Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə () — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizmin (qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının) əsasını qoymuş ictimai xadim hesab olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Həyatı Cəlil Məmmədquluzadə -cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir. Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.

Məşədi Məmmədqulu XIX əsrin ikinci yarısında Naxçıvan şəhərində yerli sahibkarlardan olan Canpoladovların duz anbarlarında çalışmış, burada duz, ot və saman satmış, həmçinin ailəsini dolandırmaq üçün Şahab məhəlləsində baqqal dükanı işlətmişdi. 1877-ci il müharibəsi zamanı Naxçıvan duz mədənlərinin məşhur icarədarları olan Canpoladov qardaşları Məşədi Məmmədquluya podrat duz buraxmışlar. Bununla da onun maddi vəziyyəti bir qədər yaxşılaşmışdı. Məşədi Məmmədqulu təxminən 1860-cı ildə öz həmyerlisi dirrikçi Məşədi Babanın qızı Sara Babayeva ilə evlənmiş, onların 4 oğlu və 1 qızı olmuşdu. M. Məmmədqulunun böyük oğlu Mirzə Yusif saatsaz idi, fars dilini mükəmməl bilirdi. O, cavan yaşlarında vəfat etmişdi. Kiçik oğlu Xəlil də çox erkən — 1904-cü ildə dünyasını dəyişmişdi. Məşədi Məmmədqulu yalnız iki oğlunu — Ələkbəri, Cəlili və qızı Səkinəni böyüdüb, onlara tərbiyə verə bilmişdi. Onun üçüncü oğlu Mirzə Ələkbər (1872–1922) 1906–1911-ci illərdə İran Azərbaycanındakı milli-azadlıq hərəkatının fəal iştirakçılarından biri olmuşdur. O, Səttar xanın yaxın silahdaşlarından idi. Qızı Səkinə isə 1900-cü ildə Məmmədqulu bəy Kəngərliyə, sonra isə onun qohumu Əsgər ağa Kəngərliyə ərə getmiş, 1893-cü ildə qardaşı Cəlildən 8 nəfər qız tələbə ilə birlikdə təhsil almışdır. 1913-cü ildə vəfat etmişdi. Onun Teymur və Cəlal adlı iki oğlu, Pakizə adlı bir qızı qalmışdır. Onlar Mirzə Cəlilin himayəsində böyümüşdü. Ədibin valideynləri 1905-ci ilin əvvəllərində Naxçıvanda vəfat etmişlər.

Ailəsi thumb|Cəlil Məmmədquluzadə oğlu Midhət ilə birlikdə (1916)1896-cı ildə ilk evliliyi Nehrəmli Nağı kişinin qızı Həlimə xanımla ailə qurmuşdur. Bu evlilikdən 1897-ci ildə Münəvvər adlı qız övladı dünyaya gəlmişdir, bir il sonra təəssüflər olsun ki, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir. 1900-cü ildə dövrünün tanınmış hüquqşünaslarından olan Məhəmmədqulu bəy Kəngərlinin bacısı Nazlı xanım Kəngərli ilə ailə həyatı qurur. Nazlı xanımın adı el arasında Zeynabağa xanım da adlanırdı. Lakin sonradan Mirzə Cəlillə Nazlı xanımın münasibətləri korlanır. 1903-cü ildə Nazlı xanım vaxtından əvvəl ölü uşaq doğur və bununla da əsəb xəstəliyinə tutulur. Mirzə Cəlil Məhəmmədqulu bəylə birlikdə xəstəni Tiflisə aparır və həkimlərin tövsiyəsi ilə əsəb xəstəlikləri üzrə Mixaylovski xəstəxanasına yerləşdirir. Buna baxmayaraq Nazlı xanımın xəstəliyi şiddətlənir, yeməkdən qəti imtina edir və tezliklə dünyasını dəyişir. Üçüncü dəfə 15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurmuş, oğlanları Midhət və Ənvər dünyaya gəlmişdir. Həmidə xanım atası kimi maarifçilik fəaliyyəti ilə məşğul olmuşdur. Bununla da Azərbaycanın ilk maarifçi qadınlarından olmuşdur. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur. Qızı Münəvvər Məmmədquluzadə 1897-ci ildə anadan olmuşdur. Cəlil Məmmədquluzadənin vəfatından sonra uzun müddət Nehrəm kəndində mamaça, sonra isə səhiyyə məntəqəsinin müdiri vəzifəsində işləmişdir. SSRİ Ali Sovetinin II çağırış deputatı olmuşdur. İki dəfə ailə həyatı qurmuş, övladı olmamışdır. 1965-ci ildə vəfat etmişdir. Oğlu Midhət Məmmədquluzadə 1908-ci ildə Tbilisi şəhərində anadan olmuşdur. Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Politexnik İnstitutunun Hidrotexniki tikintilər fakültəsində oxumuş (1928–1931), su inşaatı mühəndisi ixtisası qazanmışdır. Midhət Azərbaycan Dövlət Plan Komitəsində çalışmış, Mingəçevir SES-inin layihəsini hazırlayan komissiyanın elmi katibi olmuşdur. Dövlət Plan Komitəsinin kollegiya üzvü seçilmişdir. Mühəndis Rzazadə ilə birlikdə "Bakinski raboçi" qəzetində Mingəçevir SES-i haqqında ilk məqaləni dərc etdirmişdir. İyirmi dörd yaşında xəstələnmiş və 1932-ci ildə Bakıda vəfat etmiş, Çəmbərəkənd qəbiristanlığında dəfn olunmuşdu. Sonralar həmin məzarıstan köçürülərkən cənazəsinin qalıqları atasının Fəxri xiyabandakı qəbrinin yanında torpağa tapşırılmışdır. Ənvər Məmmədquluzadə 11 may 1911-ci ildə indiki Ağcabədi rayonunun Kəhrizli kəndində doğulub. 1939-cu ildə Azərbaycan Tibb Universitetini bitirmiş, bir müddət həmin ali məktəbdə əczaçılıq kafedrasında işləmişdir. Tələbə yoldaşı Mehin Dadipurla ailə həyatı qurmuş, İkinci Dünya müharibəsi zamanı həyat yoldaşı Mehin xanımla Sovet qoşunlarının tərkibində İranın Tehran şəhərinə getmişdir. Burada ikinci dəfə tibb bacısı, polyak qızı Zofya Bahrinovska ilə evlənmişdir. Ömrünün sonuna qədər İranda işləmişdir. Mirzə Cəlilin oğlu olduğunu mövcud rejimə görə gizlətmiş, Cavanşir soyadını daşımışdır. Bununla belə, Azərbaycandakı anasının qohumlarına gizli məktublar yollaya bilmişdir. Övladları: Səqqətçiya Mehri (1940, Bakı) — Mehin xanımdan olan qızı, əvvəllər İranda yaşamış, hazırda Parisdə yaşayır. Qızları Natali tərcüməçi-jurnalist, Məhsəti isə həkimdir. Midhət Cavanşiri (1944, Tehran) — Z. Bahrinovskadan olan böyük oğlu, Polşada təhsil almışdır, Lodz şəhərində işləmişdir. Martin (1970) və Ramin (1981) adlı oğulları vardır. Hazırda Polşada yaşayırlar. Qızı Nizhət Məmmədquluzadə (1940, Tehran) — hazırda Fransanın Nitsa şəhərində yaşayır. Bir oğlu və bir qızı var. Oğlu Cavanşiri Teymur (1949, Tehran — 1994, Kiş adası) — mühasib idi. Şahin (1976) və Bəzrin (1984) adlı iki oğlu vardı. Avtomobil qəzasinda həlak olmuşdur. Qızı İren Cavanşiri-Süleymani (1951, Tehran) — evdar qadındır. Leyla adlı qızı var.

Nəsil şəcərəsi Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi XIX və XX əsrlərin müxtəlif şəxsiyyətlərini, ədəbi-maarifçi hərəkatıını unudulmaz hadisələrini özündə əks etdirir. Mirzə Cəlilin nəsil şəcərəsi ata ocağı ilə başlanır.

Məşədi Hüseynqulu Məmmədqulu Məşədi Hüseynqulu oğlu (? −1905) Cəlil Məmmədquluzadə (1869–1932)

Təhsili Cəlil Məmmədquluzadə 1873–1876-cı illərdə Molla Əli Hüseynzadənin, 1877–1879-cu illərdə isə Hacı Molla Bağırın məktəbində oxumuşdur. O, bu barədə qeyd etmişdir:

Ədib ərəb və fars dillərini də həmin vaxtda öyrənmişdir. Daha sonra Cəlil 1879-cu ildən Naxçıvan şəhər üçsinifli məktəbində təhsilini davam etdirir. Həmin məktəbdə dərslər rus dilində tədris olunurdu və Azərbaycan dilinin tədrisinə cuzi yer verilirdi. O, burada 3 il təhsil almışdı. Mirzə Cəlilin dünyagörüşünün inkişafına burada keçirilən dünyəvi fənlərin, həmçinin məktəbin müdiri, maarifçi Konstantin Nikitinin (1832–1894), qabaqcıl görüşlərinə görə mərkəzdən uzaqlaşdırılaraq Naxçıvanda müəllimliyə göndərilmiş gürcü xalqçı-demokrat, coğrafiya müəllimi Georgi Uturqaurinin, ana dili və şəriət müəllimi, teatr həvəskarı Mirzə Sadıq Qulubəyovun (1823 — ?), Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini beş il əvəzinə iki ilə bitirərək doğma şəhərə təyinat almış, A. O. Çernyayevskinin yetirməsi olan Əliməmməd Xəlilovun (1862–1896) da mühüm təsiri olmuşdur.

Qori Müəllimlər Seminariyası Çar hökuməti 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsi yaradılması haqqında fərman vermişdi. Seminariya pansionlu qapalı təhsil ocağı olub, kənd məktəbləri üçün müəllim hazırlayırdı. Seminariyanın Azərbaycan şöbəsinin müfəttişi A. O. Çernyayevski ilk illərdə Azərbaycan rayonlarını gəzərək, seminariyada oxumaq üçün tələbələr seçirdi. O, 1882-ci ildə Naxçıvana gəlmiş və Cəlil Məmmədquluzadəni də başqa şagirdlərlə birlikdə təhsil alması üçün siyahıya almışdı.

Cəlilin bu məktəbdə oxumağa istiqamətləndirilməsində müəllimi Əliməmməd Xəlilovun xüsusi rolu olmuşdur. Əliməmməd Xəlilov C. Məmmədquluzadənin seminariyaya daxil olması barədə Məşədi Məmmədqulunun adından göndərilmiş kalleqrafik xətlə yazılmış 21 iyun 1882-ci il tarixli ərizəsini də öz xətti ilə köçürmüşdü. Həmin il qəbul imtahanlarını uğurla verən Cəlil seminariyanın aşağı hazırlıq sinfində dərslərə başlamışdır. Ədib aşağı və yuxarı hazırlıq siniflərində, habelə birinci əsas sinifdə yaxşı oxumuşdur. Professor Əziz Şərif bununla bağlı qeyd etmişdir:

Lakin əsas siniflərdə təhsil alarkən onun qiymətləri birdən-birə aşağı düşmüşdür. Buna səbəb isə sərt rejimin olmağı, həmçinin seminaristləri ana dilində danışmaqdan, ətraf mühitlə əlaqə saxlamaqdan məhrum edən qaydaların mövcudluğu idi. Cəlil Məmmədquluzadə seminariyanı 1887-ci ildə bitirir və müəllimlik attestatı alır. Attestatda qeyd edilmişdir: (Gürcüstan SSR Dövlət Xalq Maarif Muzeyinin arxivi, Zaqafqaziya (Qori) müəllimlər seminariyasının işi, № 1565)

Ədibin dünyagörüşünün, bədii zövqünün, yaradıcılıq vərdişlərinin formalaşmasında 5 il (1882–1887) oxuduğu Zaqafqaziya Müəllimlər Seminariyasındakı təhsil illəri mühüm mərhələ təşkil etmişdir. Cəlil burada Azərbaycan və Şərq ədəbiyyatı ilə yanaşı, Avropa, rus elmi, mədəniyyəti və demokratik fikri, mütərəqqi pedaqoji təlimi ilə də yaxından tanış olmuşdur.

Seminariyada başqa fənlərlə yanaşı, tərcümə dərslərinə xüsusi fikir verilirdi. Bu yolla həm dünya ədəbiyyatı ilə əsaslı tanışlıq başlanırdı, həm də tərcümə seminaristlərdə qələm vərdişləri yaradırdı. Ədib seminariyada tərcümə üçün Nikolay Qoqolun və İvan Krılovun əsərlərini seçmişdir. Burada o, müxtəlif millətlərdən olan A. O. Çernyayevski, D. D. Semyonov, N. N. Novospasski, N. O. Lomouri, habelə azərbaycanlı müəllimlər Mirzə Əbdülqasım Axundzadə, Səfərəlibəy Vəlibəyov kimi pedaqoqlardan dərs almışdır.

Gənc Cəlil seminariyada təşkil olunmuş tədbirlərdə fəal iştirak etmiş, teatr tamaşalarında həvəskar aktyor kimi səhnəyə çıxmışdır. Bununla yanaşı, ədəbi gecələr üçün ssenarilər, sınaq dərslər üçün icmallar yazmışdır. Qori seminariyası Cəlil Məmmədquluzadənin mənəvi aləmində, dünyaya baxışında, təbiət və cəmiyyət hadisələri anlayışında əsaslı dönüş yaratmışdı.

Buraxılış imtahanları qurtardıqdan sonra seminariya yoldaşı İsmayılbəy Şərifbəyovun dəvəti ilə Cəlil Şuşaya getmişdir. O, burada Xurşidbanu Natəvanla və yerli ziyalılarla tanış olmuşdur.

Pedaqoji fəaliyyəti Cəlil Məmmədquluzadə seminariyanı bitirib müəllimlik attestatı aldıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır. O, 1887–1897-ci illər arasında İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd) və Nehrəm kəndlərində müəllimlik etmişdir.

Mirzə Cəlil 1887-ci ilin avqustundan Uluxanlı kəndinə müəllim təyin olunmuşdu. Belə ki, Qafqaz tədris dairəsinin müdiri İrəvan və Yelizavetpolun xalq məktəbləri müdirinə göndərdiyi 7 avqust tarixli məktubunda Uluxanlı məktəbinin müəllimi Məmmədbəy Qazıyevin işdən azad edildiyini və onun əvəzinə Cəlil Məmmədqulizadənin təyin olunduğunu bildirmişdi. Gənc müəllim 1887-ci ilin sentyabrın 1-dən Uluxanlı qəsəbəsində 1-ci dərəcəli məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. Həmin vaxt Uluxanlıda əhalinin elmə, məktəbə həvəsi yox idi. Məktəbdə cəmisi 10–12 nəfər şagird oxuyurdu.