Zaxari Vasiliyeviç Amaşukeli () — Rusiya imperiyasının və Azərbaycan Xalq Cümhuriyyətinin hərbi xadimi, onun süvari diviziyasının komandanı, AXC Hərb nazirliyi yanındakı Hərbi Şuranın üzvü, general-mayor (1917). Birinci Dünya müharibəsinin qəhrəmanlarından biri.
Həyatı Təhsilini Voronej kadet korpusunda almışdır. 1881-ci ildə Nikolayevskaya Kavaler Məktəbində siravı yunker rütbəsi ilə həm ali təhsil almış, həm də xidmət etmişdir. 12 sentyabr 1883-cü ildə həmin məktəbi fərqlənmə ilə bitirmiş və kornet rütbəsi ilə 16-cı Tver draqun polkunun Qafqaz kavaler diviziyasında xidmət etməyə başlamışdır. 1885-ci ildə poruçik, 1891-ci ildə ştabs-rotmistr, 1899-cu ildə rotmistr, 1907-ci ildə podpolkovnik rütbəsinə yüksəlmişdir. Birinci Dünya müharibəsinin başlanma ərəfəsində (1914) polkovnik rütbəsinə yüksəlmişdir.
Birinci Dünya müharibəsində 16-cı Tver polkunun qərərgah zabiti kimi iştirak etməyə başlamışdır. 15 oktyabr 1916-cı ildə IV dərəcəli "Müqəddəs Georgi" ordeni ilə tltif edilmişdir:
[Medal verilir] ona görə ki, 11 iyul 1915-ci ildə Xanoğlu kəndi yaxınlığında düşmənin ağır tüfəng və pulemyot atışi altında alayın squadron bölməsinə komandanlıq edərək o, süvari hücumu təşkil etmiş, 3 xətti keçməyi bacarmış, düşmənin piyada hücumunun qarşısını almış və geri çəkilənləri təqib etmişdir.
1917-ci ildə II Revelskovo süvari sərhəd polkunun komandanı təyin edilmişdir.
19 yanvar 19190-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda xidmət etməyə başlamışdır. AXC-in Hərbi nazir artilleriya generalı Səməd bəy Mehmandarovun 35 saylı əmrində deyilirdi:
General-mayor Amaşukeli yanvarın 19-dan Azərbaycan Respublikası qoşunlarına xidmətə qəbul edilir və süvari diviziyasının qərargah rəisi vəzifəsini icra edən təyin edilir.
O, eyni zamanda Hərb Nazirliyinin yanında Hərbi Şuranın üzvü təyin edilmiş, lakin birbaşa komandanlıq etdiyi vəzifənin icrasını da davam etdirmişdir. Fevral ayından avqust ayına qədər süvari diviziyanın müvəqqəti komandanı olmuşdur. AXC-ın hərbi işlər üzrə nazirinin 3 avqust 1919-cu il tarixli, 347 nömrəli əmrində deyilir:
Daxil olan vəsatət nəzərə alınaraq, Süvari Diviziyasının komandiri, diviziyanın qərargah rəisi, general-mayor Amaşukeli öz xahişi ilə xidmətdən azad edilərək Azərbaycan Ordusunun qoşun hissələrinin siyahısından çıxarılsın.
7 ay əvvəl orduda gərgin quruculuq işlərinin aparıldığı dövrdə diviziyanın Baş Qərargah rəisi kimi xidmətə qədəm qoyan general-mayor Amaşukeli faktiki olaraq beş aydan çox diviziya rəisi vəzifəsində çalışıb. Hərbi işləri mükəmməl bilən və onu sevən, hərbi hissələrin həyatında hərbi xidmətin tələblərini yerinə yetirməkdə enerjisi və xüsusi əzmkarlığı ilə seçilən general-mayor Amaşukeli işə böyük səmərə verib.
General Amaşukeli ilə ayrıldığım üçün təəssüf hissi ilə ona orduda əla və səmərəli xidmətinə görə səmimi təşəkkürümü bildirirəm.
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusundan ayrıldıqdan sonra bolşeviklərə qarşı döyüşən Cənubi Rusiya Ordusuna, yəni Ağ Qvardiyaya qatılmışdır. Rusiya Vətəndaş müharibəsində Ağ Qvardiyanın məğlubiyyətindən sonra Rusiya Ümumhərbi Birliyinin üzvü kimi Yuqoslaviyaya mühacirət etmişdir. Belqradda dəfn edilmişdir.
Mükafatları III dərəcəli "Müqəddəs Stanislav" ordeni III dərəcəli "Müqəddəs Anna" ordeni II dərəcəli "Müqəddəs Stanislav" ordeni II dərəcəli "Müqəddəs Anna" ordeni IV dərəcəli "Müqəddəs Vladimir" ordeni III dərəcəli "Müqəddəs Vladimir" ordeni IV "Müqəddəs Georgi" ordeni
Həmçinin bax Vasili Karqaleteli
İstinadlar
Mənbə
Kateqoriya:4-cü dərəcəli "Müqəddəs Georgi" ordeninin kavalerləri Kateqoriya:Qılınclı və bantlı 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni kavalerləri Kateqoriya:Qılınclı 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri Kateqoriya:Qılınclı 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni kavalerləri Kateqoriya:Qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri Kateqoriya:3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri Kateqoriya:Nikolayev Süvari Məktəbinin məzunları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin generalları Kateqoriya:Azərbaycan generalları