Nadir Həbib oğlu Rüstəmov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR meliorasiya və su təsərrüfatı naziri (1974–1980), Azərbaycan SSR Nazirlər Soveti Dövlət Su Təchizatı, Su Ehtiyatlarının Mühafizəsi və İşlədilməsi İstehsalat Komitəsinin (1964–1974), Yerüstü və Yeraltı Su Ehtiyatlarını İşlətmə və Mühafizə Komitəsinin (1961–1964) sədri.
Həyatı Nadir Həbib oğlu Rüstəmov 1913-cü ildə Tərtərdə yoxsul kəndli ailəsində anadan olmuşdur. Valideynlərini erkən yaşda itirdiyi üçün Tərtərdə uşaq evinə qəbul edilmiş, 1920–1925-ci illəri burada keçirmişdir. Burada o, birinci dərəcəli məktəbi bitirmiş, sonra isə Şuşa Pedaqoji Texnikumuna oxumağa göndərilmişdir. 1929-cu ildə texnikumu bitirdikdən sonra Tərtər rayonundakı Evoğlu kənd məktəbinə direktor təyin edilmiş və burada 1931-ci ilin sentyabr ayınadək işləmişdir.
1931-ci ildə Nadir Rüstəmov Tiflisdəki Zaqafqaziya Mühəndis-Meliorasiya İnstitutuna daxil olmuş, 1933-cü ildə həmin institut Azərbaycan Kənd Təsərrüfatı İnstitutu ilə birləşdirildiyi üçün bu institutun Hidromeliorasiya fakültəsində təhsilini davam etdirmişdir. 1935-ci ildə fakültənin nəzəri kursunu bitirərək Tərtər HES tikintisində iş icraçısının köməkçisi vəzifəsində çalışmış və burada diplom işini başa çatdırıb müdafiə etmişdir.
Nadir Rüstəmov 1938-ci ildə Bakıya gələrək Azərbaycan dəyirman tresti sistemində işləmiş, sonra Azərbaycan SSR Su Təsərrüfatı Xalq Komissarlığı Mexaniki Suvarma İdarəsinin tikinti qrupuna rəhbərlik etmişdir. 1944-cü ildə o, Azərbaycan SSR Dövlət Nəzarəti Nazirliyinə keçirilmiş, 1950-ci ildə SSRİ Dövlət Ərzaq və Material Ehtiyatları Nazirliyinin Azərbaycan ərazi idarəsi üzrə SSRİ Dövlət Nəzarəti Nazirliyinin baş nəzarətçisi təyin edilmişdir.
Nadir Rüstəmov 1955–1957-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini, daha sonra müdiri işləmişdir. 1960-cı ilədək Azərbaycan KP Mirbəşir Rayon Komitəsinin birinci katibi, 1961-ci ildən isə Azərbaycan SSR Nazirlər Soveti Yerüstü və Yeraltı Su Ehtiyatlarını İşlətmə və Mühafizə Komitəsinin sədri olmuşdur. 1964–1974-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Su Təchizatı, Su Ehtiyatlarının Mühafizəsi və İşlədilməsi İstehsalat Komitəsinin sədri, 1974-cü ilin aprel ayından isə Azərbaycan SSR meliorasiya və su təsərrüfatı naziri vəzifələrində çalışmışdır.
Nadir Rüstəmov 1945-ci ildə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmişdir. O, Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının sədri olmuş, 5-ci və 9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Qeydlər
İstinadlar
Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mirbəşir Rayon Komitəsinin birinci katibləri