– Yaponiya dirijoru. Boston Simfonik Orkestrı, eləcə də, Yeni Yaponiya Filarmonik Orkestrı, San-Fransisko Simfonik Orkestrı, Toronto Simfonik Orkestrı və Nyu-York Metropolitan Operasındakı çıxışlarına görə tanınır. O, Qərbdə məşhurluq əldə edən ilk yapon dirijor hesab olunur.

Həyatı və karyerası 1935-ci ildə Mancuriyanın Şenyan şəhərində yapon ailədə doğulmuşdur. Ozava Yaponiyada böyümüş və pianoçu olmağı arzulamışdır. Lakin liseydə oxuyarkən oynadığı bir reqbi maçı zamanı barmağının zədələnməsi dirijorluğa yönəlməsinə səbəb olmuşdur.

Yaponiyada məktəb təhsili başa çatdırdıqdan sonra dirijor olmaq üçün Avropaya yollanmışdır. 1959-cu ildə Fransanın Bezanson şəhərində gənc dirijorlar üçün keçirilmiş müsabiqədə ilk mükafatını qazanmışdır. O, Avstriya dirijoru Herbert fon Karayan və ABŞ dirijoru Leonard Bernstayndan dirijorluq dərsləri almışdır. 1961-ci ildə Ozava Nyu-York Filarmonik Orkestrının köməkçi dirijoru olmuşdur. 1978-ci ildə Çin hökuməti tərəfindən dəvət olunmuş və Çin Mərkəzi Simfonik Orkestrı ilə işləmişdir.

Ozava 1973–2002-ci illərdə Boston Simfonik Orkestrının dirijorluğunu etmiş və orkestr tarixində ən uzunmüddətli dirijor olmuşdur. 2002-ci ildə Vyana Filarmonik Orkestrının Nyu-York Günü konsertində dirijorluq edən ilk yapon şəxs olmuşdur. 2002–2010-cu illərdə Vyana Dövlət Operasının musiqi direktoru olmuş və Vyana Filarmonik Orkestrının fəxri üzvlüyünə qəbul edilmişdir.

Yaponiyada isə 1980-ci illərdə müəllimi Hideo Saytonun xatirəsi üçün Sayto Kinen Orkestrını qurmuşdur. Naqano prefekturasının Matsumoto şəhərində baş tutan illik festivalda mütəmadi olaraq çıxış etmişdir. Yeni Yaponiya Filarmonik Orkestrının dirijor laureatı olmuşdur. 2005-ci ildə İsveçrənin Cenevrə şəhərində Seyci Ozava Beynəlxalq Akademiyasını qurmuşdur.

Ölümü Ozava 2010-cu ildə qida borusu xərçəngi səbəbilə əməliyyat olunmuş və həyatının qalan illərində sağlamlıq problemləri yaşadığı üçün səhnədən çəkilmişdir. 6 fevral 2024-cü ildə Tokioda yerləşən evində ürək çatışmazlığı səbəbilə ölmüşdür.

Mükafat və təltiflər Ozava Harvard Universitetinin fəxri doktorantura dərəcəsini əldə etmişdir. Sayto Kinen Orkestrı tərəfindən 2013-cü ildə ifa olunan "Uşaqlar və sehrlər" operasındakı çıxışına görə 2016-cı ildə "Qremmi" mükafatını qazanmışdır.

Şəxsi həyatı Gur saçları Ozavanın fərqləndirici fiziki xüsusiyyəti kimi tanınmışdır. O, modelyer Hanae Mori və yazıçı Haruki Murakami ilə dostluq etmişdir. Murakami ilə birlikdə "Tamamilə musiqi haqqında" adlı kitab yazmışdır.

İstinadlar

Xarici keçidlər Seyci Ozavanın fotoları

Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:ABŞ-dəki Yaponiya qürbətçiləri Kateqoriya:Yaponiya dirijorları Kateqoriya:Ürək çatışmazlığından ölənlər