İl-76 qəzası () - 2024-cü ilin 12 mart tarixində Rusiya Federasiyasının İvanovo vilayətinin inzibati mərkəzi İvanovo şəhərindən 6 km şimalda yerləşən Severnıy aerodromunda qalxmış İlyuşin İl-76 model təyyarənin bir necə dəqiqədən sonra qəzaya uğraması ilə nəticələnmiş hadisə.
Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində təyyarədə olan 8 ekipaj üzvü və 7 sərnişin olmaqla ümumilikdə 15 nəfər həlak olublar.
Hadisə şahidlərinin çəkdiyi videolardan və digər şahidlərin ifadələri əsasında təyyarənin sağ mühərrikində başlamış qəfil yanğın nəticəsində mühərriklərin sıradan çıxması səbəbindən qəzaya uğradığı müəyyənləşdirilib.
Qəza
Orenburq vilayətinin qubernatoru Denis Paslerin sözlərinə görə, təyyarə Orenburqdan olan pilotlar tərəfindən idarə edilib. O əlavə edib ki, onlar 117-ci Hərbi Nəqliyyat Aviasiya Alayının zabitləri olublar. Digər tərəfdən Tver vilayətinin qubernatoru İqor Rudenya təyyarədə Tverdən olan ekipaj üzvlərinin olması barədə məlumat yayıb. Qəza Moskva vaxtı ilə saat 13:00-da İvanovo vilayətinin Boqorodskoye rayonu yaxınlığında baş verib.
Təyyarənin mühərriklərindən biri adi uçuş üçün havaya qalxan zaman qəfildən yanmağa başlayıb. Hadisə şahidlərinin çəkdiyi və internetdə yayılmış video görüntülərdə təyyarənin sağ mühərrikinin yandığı görünür.
Pilotlar təyyarəni xilas etmək məqsədi ilə İvanovo vilayətinin inzibati mərkəzi İvanovo şəhərindən 6 km şimalda yerləşən Severnıy aerodromuna endirməyə çalışarkən qəzaya uğrayıblar. Təyyarə aerodromun yaxınlığında yerləşən meşəlik əraziyə düşüb. Qəza yerinə gələn yanğınsöndürənlər alovu söndürüblər. İvanovo vilayətinin qubernatoru Stanislav Voskresenski bildirib ki, qəzaya yaxın kəndlərə heç bir ziyan dəyməyib.
Dövlət rəsmiləri qəza nəticəsində həlak olanların yaxınlarına rəsmi formada başsağlığı verib. Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış axtarış-xilasetmə işləri hadisə baş verən günün sonu başa çatdırılıb.
Rusiya Müdafiə Nazirliyindəki mənbənin TASS-a verdiyi məlumata görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan 15 nəfərin hamısı həlak olub. Rusiya Müdafiə Nazirliyi əlavə məlumat yayaraq bildirib ki, Rusiya Aerokosmik Qüvvələrinin idarə heyəti qəzanı araşdırmaq üçün İvanovo vilayətinə uçub. İlkin ehtimallara görə qəzaya mühərrikdə baş vermiş gözənilməz yanğın səbəb olub.
İstinadlar
Kateqoriya:2024-cü ildəki hadisələr Kateqoriya:2024-cü ildə Rusiya Kateqoriya:12 martdakı hadisələr Kateqoriya:2024-cü ildə aviasiya qəzaları və insidentləri Kateqoriya:İlyuşin İl-76 ilə bağlı qəzalar və insidentlər Kateqoriya:Rusiyada aviasiya hadisələri Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda)