Güllük kənd məscidi və ya Güllük Cümə məscidi — 1727-ci ilə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Qax rayonunun Güllük kəndində yerləşir.
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında Güllük kənd məscidi 1727-ci ildə Azərbaycanın Qax rayonunun Güllük kəndində yerli əhalinin dəstəyi ilə tikilib. Məscidin fasadında inşa edildiyi tarixlə bağlı məlumat verən kitabə mövcuddur. Kitabədə məscidin hicri təqvimlə 1139-cu ildəH. Q. 1339 = M. 1727 Əl-Cınıği tərəfindən inşa edildiyi qeyd olunub.
Bir neçə dəfə dağılan məscid dəfələrlə bərpa olunub. Son dəfə XIX əsrdə ilisulu usta Məhəmməd Eldaroğlu tərəfindən bərpa edilib. Məscidin dam örtüyünün alınması üçün Hacı Zeynalabdin Tağıyev maddi dəstək olub.
Məscidin həyətyanı sahəsində bir neçə qəbir və türbə də mövcuddur. Axund baba türbəsi məscidin qiblə istiqamətində yerləşir. Türbənin üstü açıqdır və dördkünc qəbirdən ibarətdir. Qəbrin baş daşı çaylaq daşından hazırlanıb. Burada vaxtilə bölgədə fəaliyyət göstərmiş və 1704-cü ildə dünyasını dəyişmiş Abbas Əfəndi dəfn edilib.
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Güllük məscidi də bu dövrdə ibadətə bağlanıb, binasından anbar kimi istifadə olunub.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 1992-ci ildə, məscid təkrar dindarların istifadəsinə verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş bir neçə zəlzələdən sonra məscidin binası qəzalı vəziyyətə düşüb.
Memarlığı Məscidin tikintisində əhəng məhlulu çay daşı və kərpicdən istifadə olunub. Binasının uzunluğu 21.3, eni 18, hündürlüyü 5.4 metrdir. 12 pəncərəsi, 1 qapısı mehrabı və kərpiclə hörülmüş 8 sütunu var. Məscid minarəsizdir. Eyvanında 2 ədəd sütun və sütunların yanlarında 2 mərtəbəli 4 otaq var. Məscidin döşəməsi və tavanı taxtadandır. Məscid formaca düzbucaqlıdır. Döşəmədən tavana qədər hündürlüyü 5 metrdir. Mehrabı sadədir və hündürlüyü 4 metrdir. 3 pilləli taxta minbəri var.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Güllük kənd məscidinin ciddi təmirə ehtiyacı var / Ahmad Shahidov
Kateqoriya:Qax rayonunun məscidləri Kateqoriya:Qax rayonunun abidələri Kateqoriya:XVIII əsr məscidləri Kateqoriya:Azərbaycanın memarlıq abidələri