Hüseyn Abbasov (11 oktyabr 2007) — azərbaycanlı batut gimnastı.

Karyerası Hüseyn Abbasov 2007-ci ildə anadan olub.

Hazırda Batut gimnastikası və tamblinq üzrə Azərbaycan milli komandasının üzvüdür.

Uğurları

2015–2017 Hüseyn Abbasov 2015, 2016, 2017-ci illərdə keçirilmiş Azərbaycan birinciliyi və Bakı çempionatı yarışlarında batut növü üzrə kiçik yaş qruplu kişi idmançılar arasında birinci yeri tutmuşdur.

2018 2018-ci ildə Yaroslavl şəhərində batut gimnastikası üzrə Rusiya kuboku və “Rusiyanın ümidi – 1” ümumrusiya yarışlarında 11–12 yaşlılar arasında finalda 5-ci yeri tutmuşdur. Həmin il Batumidə keçirilən beynəlxalq turnirdə fərdi hərəkətlər üzrə birinci yeri qazanmışdır.

2019 2019-cu ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Dünya Yaş Qrupları Yarışında sinxron hərəkətlər üzrə ikinci yeri tutaraq Azərbaycanın batut gimnastikası tarixində dünya çempionatlarının ilk gümüş medalını qazanmışdır. Türkiyənin Antalya şəhərində baş tutmuş beynəlxalq turnirin 11–12 yaşlılar arasında fərdi proqramda bürünc, Belarusun Vitebsk şəhərində təşkil olunmuş Belarus Açıq Çempionatının fərdi proqramda qızıl medalçısı olmuşdur. Həmçinin Rusiyanın Krasnodar şəhərində keçirilmiş yarışda 8-ci yerdə qərarlaşmışdır.

2020 2020-ci ilin 19–23 noyabr tarixlərində Niderlandda təşkil edilmiş batut gimnastikası üzrə onlayn "Dutch Trampoline Open" yarışında 13–14 yaşlılar arasında fərdi proqramda gümüş medal qazanıb.

2021 2021-ci ildə Soçidə keçirilmiş batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 27-ci Avropa çempionatında sinxron çıxışlar üzrə ikinci yeri tutmuşdur. Həmin il 24–27 martda Vitebsk şəhərində baş tutmuş Belarus Kubokunda sinxron çıxışlar üzrə böyüklər arasında bürünc, 5–12 aprel tarixlərində isə onlayn keçirilmiş "Trampoline Hopes Cup" adlı beynəlxalq turnirin gümüş medalın sahibi olmuşdur. O, həmin ilin oktyabr ayında keçirilmiş batut gimnastikası üzrə açıq Türkiyə çempionatında ikinci yeri tutmuşdur.

2022 2022-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş batut gimnastikası üzrə 29-cu Dünya Yaş Qrupları Yarışında sinxron çıxışlar üzrə qızıl medal qazanmışdır. Həmin il Çexiyada təşkil olunmuş "Friendship – 2022" turnirində sinxron çıxışlar üzrə birinci, Birminhemdə keçirilmiş Böyük Britaniya çempionatında fərdi hərəkətlər üzrə üçüncü, İtaliyanın Rimini şəhərində baş tutmuş Avropa çempionatında və "Aere Trampoline Cup" beynəlxalq turnirində sinxron çıxışlarda birinci yeri tutmuşdur.

2023 2023-cü ildə Çexiyada təşkil olunmuş "Friendship – 2023" turnirində sinxron çıxışlar və fərdi proqramda ikinci, Portuqaliyanın Santarem şəhərində baş tutmuş "ScalabisCup" beynəlxalq turnirində komanda hesabı və fərdi proqramda ikinci yeri tutmuşdur. Həmin il Latviyanın paytaxtı Riqada keçirilmiş beynəlxalq yarışda isə 15–16 yaş qrupu üzrə qızıl medal qazanıb. 2023-cü ilin may ayında Tbilisidə keçirilmiş "Golden Jump" beynəlxalq turnirində fərdi proqramda gümüş medal qazanmışdır.

2024 2024-cü ildə Niderlandın Alkmaar şəhərində keçirilmiş "Dutch Trampoline Open" beynəlxalq turnirinin sinxron proqramda gümüş medalçısı olmuşdur. Hüseyn Abbasov həmin ilin iyul ayında Santaremdə keçirilmiş "Scalabis Cup" beynəlxalq turnirində batut və ikili mini-batut gimnastikası üzrə, ümumilikdə, iki qızıl medal qazanmışdır.

Həmçinin bax Azərbaycanda batut gimnastikası Tamblinq

İstinadlar

Xarici keçidlər Hüseyn Abbasov — idmançı profili

Kateqoriya:Azərbaycan gimnastları Kateqoriya:Azərbaycanın batut gimnastları