Vasili Lukiç Pyatibrat (; ; ) — mühəndis, dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1972–1979), SSRİ sənaye tikintisi nazirinin müavini (1979–1986), SSRİ-nin və RSFSR-in cənub rayonlarında tikinti nazirinin birinci müavini (1988–1989, 1989–1990), RSFSR əməkdar inşaatçısı (1991).

Həyatı Vasili Lukiç Pyatibrat 1930-cu il noyabrın 1-də Ukrayna SSR-in Poltava vilayətinin Qlobino rayonunun Babiçovka kəndində anadan olmuşdur. Leninqrad Politexnik İnstitutunun Hidrotexniki mühəndislik fakültəsində təhsil almış, 1953-cü ildə buranı bitirdikdən sonra Kuybışev şəhərinə gələrək RSFSR Çay Donanması Nazirliyinin Sualtı Texniki İşlər İdarəsinin qrupunun komandiri olmuşdur.

Vasili Pyatibrat 1960-cı ildən Kuybışev Xalq Təsərrüfatı Şurasının tikinti tresti tikinti-quraşdırma idarəsinin sahə rəisi və baş mühəndisi, 1964-cü ildən SSRİ Sənaye Tikintisi Nazirliyi Orta Volqa Baş Tikinti İdarəsinin 25 nömrəli tikinti-quraşdırma tresti tikinti idarəsinin rəisi, trest müdirinin müavini vəzifələrində işləmişdir. 1969-cu ilin may ayında 25 nömrəli trestin müdiri təyin olunmuş, 3 il 3 ay bu vəzifədə işlədikdən sonra, 1972-ci ilin avqust ayında Azərbaycan SSR sənaye tikintisi naziri vəzifəsinə təyin edilmişdir.

Vasili Pyatibrat 1979-cu ilin iyun ayından SSRİ sənaye tikintisi nazirinin müavini, 1986-cı ilin oktyabr ayından SSRİ-nin cənub rayonlarında tikinti nazirinin birinci müavini vəzifələrində, 1989–1990-cı illərdə RSFSR-in cənub rayonlarında tikinti nazirinin birinci müavini, 1990-cı ildən isə RSFSR-in Cənub Rayonlarında Tikinti üzrə Rusiya Dövlət Tikinti-Sənaye Konserni (Rosyuqstroy) idarə heyəti sədrinin birinci müavini vəzifələrində çalışmışdır. Sonrakı illərdə Moskva Vilayətinin İnkişafı üzrə Dövlət Unitar Müəssisəsinin rəhbəri olmuşdur.

Vasili Pyatibrat 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, Azərbaycan SSR Ali Sovetinin VIII və IX çağırış deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Dəfələrlə Novokuybışev Şəhər Zəhmətkeş Deputatları Sovetinə, Kuybışev Vilayət Zəhmətkeş Deputatları Sovetinə deputat seçilmişdir. "Oktyabr inqilabı" ordeni (1971), "RSFSR əməkdar inşaatçısı" fəxri adı (8 avqust 1991), "Şərəf" ordeni (15 sentyabr 1997), 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (7 avqust 2006), "Moskva şəhərinə qüsursuz xidmətə görə" fərqlənmə nişanı (18 noyabr 2010) ilə təltif edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri