Truth Social (TRUTH Social) – "Trump Media & Technology Group" (TMTG) tərəfindən yaradılmış sosial şəbəkədir. Platforma pulsuz və açıq mənbə kodlu Mastodon proqram təminatı əsasında işləyir. Sayt yalnız ABŞ və Kanadada yaşayan App Store və Google Play istifadəçiləri üçün açıqdır.
Sosial şəbəkə 21 fevral 2022-ci ildə istifadəyə verilib.
Yaranma tarixçəsi ABŞ-nin 45-ci prezidenti Donald Tramp 2021-ci ildə Twitter və Facebook-da bloklandıqdan sonra öz sosial şəbəkəsini yaratmaq niyyətini açıqladı.
20 oktyabr 2021-ci ildə Trampın "Trump Media & Technology Group" şirkəti "2022-ci ilin birinci rübündə" işə salınması planlaşdırılan Truth Social sosial şəbəkəsini elan etdi. Bir neçə saatdan sonra bəzi internet saytlarında Truth Social-da qeydiyyatdan keçməyə imkan verən link yerləşdirildi. İstifadəçilər trolluq etməyə, saxta hesablar yaratmağa və satirik məzmun yerləşdirməyə başladılar. Xüsusilə, Donald Trampın adına açılan saxta hesabda onu təhqir edən məzmun yerləşdirilməyə başladı. Tezliklə platformaya giriş bağlandı. Bundan əvvəl TMTG Respublikaçılar Partiyasının tərəfdarlarının 54%-nin yeni sosial şəbəkənin istifadəçisi olmaq istəməsi barədə sorğu dərc etmişdi.
Xidmətin beta versiyası noyabr ayında buraxılmalı idi, lakin sınaq versiyası ilə bağlı heç bir məlumat yayılmadı. 2022-ci ilin fevralında isə 500 istifadəçinin proqramın beta sınaqlarında iştirak etdiyi elan edildi.
Oktyabrın 26-da Mastodonun baş direktoru Yucin Roçko Truth Social-ın onun platformasının açıq mənbə koduna əsaslandığını açıqladı. O, hüquq departamentinə məktub göndərərək sosial şəbəkənin 30 gün ərzində koda girişi təmin etməli olduğunu, əks halda saytın lisenziyasını "həmişəlik" itirmək riski daşıdığını bildirdi. Noyabrın 12-də platformanın saytında "açıq mənbə kodu" qeyd olunan və Mastodon mənbə kodunu daşıyan ZIP arxivin olduğu xüsusi bölmə yaradıldı.
14 dekabr 2021-ci ildə tərtibatçılar Kanadanın Rumble videohostinq xidməti ilə tərəfdaşlıq qurduqlarını elan etdilər. 21 aprel 2022-ci ildə TMTG Truth Social-ın Rumble bulud platformasına köçəcəyini və bununla əlaqədar infrastrukturun effektivliyinin artırılması üçün təkmilləşdirmələrin aparılacağını elan etdi.
Yanvarın 24-də məlum oldu ki, TMTG məzmunun avtomatik moderasiyasına imkan verən texnoloji həllərə malik Hive şirkəti ilə müqavilə bağlayıb.
21 fevral 2022-ci ildə iOS cihazları üçün tətbiq buraxıldı. Xidmət App Store-da yükləmələrin sayına görə birinci yeri tutdu. Eyni zamanda, bir çox istifadəçi hesab yaratmaqda problem yaşayırdı. Bəzi insanlar doğum tarixini, e-poçt ünvanını və ya telefon nömrəsini daxil etməyə çalışarkən xəta mesajları alırdılar. Bir neçə saat sonra, böyük istifadəçi axını səbəbindən platforma təxminən 13 saat davam edən texniki dayanmaya məruz qaldı. Sonrakı günlərdə yeni hesabların yaradılmasına məhdudiyyət qoyuldu. Bəzi günlərdə qeydiyyatdan keçmək üçün gözləyən istifadəçilərin sayı 500.000-dən çox idi. Martın əvvəlində proqram istifadəçilər arasında populyarlığına görə 84-cü yerə düşdü.
İlon Maskın Twitter sosial şəbəkəsini satın almasından sonra bir çox ekspertlər Truth Social ətrafındakı ajiotajın əhəmiyyətli dərəcədə azalacağını proqnozlaşdırdılar. Mask özü bildirirdi ki, 2022-ci ilin aprel ayının sonuna olan məlumata görə, Truth Social proqramının endirilmə sayı Twitter və TikTok-u ötüb. O, həmçinin Truth Social-ın Twitter-də həddən artıq senzura olduğuna görə mövcud olduğunu iddia edirdi. Bundan əlavə, Mask Trampın sosial şəbəkəsinin adının Trumpet olaraq dəyişdirilməsini təklif edərək hazırkı adı "eybəcər" adlandırdı. Milyarderin şərhlərindən sonra Truth Social-ın populyarlığı əhəmiyyətli dərəcədə artdı və bu proqramın App Store-da birinci yerə qayıtmasına kömək etdi.
13 oktyabr 2022-ci ildə sosial şəbəkə tətbiqi Google Play-də də yerləşdirildi.
2022-ci ilin əvvəlində istifadəyə verildiyi vaxtdan 2023-cü ilin noyabrına olan məlumata görə, sosial şəbəkə 73 milyon dollar zərər gətirib. Bununla belə, 26 mart 2024-cü ildə şəbəkə ictimai satışa çıxarıldı (Trump Media & Technology Group Corp (DJT)) və ticarətin ilk iki günündə 9,7 milyard dollar bazar kapitallaşmasına yiyələndi.
2024-cü ilin iyun ayında Truth Social, keçən ilin iyun ayı ilə müqayisədə istifadəçilərinin 38%-ni itirərək ən əhəmiyyətli auditoriya azalması yaşadı.
2025-ci ilin fevralında Ukraynada bloklanıb.
Təsviri Platformanın interfeysi digər məşhur sosial şəbəkə Twitter ilə oxşar dizayna malikdir. İstifadəçilər mesajlar ("truths" – "həqiqətlər") yerləşdirmək və onları digər istifadəçilərlə paylaşmaq ("retruths") imkanına malikdirlər. Xəbər lenti "həqiqət lenti" ("truth feed") adlanır.
Truth Social özünü fikirlərin azad ifadəsi üçün platforma olan siyasi senzurasız sosial şəbəkə kimi təqdim edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Donald Tramp Kateqoriya:Sosial şəbəkələr Kateqoriya:Vikipediya:Vikidatada mənbələri olan məqalələr Kateqoriya:2021-ci ildə ABŞ-də yarananlar Kateqoriya:Sosial şəbəkə xidmətləri