Rüfət Yusif oğlu Axundzadə () — Müdafiə Nazirliyinin Hərbi Orkestr xidmətinin rəisi, əməkdar incəsənət xadimi, polkovnik.

Həyatı Rüfət Axundzadə 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə İncəsənət Gimnaziyasının truba sinfini bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. Professor Ağarəsul Rəsulovun sinfində təhsil alaraq 2002-ci ildə məzun olub. Həmin ildə magistratura pilləsinə daxil olmuş, 2004-cü ildə fərqlənmə diplomu ilə bitirib.

2014-cü il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Rüfət Axundzadəyə "Əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.

2015-ci ildə dosent elmi adına layiq görülüb.

Xalq artisti general-mayor Yusif Axundzadənin oğludur.

Fəaliyyəti Rüfət Axundzadə 2008-ci ildən Bakı Musiqi Akademiyasının "Nəfəs və zərb alətləri" kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. 2011-ci ildə müsabiqə yolu ilə həmin kafedranın baş müəllimi olub. 2015-ci ildən həmin kafedranın dosenti vəzifəsində çalışır.

2024-cü il yanvarın 15-də Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidmətinin rəisi vəzifəsinə Yusif Axundzadənin yerinə təyinat alıb. O, bu təyinatadək Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin rəisi idi.

Yaradıcılığı Rüfət Axundzadə "Qələbə Marşı"nın müəllifidir. Marş 2020-ci ilin dekabrın 10-da Bakıda Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə keçirilən Hərbi Paradda səsləndirilib. Marş Qələbə Paradında səsləndirildikdən sonra müxtəlif tədbirlərdə də səsləndirilərək məşhurlaşıb.

İstinadlar