Azərbaycan Zəhmətkeşlər Təşkilatı — 1942-ci ildə Təbrizdə yaradılmış təşkilat. Təşkilat üzvlərinin əsas tələbləri xalqın güzəranını yaxşılaşdırmaq, zorakılığa və istismara son qoymaq, əyalət əncümənlərini bərpa etmək, Azərbaycana mədəni muxtariyyətin verilməsi olub.

Haqqında 1941-ci ilin avqust sentyabr aylarında Britaniya və SSRİ qoşunları İrana daxil oldular. 1941-ci il sentyabrın 17-də Rza Pəhləvi taxtından imtina edərək İranı tərk etdi. Bundan sonra ölkə ərazisində həbsdə olan siyasi məhbuslar azadlığa buraxıldılar və müxtəlif siyasi təşkilatlar yaranmağa başladı. Azərbaycan Zəhmətkeşlər Təşkilatı 1942-ci ilin yanvar ayında Təbrizdə yaradılıb. Təşkilat İsrafil Qadiri, Hüseyn Rizvan, Əhməd İslami və digərlərinin topladıqları dəstələrin birləşməsindən yaranıb. Təşkilatın proqramında xalqın güzəranını yaxşılaşdırmaq, zorakılığa və istismara son qoymaq, əyalət əncümənlərini bərpa etmək, Azərbaycana mədəni muxtariyyətin verilməsi, mədəni-maarif işlərinin Azərbaycan dilində aparılması və faşistpərəst qüvvələrin cilovlanması tələb olunurdu. Azərbaycan Zəhmətkeşlər Təşkilatının təkcə Təbrizə təşkilatında 10.000-dən çox üzv olub. Sadıq Padeqan, Mir Rəhim Vilayi İsrafil Qadiri, Şövkət xanım Elmdust, А. Mizani, Məmi Nünəkərani, Səlim Hacızadə təşkilatın Mərkəzi Komitəsinin üzvü olublar. Təşkilat üzvlərinin əksəriyyəti iri torpaq sahibkarları, mülkədarlar tərəfindən haqları tapdalanan şəxslər idi. Təşkilatın fəaliyyəti hökuməti narahat etdiyi üçün üzvləri daim təqiblərə məruz qalırdılar. Təbriz Jandarm İdarəsinin rəisi tərəfindən təşkilatın fəal rəhbərlərindən olan İsrafil Qadiri, Səlim Hacızadə və digərləri həbs olunublar. Fəal üzvlərindən məhrum olan təşkilat 1942-ci ilin payızında fəaliyyətini dayandırıb. Təşkilat dağıldıqdan sonra üzvlərinin əksəriyyəti "Azadlıq Cəbhəsi" təşkilatına üzv olublar.

Həmçinin bax Demokratiya ocağı Azərbaycan cəmiyyəti

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Təbrizdə yaranmış təşkilatlar