– Yaponiya hüquqşünası və sosioloqu. Hüquq tarixi və beynəlxalq hüquqla maraqlanmışdır.

Həyatı Naqao Ariqa 1860-cı ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. Atası vaka şairi idi və yapon mədəniyyəti üzrə araşdırmalar aparırdı. Naqanonun qardaşı Naqabumi "Mitsui Bank"ın direktoru olmuşdur. Naqao 1879-cu ildə Tokio Universitetinə daxil olmuşdur. Universitet illərində ingilis dilindəki bacarıqlarına görə tanınmış, hətta Edvard Morze 1882-ci ildəki bir çıxışında ondan tərcüməçi kimi istifadə etmişdir. Universitetdə Toyama Masakazu və Ernest Fenollosanın tələbəsi olmuşdur.

1882-ci ildə Tokio Universitetindən məzun olmuşdur. 1886-cı ildə hökumət təqaüdü qazanaraq Berlin Universitetində siyasi fəlsəfə və hüquq təhsili almışdır. Lorens fon Şteynin tələbəsi olmuşdur. Avstriyada olarkən sosiologiya oxumuşdur.

1887-ci ildə Yaponiyaya qayıtdıqdan sonra Yaponiya Məxfi Şurasının və Nazirlər Kabinetinin katibi təyin olunmuşdur. Birinci Çin-yapon müharibəsində (1894–1895) və Rus-yapon müharibəsində (1904–1905) Yaponiya ordusunun baş qərargahının hüquq məsləhətçisi kimi fəaliyyət göstərmişdir. 1890-cı ildə Yaponiya Hərbi Akademiyasının təlimçisi təyin olunmuşdur. 1897-ci ildə Vyanada keçirilmiş Beynəlxalq Qırmızı Xaç Konfransında çıxış etmişdir. Tokio Universitetində beynəlxalq hüquq üzrə dərslər demiş, İmperator Akademiyası Mükafatını qazanmışdır. Çin hökumətinin hüquq məsləhətçisi olmuş, 1913-cü ildə Pekinə gedərək Çin prezidenti Yuan Şikaya Çin konstitusiyasının tərtib olunmasında kömək etmişdir.

Əsərləri Bir çox Avropa sosioloqunun əsərlərini, eləcə də, Ernest Fenollosanın əsərlərini yapon dilinə tərcümə etmişdir. O, Yaponiyada ilk sistematik sosiologiya əsərinin müəllifi olmuş, Herbert Spenserdən təsirlənmişdir. 1896-cı ildə "Beynəlxalq hüquq baxımından Çin-yapon müharibəsi" əsərini yazmışdır. Fransız dilində yazılmış və Parisdə nəşr olunmuş 300 səhifəlik bu kitabda müharibənin tarixindən və hüquqi əsaslarından bəhs etmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya sosioloqları Kateqoriya:Yaponiya hüquqşünasları Kateqoriya:İmperator Mükafatının laureatları Kateqoriya:Yapon dilinə tərcümə edənlər Kateqoriya:Yaponiya–Çin müharibəsi (1894–1895) iştirakçıları Kateqoriya:Rus-yapon müharibəsi iştirakçıları Kateqoriya:Tokio Universitetinin müəllimləri Kateqoriya:Vaseda Universitetinin müəllimləri Kateqoriya:Yaponiya tarixçiləri