İbn Mənzur (; ) — "Lisan əl-Ərəb" adlı ensiklopedik lüğətin müəllifi olan dilçi alim. Ədib və fəqih.
Bioqrafiyası Qahirədə anadan olub. Tam adı Əbül-Fəzl Cəmaləddin Məhəmməd ibn Mükərrəm ibn Əli ibn Əhməd əl-Ənsari ər-Rüveyfidir. "İbn Mükərrəm", "əl-Ənsari", "ər-Rüveyfii", "əl-İfriki", "əl-Misri" nisbələri ilə tanınır.
İlk təhsilini atasından alıb. Kiçik yaşlarından etibarən Yusif ibn Muhayyəli, İbn əl-Əfif, Əbdürrəhim ibn Tufeyl və Əli ibn Hüseyn əl-Bağdadi əl-Hənbəli kimi müəllimlərdən dil, ədəbiyyat, inşa, hədis və fiqh dərsləri alıb. Qahirədə "Divani-İnşa"da işləyib. Tripolidə qazılıq edib.
Qrammatika, tarix, lüğət, yazı və isnadlı hədis sahələrində mütəxəssis olan İbn Mənzur, Dəməşq və Qahirədə hədis dərsləri vermişdir. O, həmçinin böyük həcmli kitabları ixtisar etməsi ilə də məşhur idi: "əl-Əğani", "əl-İqdul-fərid", "əz-Zahirə", "Tarixu Diməşq", "Tarixu Bağdad", "Yətimətud-dəhr", "ət-Təbəqatul-kübra" və "Zəhrul-ədəb" kimi kitabları ixtisar edərək sadələşdirmişdir. Oğlu onun 500 cildlik ixtisar edilmiş kitab miras qoyduğunu demişdir.
Oğlu Qütbəddin, Zəhəbi, Təqiyəddin əs-Subki və Ələməddin əl-Birzəli onun tələbələrindəndir. Onun mödətil şiə olduğu qeyd olunmuşdur. Tacəddin əs-Subki, "Təbəqatuş-Şafiiyyə" adlı kitabında şiəliyə meyilli olduğu üçün ondan bəhs etməmişdir.
İbn Mənzur, Qahirədə vəfat etmiş və Qarafə qəbiristanlığında dəfn edilmişdir.
Əsərləri İbn Mənzurun qələmə almış olduğu bəzi əsərləri bunlardır:
Lisanul-Ərəb. Sözlərin sayına və ehtiva etdiyi müfəssəl məlumatlara görə ərəb lüğətləri arasında ilk yerdə hesab olunur. Muxtarul-Əğani fil-əxbar vət-təhani. Əbül-Fərəc əl-İsfahaninin "əl-Əğani" adlı əsərinin müxtəsəridir. Nisarul-əzhar fil-ləyli vən-nəhar və ətayibi (əvqati)l-əsail vəl-əshar və sairi mə yəşməlu aleyhi min kəvakibil-fələkid-dəvvar. Sürurun-nəfs bi-mədarikil-həvassil-xəms. Əhməd ibn Yusif ət-Tifaşinin əsərinin ikinci hissəsinin ixtisarıdır. Əxbaru Əbi Nuvas. Müxtəsəru Tarixi Diməşq. İbn Əsakirin əsərinin ixtisarıdır. Müxtəsərut-Təzkirətil-Xəmduniyyə (əl-Muntəxab vəl-muxtar minən-nəvadir vəl-əxbar).
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:XIII əsr tarixçiləri Kateqoriya:Ərəb filoloqlar Kateqoriya:Korlar Kateqoriya:Leksikoqraflar