəssisələri Venesiya laqunun suyundan istifadə edərək, torpaq qatının çökməsinə səbəb olmuş, qlobal istiləşmə isə, öz növbəsində evstaziya prosesini daha da sürətləndirmişdir). Qabarmaların proqnozlaşdırılması və monitorinqi mərkəzinin hesablamalarına görə, 1897-ci ildən etibarən (müasir statistik qiymətləndirmə məhz həmin ildən başlamışdır), Venesiya şəhəri laqun və dəniz səviyyəsindən təqribən 23 sm aşağı enmişdir. Onun 12 sm-i təbii səbəblərin, 13 sm-i isə, insan fəaliyyətinin payına düşür. Adriatik dənizinin peyk fotolarına nəzər yetirərkən, hövzəsinin uzun və dar düzbucaqlı və yarımqapalı formaya malik olduğunu aydın şəkildə görmək olur; bu cür forma, seyş adlanan dalğaların yaranmasına birbaşa səbəb olur. Seyşlər nəticəsində su, dənizin bir tərəfində qalxarkən, digər tərəfində enir. Bu cür təkrarlanan hərəkətlər nəticəsində dənizdə ritmik və titrəyişli dalğalar formalaşır.
Sürəkliyi 21 saat 30 dəqiqə, amplitudası isə təxminən 0,5 metrə bərabər olan dalğa titrəyişləri, təbii qabarma və çəkilmə prosesinə qoşularaq, Aralıq dənizinin digər hissələrindən fərqli olaraq məhz Adriatik dənizdə daha ekstremal daşqınlara səbəb olurlar. Bundan başqa, bölgədə ortalama müddəti 12 saat 11 dəqiqə olan daha kiçik dalğa titrəyişləri də müşahidə olunur.Stravisi, Franco: Caratteristiche meteorologiche e climatiche del Golfo di Trieste , Università degli Studi di Trieste, Dipartimento di Scienze della Terra.Polli, Silvio: Effetti meteorici, statistici e dinamici, sul livello dell'Adriatico settentrionale, Istituto Sperimentale Talassografico di Trieste. Hər iki dalğa titrəyişinin davamiyyət müddətinin təbii, lakin müstəqil olan səmavi qabarmalar ilə müqayisə oluna biləcəyini nəzərə alsaq, hər iki effekt üst-üstə düşə və bir-birini gücləndirə bilməsini müşahidə etmək olar. Əgər meteoroloji şərait (məsələn, Adriatik hövzəsinin əsas oxu boyunca şimala doğru əsən güclü sirokko) normadan artıq olan qabarma suyunun təbii axınının qarşısını alırsa, Venesiyada akva alta daha ekstremal həddə çatır.
Venesiya laqununun spesifik xüsusiyyətləri
Venesiya laqununun xüsusi forması, sahil zonasında torpağın çökməsi və özünəməxsus şəhər konfiqurasiyası daşqınların vətəndaşlara və binalara təsirini hər il daha da artırır.
Veneto sahilində, yuxarıda qeyd olunan səbəblərdən başqa, suyun suaxanına həmçinin güclü, soyuq və kəskin bora küləkləri də neqativ təsir göstərirlər — belə ki, İtaliyanın dağlıq bölgələrindən, yəni şimal və şimal-şərq istiqamətlərdən Adriatik dənizi ilə laqunu birləşdirən limanlara tərəf əsən küləklər, suyun laqundan dəniz tərəfə təbii hidravlik axınını əhəmiyyətli dərəcədə yavaşıdır və ya bəzən tamamilə bloklayırlar.
Venesiya şəhərinin yaxınlığında Porto-Margera adlı sənaye zonasının və liman kompleksinin yaradılması, bir neçə səbəbə görə Akva alta fenomeninin güclənməsinə və ağırlaşmasına səbəb oldu: hər şeydən əvvəl, sənaye zonasının çox hissəsi daha öncə qumlu dayazlarla örtülmüş laqunun geniş sahələrinin zəbt edilməsi yolu ilə yaradılmışdır. Kiçik adalara bənzəyən və barene adlandırılan bu qumlu dayazlar təbii süngərlər və ya "genəldici rezervuarlar" kimi, qabarmalar zamanı artıq suyun əhəmiyyətli hissəsini absorbsiya edirdilər. Bundan başqa, irihəcmli neft tankerlərinin körpülərə yaxınlaşa və yan ala bilmələri üçün laqun ərazisindən gəmiçiliyə yararlı və olduqca dərin yeni kanalın əsası qoyulmuşdur. Kanale dei Petrole adlanan bu "neft kanalı" Malamokko limanı ərazisindən başlayaraq, Venesiya laqununun bütün eni boyunca uzanır və Porto Margeranın yerləşdiyi sahil xəttini Adriatik dənizlə birbaşa birləşdirirdi. Venesiyanın əsası qoyulduğu dövrdə dənizlə bilavasitə əlaqəni formalaşdıran bu cür kanallar ümumiyyətlə mövcud deyildi. Məhz bu səbəbdən də günümüzdə bölgədə reallaşdırılan bu və ya digər istənilən radikal yeniliklər, onsuzda dağılma təhlükəsində olan şəhəri getdikcə daha da intensivləşən qabarmalarla üz-üzə qoyur.
