Adil Qabil oğlu Kərimli () — Azərbaycan Respublikasının mədəniyyət naziri (2023-cü ildən), Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini (2012–2022).
Həyatı Adil Qabil oğlu Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildən Bakı şəhər 42 nömrəli məktəbdə təhsil almış, 1995-ci ildə ekstern imtahanlar verərək orta məktəbi bitirmiş və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. 1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilmiş və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini almışdır.
İngilis və rus dillərini bilir. Hərbi-hüquqşünas ixtisaslaşması üzrə ehtiyatda olan zabitdir.
Fəaliyyəti Adil Kərimli əmək fəaliyyətinə 1999-cu ildə "Hüquq ədəbiyyatı" nəşriyyatında hüquq məsləhətçisi kimi başlamışdır. 2001–2003-cü illərdə Bakı Hüquq Mərkəzində baş hüquq məsləhətçisi olmuşdur. 2001-ci ildən Bakı Dövlət Universitetində müəllim və 2011-ci ildən isə baş müəllim işləmişdir. 2003–2009-cu illərdə "Great Wall Drilling Company" şirkətinin Azərbaycan nümayəndəliyində Hüquq departamentinin rəhbəri vəzifəsində çalışmışdır.
2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində əvəzçilik üzrə hüquq və beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində işləmişdir. 2007–2011-ci illərdə "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, 2011-ci ilin avqust ayından 2012-ci ilin avqust ayınadək Bakı şəhərinin ev sahibliyi etdiyi "Eurovision" Mahnı Müsabiqəsi–2012 İşçi qrupunun rəhbəri vəzifəsində çalışmışdır. 2007-ci ildən Avropa Yayımları Birliyinin Hüquq və İctimai İşlər Komitəsinin, 2011-ci ildən isə Avropa Yayımları Birliyinin "Eurovision" Mahnı Müsabiqəsi üzrə Məşvərət qrupunun üzvü olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilmişdir.
"Milan Ekspo", "Dubay Ekspo" və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik etmiş, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olmuşdur.
Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələrinin, fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə işçi qrupunun üzvü olmuşdur. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışmışdır.
2004–2010-cu illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmuşdur. 1 iyul 2022-ci ildə yenidən Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmişdir. 2014-cü ilin may ayından Azərbaycan Avtomobil Federasiyasının İdarə Heyətinin üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2022-ci il tarixli müvafiq sərəncamları ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilmiş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2023-cü il tarixli müvafiq sərəncamları ilə mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilmiş və mədəniyyət naziri təyin edilmişdir.
Seçilmiş əsərləri
İstinadlar
Kateqoriya:Azərbaycan vəkilləri Kateqoriya:Azərbaycanın mədəniyyət nazirləri Kateqoriya:Azərbaycan Respublikasının mədəniyyət nazirlərinin müavinləri