İltifat Ağaverdi oğlu Məmmədov () — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Masallı Rayon Komitəsinin birinci katibi (1989–1991), Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1985–1989), Azərbaycan Ali Sovetinin XII çağırış deputatı (1990–1995).
Həyatı İltifat Ağaverdi oğlu Məmmədov 1943-cü ildə Masallı rayonunun Qızılağac kəndində müəllim ailəsində anadan olmuşdur. 1960-cı ildə Qızılağac kənd orta məktəbini bitirmiş və 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur. 1963–1966-cı ildə Sovet Ordusu sıralarında sıralarında hərbi xidmət keçdikdən sonra təhsilini davam etdirmiş, 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini bitirmişdir. Elə həmin ildə təyinatla rayonun Kalinovka kənd orta məktəbinə dil-ədəbiyyat müəllimi olaraq işləməyə göndərilmişdir.
Sonrakı illərdə Azərbaycan Kommunist Partiyası Masallı Rayon Komitəsində işləməyə başlayan İltifat Məmmədov 1976–1977-ci illərdə buradakı siyasi maarif kabinetinin müdiri, 1977–1981-ci illərdə Təbliğat və təşviqat şöbəsinin müdiri, 1981–1983-cü illərdə isə Təşkilat-partiya işi şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1983–1985-ci illərdə Azərbaycan KP Masallı Rayon Komitəsinin ikinci katibi olmuş, 1985–1989-cu illərdə Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Həmin illərdə paralel olaraq Bakı Ali Partiya Məktəbində təhsil almışdır. 1989–1991-ci illərdə Azərbaycan KP Masallı Rayon Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
İltifat Məmmədov 1976–1991-ci illərdə Masallı Rayon Sovetinin və Masallı Şəhər Sovetinin deputatı olmuş, 1990-cı ildə Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmişdir. Ali Sovetinin Nəqliyyat və rabitə komissiyasının üzvü olmuşdur. Azərbaycan Kommunist Partiyasının XXXI (1986) və XXXII (1990) qurultaylarının nümayəndəsi olmuş, XXXII qurultayda Azərbaycan KP Nəzarət-təftiş komissiyasının üzvü seçilmişdir. 1999–2004-cü illərdə Masallı rayon Qızılağac kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş və 2005-ci ildə dövlət qulluqçusu kimi təqaüdə çıxmışdır.
İltifat Məmmədov 13 may 2021-ci ildə vəfat etmişdir. Doğulduğu kənddə dəfn olunmuşdur. "Ləyaqət işığında" sənədli filmi və "Ölməzlik haqqı" kitabı onun həyat və fəaliyyətinə həsr edilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Kommunist Partiyası Masallı Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Masallı Rayon Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan bələdiyyələrinin sədrləri