Ştrossmayer köhnə ustalar qalereyası () — Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yerləşən təsviri incəsənət muzeyidir. Burada yepiskop İosip Yurayem Ştrossmayer tərəfindən 1884-cü ildə şəhərə hədiyyə edilmiş kolleksiya saxlanılır. Nikola Şubiça Zrinsko meydanı, ev 11 ünvanında yerləşən qalereyanın binası Xorvatiya Elm və İncəsənət Akademiyasının () tabeliyindədir.
Qalereyanın kolleksiyasına təxminən 4000 əsər daxildir. Bu əsərlərdən təxminən 250-si nümayiş etdirilir, qalanları isə qalereyanın anbarında saxlanılır. Əsərlərin bir hissəsi isə Xorvatiyanın digər muzeylərində və ya qalereyalarında nümayiş etdirilir..
Tarixi
Ştrossmayer köhnə ustalar qalereyası 1884-cü ilin noyabr ayında açılmış və onun təsis edən, Yakovo yepiskopu İosip Yurayem Ştrossmayerin şərəfinə adlandırılmışdır. Həmçinin də Xorvatiya Elm və İncəsənət Akademiyası yepiskopun himayəsi altında olmaqla bərabər hələ 1866-cı ildə yaradılmış və 1880-ci ildə Zrinevaç parkında onun üçün tikilmiş binaya köçürülmüş, binanın bir mərtəbəsi isə yepiskopun sənət kolleksiyasını saxlamaq məqsədilə ayrılmışdır.
Yepiskop Ştrossmayer rəsmləri 1850-ci ildə Yakovo yepiskopu təyin olunduğu andan etibarən 30 il müddətində əldə etmişdir. O, kolleksiyasını yığmağa İtaliya incəsənəti, əsasən də Florensiya və Venesiyadan gətirilmiş İntibah dövrünə məxsus olan sənət əsərləri ilə başlamışdır. Lakin 1870-ci illərdə isə o, əsas diqqətini Şimali Avropa məktəblərinə və XVII əsr incəsənətinə yönləndirmişdir. 1868-ci ildə Ştrossmayer kolleksiyasını Xorvat xalqına bağışlamağa qərar verərək onu Akademiyaya əmanət vermişdir. O, həmçinin Zaqrebdə memar Fridrix fon Şmidtin layihəsi əsasında Vyana üslubunda tikilən neorenessans sarayının tikinti işlərinə də rəhbərlik etmişdir ki, bu saray da öz növbəsində onun illərlə əldə etdiyi incəsənət əsərlərinin ən ləyaqətli şəkildə ictimaiyyətə təqdim olunması üçün nəzərdə tutulmuşdu. Qalereya 9 noyabr 1884-cü ildə 256 incəsənət əsərinin nümayişi ilə ictimaiyyətə açılmışdır.
İllər keçdikcə qalereyanın kolleksiyası müasir rəssamların əsərləri də daxil olmaqla yeni ianələr hesabına genişlənmişdir. Buraya incəsənət əsərlərini bağışlayan məşhur xeyriyyəçilər arasında İvan Ruziç, markiz Etyen de Penn, Ante Topiç Mimara və Zlatko Balokoviç kimi şəxslər vardır. Kolleksiyanın genişlənməsi 1934-cü ildə Müasir Qalereyanın yaradılmasına səbəb olmuşdur.
Kolleksiya
thumb|200px|Ştrossmayer köhnə ustalar qalereyasında nümayiş etdirilən Yan Vellens de Kokun "İsanın doğulması" əsəri
Ştrossmayer köhnə ustalar qalereyasında XIV-XIX əsrlərin Avropa rəssamlarının əsərləri nümayiş olunur. Muzeyin kolleksiyası üç əsas qrupda nümayiş etdirilir: italyan, fransız və Şimali Avropa (alman, flamand və holland) incəsənət əsərləri, həmçinin Xorvat rəssamlarının bəzi əsərləri. Sonuncuya, slavyanlar üçün istifadə edilən və italyan mənşəli bir söz olan Skyavoni kolleksiyası deyilir. Onlar Adriatik dənizinin şərq sahillərində dünyaya gəlmiş olsalarda, həyatları və işləri İtaliya ilə sıx bağlı olmuşdur.
Rəsmlərdən əlavə, qalereyada Qlaqolit əlifbası ilə yazılmış ən qədim və ən mühüm abidələrdən biri hesab olunan və təxminən 1102-ci ilə aid edilən Başçanska lövhəsi () yerləşir. İvan Meştroviç tərəfindən hazırlanmış yepiskop Ştrossmayerin böyük heykəli isə qalereyanın yerləşdiyi binanın arxasındakı parkdadır.
İstinadlar
Xarici keçidlər
Xorvatiya Elm və İncəsənət Akademiyasının saytında Ştrossmayer köhnə ustalar qalereyası
Kateqoriya:İncəsənət muzeyləri Kateqoriya:Zaqreb muzeyləri Kateqoriya:Bədii muzey və qalereyalar