Porto-Margera sənaye mərkəzi qabarmaların orta amplitudasının dəyişikliyinə səbəb olan yeganə antropogen təsir nümunəsi deyil. Bölgədə insan fəaliyyəti nəticəsində baş vermiş digər başlıca dəyişikliklər bunlardır: Mestre-Venesiya dəmir yol körpüsünün tikintisi (1841–1846-cı illər); Kyocca hövzəsinə axan Brenta çayının qurudulması və bunun ardından əlavə olaraq 2 363 hektar torpağın rekultivasiyası; Porto di Malamokko (1820–1872-ci illər), Porta di San Nikolo (1884–1897-ci illər) və Porto di Kyocca (1911–1933-cü illər) adlı dalğasındıranların tikintisi; Veneto bölgəsini Venesiya adaları ilə birbaşa birləşdirən Ponte della Liberta adlı avtomobil və dəmiryolu körpüsünün tikintisi (1931–1933-cü illər); Riva dei Sette Martiri sahilinin və yeni yaşayış ərazisinin tikintisi (1936–1941-ci illər); 17 hektar sahəni tutan Tronçetto adlı süni adanın (1957–1961-ci illər) və böyük avtomobil parklanma sahəsinin (1977) tikintisi.
Son illərdə dənizin orta səviyyəsinin artımının güclü tendensiyası müşahidə olunur və şəhər rifahının özünəməxsus indikatoru hesab edilən dəniz səviyyəsinə nisbətən ən aşağı nöqtə sayılan San Marko meydanında bu artım daha aydın hiss olunur (dəniz səviyyəsi ilbəil həndəsi irəliləmə üzrə yüksəlir: 2007-ci ildə +24,1 santimetr, 2008-ci ildə +27,8 santimetr, 2009-cu ildə +33,4 santimetr, 2010-cu ildə +40,5 santimetr).
2017-ci ildə şimali Adriatika akvatoriyasında baş vermiş akva altanın hündürlüyü bir metrə yaxınlaşmışdır ki, bu da, bütün Aralıq Dənizi boyunca qeydə alınmış ən yüksək göstərici idi.
Akva alta Venesiyada
Venesiyada daşqınların səviyyəsi
Akva alta səbəbindən hər il baş verən daşqınlar Venesiya ərazisində qeyri-bərabər şəkildə təqsim olunur və şəhərin tam və ya qismən suyun altında qalması müxtəlif amillərdən asılı olur: Şəhər rayonlarının və məhəllələrinin suyun səviyyəsinə nisbətən hündürlük fərqləri (Venesiyanın ürəyi hesab edilən San Marko meydanı, eyni zamanda şəhərin ən aşağı nöqtəsi hesab edilir); Yaşayış binalarının kanallara olan məsafəsindəki fərqlər; Kanal sahillərinin, binaların fundamentlərinin hündürlüyü, eləcə də fundamentlər boyunca quraşdırılmış ardıcıl parapet sisteminin və yaxud "fondamenta" adlanan səkilərin mövcud olub olmaması; Kanallarla bilavasitə bağlı olan və daşqınların mənbələri rolunda çıxış edən qədim su quyularının və drenlərin yerləşmə yeri.
1976-cı ildə italyan əsgəri və dənizçisi Roberto Frassettonun rəhbərliyi altında Milli Araşdırmalar Şurası () Venesiya şəhərinin bütün ərazisinə münasibətdə subasma və daşqınların hündürlüyünün faizlə xüsusi cədvəli təşkil olunmuşdur. 26 noyabr 2009-cu ildə isə İnsula şirkəti tərəfindən keçirilmiş tədqiqatlardan dərhal sonra hər altı aydan bir yenilənən yeni cədvəllər yaradılmasına dair qərar qəbul edilmişdir. Yeni cədvəllərdə şəhərin bütün ərazisi deyil, yalnız ictimai piyada hərəkəti üçün istifadə edilən sahələr daxil edilmişdir.
Daşqınlar zamanı piyadaların hərəkətinə kömək etmək üçün əsas şəhər küçələrində trap (dəmir dayaqlar üzərində olan geniş taxta lövhələr) şəbəkəsi quraşdırılır. Pilləkənlər ilə təchiz edilmiş piyada keçid sistemi yalnız dəniz səviyyəsindən 120 sm hündürlüyə kimi piyadalar üçün effektiv olur, daha yüksək qabarmalar baş verdiyi zaman isə, o, suyun altında qalır.
+ 2008-ci ilə qədər qəbul edilmiş Frassetto altimetriya standartları Qabarma hündürlüyü Venesiyanın su basmış ərazisi +90 cm 0,29% +100 cm 3,56% +110 cm 11,74% +120 cm 35,18% +130 cm 68,75% +140 cm 90,19% +150 cm 96,33% +160 cm 99,27% +170 cm 99,74% +180 cm 99,86% >+180 cm 100%
+ 2009-cu ildən bu günədək qüvvədə olan İnsula altimetriya standartları Qabarma hündürlüyü Venesiyanın su basmış ərazisi <90 cm 1,84% 91–100 cm 5,17% 101–110 cm 14,05% 111–120 cm 28,76% 121–130 cm 43,16% 131–140 cm 54,40% 141–150 cm 62,99% 151–160 cm 69,44% 161–170 cm 74,21% 179–180 cm 78,12% 181–190 cm 82,40% 191–200 cm 86,40% >200 cm 100,00%
Aşkarlama, hesabat və nəzarət üsulları
Daşqın ölçüsünün standart meyarı kimi, Venesiyanın Dorsoduro rayonunda, daha dəqiq desək əzəmətli Santa Mariya della Salute kilsəsinin yaxınlığındakı Punta della Salutedə yerləşən stansiyada ölçülmüş qabarmaların hündürlüyü əsas olaraq götürülür. Faktiki olaraq, ənənəyə görə, Venesiyada qabarmaların hündürlük göstəricisi 1897-ci ildə ölçülmüş Punta della Salute ərazisindəki dənizin orta səviyyəsinə bərabərdir.