– Yaponiyaya məxsus olmuş sərnişin və karqo gəmisi. İkinci Dünya müharibəsi zamanı Okinavadan Naqasakiyə yüzlərlə məktəblini daşıyarkən ABŞ-yə məxsus USS Bowfin sualtı qayığı tərəfindən batırılmışdır.
Xüsusiyyətləri Tsuşima-maru Şotlandiyanın Russell & Company şirkəti tərəfindən istehsal olunmuş və 8 sentyabr 1914-cü ildə suya buraxılmışdır. Gəmi Yaponiyanın Nippon Yusen şirkəti tərəfindən karqo və sərnişin gəmisi kimi istifadə olunurdu. Uzunluğu 135,6 metr idi.
Batırılması Tsuşima-maru 22 avqust 1944-cü ildə, gecə saat 10:12-də Yaponiyanın Akuseki adası yaxınlığında ABŞ donanmasına aid olan USS Bowfin sualtı qayığı tərəfindən torpedo ilə vurulmuş və 10 dəqiqə ərzində batmışdır. Həmin an Tsuşima-maru Ryukyu adalarının ABŞ tərəfindən işğal edilməsi səbəbilə Okinavadan Naqasakiyə sərnişin daşıyırdı. 21 avqustda Naha limanından yola düşən gəminin göyərtəsində 1783 sərnişin var idi ki, onlardan 1661 nəfəri Nahanın 8 məktəbindən olan məktəblilər idi. Gəmidə bir neçə valideyn və məktəb müəllimi də var idi. Gəmini Kazuura-maru və Qyoku-maru adlı iki sərnişin gəmisi də müşayiət edirdi. Tsuşima-marunun batırılması nəticəsində gəmidəki 1484 nəfər ölmüşdür. Qəzadan çıxanlar cəza ilə təhdid olunmuş və insident haqqında danışmalarına icazə verilməmişdir.
Gəminin qalıqları 12 dekabr 1997-ci ildə Yaponiya Dəniz Elm və Texnologiya Mərkəzi tərəfindən Akuseki adasından 10 kilometr şimal-qərbdə kəşf olunmuşdur.
Xatirəsi İkinci Dünya müharibəsindən sonra gəminin batması hadisəsi Yaponiyada geniş müzakirə olunmuş, haqqında kitablar və məqalələr yazılmışdır. 1982-ci ildə çəkilmiş anime filmi bu faciədən bəhs edir. Gəminin batdığı yerdə memorial tədbirlər keçirilir. Okinavanın paytaxtı Naha şəhərində və Akuseki adasında hadisəyə həsr olunmuş memorial abidə yerləşir.
Naha şəhərində hadisəyə həsr olunmuş Tsuşima-maru Memorial Muzeyi fəaliyyət göstərir.
İstinadlar
Xarici keçidlər Tsuşima-maru Memorial Muzeyi
Kateqoriya:Yaponiya gəmiləri Kateqoriya:Okinava döyüşü Kateqoriya:1914-cü ilin gəmiləri Kateqoriya:Beynəlxalq dəniz insidentləri