Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir.
Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir.
Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır. Bu qazıntılar zamanı abidə ərazisində bir neçə məzar açılaraq öyrənilir, Xarabagilan və ətraf ərazilərin qısa təsviri verilir. 1927-ci ildə Azərbaycan Arxeologiya Komitəsinin verdiyi mandat əsasında Xarabagilan ərazisində S. V. Ter-Avetisyanın rəhbərliyi Qafqaz Tarix-Arxeologiya Komitəsinin ekspedisiyası qazıntılara başlamışdır. Xarabagilan yaşayış yerinin sistematik arxeoloji tədqiqinə 1976-cı ildə Naxçıvan arxeoloji ekspedisiyasının V. Q. Əliyevin rəhbərlik etdiyi Xarabagilan dəstəsi tərəfindən başlanılmışdır. Qazıntılar nəticəsində Kiran karvansarası aşkar edilmiş və onun şimal tərəfi təmizlənmişdir. 1980-ci ildə AMEA Tarix İnstitutu tərəfindən təşkil edilmiş və Q. M. Aslanovun rəhbərlik etdiyi Xarabagilan ekspedisiyası şəhər ərazisində qazıntılara başlamışdır. Ekspedisiya üzvləri Xarabagilanın şəhər mərkəzində və yaxınlıqdakı Muncuqlutəpə nekropolunda qazıntılar aparmışdır. Ümumilikdə orta əsr şəhəri ərazisində 5000 m2 ərazidə qazıntı aparılmışdır.
Xarabagilan abidəsinin arxeoloji tədqiqi zamanı aşkara çıxarılmış artefaktlar arasında keramika məhsulları növ və keyfiyyət zənginliyi ilə diqqəti cəlb edir. S. V. Ter-Avetisyanın tədqiqatları zamanı əldə edilmiş 50-yə yaxın keramika nümunəsi hazırda Gürcüstan Milli Muzeyinin, V. M. Sısoyevin tədqiqatları zamanı əldə edilmiş 200-dən çox keramika nümunəsi Azərbaycan Tarix Muzeyində, sonrakı dövrdə Xarabagilanda araşdırmalar zamanı tapılmış keramika nümunələri isə Naxçıvan Tarix Muzeyində saxlanılır. Xarabagilan qazıntıları zamanı şəhristanın VI məhəlləsindən aşkarlanmış üstü arami yazılı bir qulplu saxsı kuzə şəhərin mədəni həyatının öyrənilməsi üçün böyük əhəmiyyət təşkil edir.
Orta əsr Azərbaycan alimləri Hinduşah Naxçıvani və Məhəmməd Naxçıvani bu şəhərdə doğulmuş, böyümüş və yaşamışlar.
Coğrafi mövqeyi Xarabagilan arxeoloji abidəsi Naxçıvan MR Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşir. Təbii-coğrafi baxımdan Ordubad rayonunun bu hissəsi Kiçik Qafqazın Zəngəzur silsiləsinin ətəkləri olan kiçik düzənkdən ibarətdir. Ərazinin sol tərəfindən Araz çayı, sağ tərəfdən isə Cənubi Azərbaycanda yerləşən Qaradağ silsiləsi ilə əhatə olunur.
Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena, Böyük Ermənistan və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir. Nekropolda tədqiqatlar zamanı çoxlu sayda serdolik munqular, tunc və dəmir əmək alətləri, hürri möhürü, üzərində Əhəməni satrapının təsviri olan lövhə, xəncər, ox ucluqları, o cümlədən çoxlu sayda keramika və sümük qalıqları aşkarlanmışdır.
Xarabagilanın məhz Muncuqlutəpə yaxınlığında yerləşən hissəsində ən qədim yaşayış yeri öyrənilmişdir. Xalıkeşan çayının sol tərəfində yerləşən bu ərazidə antik dövrə aid zoomorf qab qalıqları və sikkələr aşkarlanmışdır. Bu ərazidə yaşayışın uzun müddət davam etməsini aşkarlanmış sikkələrin böyük xronoloji diapazona malik olması da sübut edir. Belə ki, Xarabagilan ərazisindən Atropatena Arşakilərinin gümüş dirhəmi, qızıl Roma sikkələri, çoxlu sayda Sasani sikkələri, qızıl Abbasi və Samani sikkələri, müxtəlif Bizans sikkələri, Eldənizlər, Şirvanşahlar və Hülakülər adından kəsilmiş çoxlu sayda mis sikkələr aşkar edilmişdir.
Xarabagilan şəhərgahı Araz, Gilançay və Düylünçay arasında qalan yüksək ovraq ərazidə yerləşir. Araz sahillərindən başlayaraq Zəngəzur silsiləsinə doğru yer tədricən yüksəlir və şimalda təpəli yüksəkliklərlə başa çatır. Qədim Kiran şəhərinin qalıqları olan Xarabagilan abidəsi də həmin təpəkərdən yeddisinin zirvəsində yerləşir. Mərkəzində Xarabagilan abidəsi yerləşən həmin ərazi Dəstə gölündən (Ordubad rayonu) Darıdağa kimi (Culfa rayonu) spesifik coğrafi quruluşu ilə fərqlənir. Dördüncü geoloji mərhələdə Zəngəzur silsiləsindən gələn böyük lava axını Araz sahillərinə çataraq quruduqdan sonra qalın daş qatı əmələ gətirmişdir. Həmin daşlar təbii cilalanmış kimi görünməklə müxtəlif qalınlığa malikdirlər. Bu təbii şərait və yaxınlıqda bol suyun olması Kiran şəhərinin inkişafı üçün mükəmməl şərait yaratmışdır. Xarabagilan tikililərinin 90% -nin inşası zamanı vulkanik mənşəli daşlardan istifadə edilmişdir.
Etimologiyası Xarabagilan toponiminə heç bir orta əsr mənbəsində rast gəlinmir. B. İbrahimov Xarabagilan toponiminin təsviri xarakter daşıdığını və şəhərin tərk edilməsindən sonra ətraf ərazilərin əhalisi tərəfindən əraziyə verilmiş ad olduğunu bildirir. M. A. Seyfəddini hesab edir ki, Xarabagilan şəhər yerində olmuş tarixi şəhərin əsl adı Kirandır. O, yazır: "Ola bilsin ki, Kiran – qədim şəhərdir. Teymurun oğlu Miranşahın dövründə Azərbaycanda çoxlu sayda şəhərlər dağıdılmışdır. Ehtimal ki, Kiran da dağıdılmış şəhərlərdən biri olmuşdur."
Orta əsr Naxçıvan əlyazmalarını tədqiq etmiş K. N. Smirnov yazır: "Kellayi, Kelayi, Kəlləbi, Kələbi, Kellani, Gelani kimi soyadlara gəlincə, ola bilsin ki, bu söz Gilani sözündən törəmişdir. Çünki ərazidə Gilançay və Xaraba Gilan yaşayış yerinin xarabalıqları vardır." Naxçıvan şəhərinin tarixini tədqiq etmiş R. Məmmədov da K. N. Smirnovun qənaətini dəstəkləyərək yuxarıda qeyd edilmiş soyadların daşıyıcısı olan şəxslərin Gilan/Kiran şəhərindən çıxdıqlarını göstərir.
Bəzi mənbələrdə şəhərin adı Gilan kimi də qeyd olunur. Əl-Müqəddəsi yazır ki, "Tamamilə bağlıq ərazi olan Muğan və Təbriz İslam dünyasının fəxridir. Onlar Ərdəbil və Gilan arasında yerləşirlər." B. İbrahimov qeyd edir ki, "Ərdəbil, Muğan və Gilan (Xəzəryanı) qonşu əyalətlər olsalar da, Təbriz Xarabagilana, Ərdəbil və Muğandan daha yaxındır. Təbrizdən Xarabagilana 130 km, Ərdəbil və Muğana isə iki dəfə uzaqdır. Həmçinin hansı yolu istifadə etmənizdən asılı olmayaraq Təbriz, heç bir halda Ərdəbil və Gilan (Xəzəryanı) arasında yerləşmir. Burdan belənəticə çıxarmaq olar ki, bu mənbədə Əl-Müqəddəsinin bəhs etdiyi Gilan (mənbədə Cilan) Kiran şəhəridir." Əl-Yəqubi özünün "Tarix"ində yazır: "123-cü ildə (741–742) Mərvan ibn Məhəmməd Ərməniyyə ölkəsində yerləşən Cilan və Muğana yürüş etdi."
XVI əsrin II yarısında Səfəvi-Osmanlı müharibələrindən bəhs edən İ. Şopen tez-tez Araz çayı sahilində yerləşən Gilanı xatırlayaraq yazır: "Türklər Persiya sərhəddində toplanmağa başladılar (1589). Öz tərəfindən Şah Abbas da bütün güclərini Araz sahilində cəmləşdirərək Gilanı ələ keçirməkdə onları qabaqladı və tezliklə yürüş hərəkatına başladı."
Coğrafi ad kimi "Gilan" sözü Yaxın Şərqin müxtəlif yerlərində qarşıya çıxır. Məsələn, İranda Gilan və Qərbi Gilan toponimləri, Azərbaycanda Xarabagilan, Gilançay, Zəngilan toponimləri vardır. B. İbrahimov şəhərin adını Gilan əyalətindən gellərin (giləklər) bu əraziyə köçürülməsi ilə əlaqələndirir. Layzan haqqında bəhs edən V. F. Minorski Xəzərsahili ərazidə yaşamış gilanlıların (gellərin) Yaxın Şərqin müxtəlif ərazilərinə, o cümlədən Azərbaycana köçürülməsini təsvir edərək yazır ki, "…Deyləmdən (Gilanın dağlıq hissəsi) çıxan dəstələr öz sərkərdələrinin rəhbərliyi ilə yalnız mərkəzi və cənubi İranı deyil, həmçinin Xilafətin paytaxtı Bağdad da daxil olmaqla, Mesopotomiyanın bir hissəsini də ələ keçirdilər. Qafqazın Cənub hissələrində Gilan-Deyləmdən gəlmiş əhalinin məskunlaşmasını göstərən ən mühüm faktlardan biri Layzan (daha doğrusu La ‘izan) hakimliyinin adıdır. Şübhəsiz ki, bu ad, Gilan Lahicanının adı ilə bağlıdır. Şirvan Lahıcı və Naxçıvan Gilanına gəlincə, bu ərazilərin arasında yerləşən Niyal dağının adının da Lahican yaxınlığındakı dağın adını xatırlatması heyranedicidir. Məlumdur ki, əhali köçərkən, özü ilə əvvəl yaşadığları yerlərin toponimlərini də aparırdı."
Minorskinin qeydləri ilə razı olduğunu bildirən B. İbrahimov yazır ki, Gilan şəhərinin Gilan əyalətinin adı ilə bağlı olmasını göstərən faktlardan biri də, Xarabagilan abidəsi yaxınlığındakı Düylün kəndinin adının Gilanın Deyləm ərazisinin adına uyğun olmasıdır. Tədqiqatçı qeyd edir ki, Ordubad rayonunun Kilit kəndinin əhalisi, ətraf kəndlərin əhalisi üçün naməlum olan bir dildə danışırlar. Məlumdur ki, kilitlilər irandilli xalqdır. İ. Şopen kilitlilərin vaxtilə Gilandan köçərək bu ərazilərdə məskunlaşmış gellərin (giləklər) qalıqları olduqlarını və dövrümüzə kimi öz dillərini saxladıqlarını yazır.
IX əsr hadisələrindən bəhs edən İbn əl-Əsir "Əl-kamil fi-t-tarix" adlı əsərində yazır: "İmkan düşən kimi hücuma keçən Afşin, "böyük çay" anlamını verən Gilan-rud adlı yerə istiqamətlədi." Fars coğrafiyaçı və tarixçisi Həmdullah Qəzvini "Nüzhət əl-qülub" əsərində qeyd edir ki, "Böyük çay mənasını verən Kilyanrud Azərbaycan ərazisində, Babəkin şəhərinin arxasında yerləşir. Babək müharibəsi zamanı o ərazidə Afşin qərarlaşmışdı." Adam Oleari isə Gilan sözünün etimologiyası haqqında yazır: "Gilan, Kilan əyaləti adını Hirkaniya adlı qədim ərazidə yaşamış gilək adlı xüsusi xalqdan almışdır."
C. Rəfiyevin fikrincə Gilan toponimi "gil" və "an" hissələrindən ibarət olmaqla "gilli torpaq" anlamını ifadə edir. Xarabagilan abidəsinin ətraflı tədqiqi ilə məşğul olmuş S. V. Ter-Avetisyan qeyd edir ki, Gilan adı qədim Kiran/Giran toponiminin əraziyə köçmüş türkdilli əhali tərəfindən adlandırılması nəticəsində yaranmış ola bilər. V. V. Bartold isə qeyd edir ki, "Qədim dövrdə Gilan əhalisini Əhəmənilərə tabe olmayan kadusilər təşkil edirdilər. Həmin tayfanın bir hissəsi həm də gellər adını daşıyırdı. Əyalət adını da onların adından almışdır."
Tarixi Araz çayı hövzəsi, xüsusilə Naxçıvan MR ərazisi qədim dövrlərdən sıx məskunlaşmışdır. Bu ərazilərdə çoxlu sayda şəhər və kəndlər mövcud olmuşdur. Yaxın və Orta şərq şəhərlərini birləşdirən karvan yollarının kəsişdiyi yerə salınmış Naxçıvan şəhəri ərazinin ticari-iqtisadi mərkəzi rolunu yerinə yetirirdi. Kiran isə ərazinin əhəmiyyətinə görə ikinci vacib şəhəri olmuşdur. Kiranın tarixi birbaşa Naxçıvan şəhərinin tarixi ilə əlaqəlidir.
Ən qədim dövrlərdən Kiran şəhərinin yerləşdiyi ərazi mənbələrdə Qoxtn adlandırılır. Qoxtn haqqında ilk məlumat e.ə. VI əsrə aiddir. E.ə. I əsrdə bu ərazilər romalılar və parflar arasında, daha sonra isə sasanilər və bizanslılar arasında müharibə meydanına çevrilmişdir. IV əsrdə Ermənistan kralı II Arşak (345–367) böyük ordu ilə Sasanilərə qarşı çıxır. Köçəri hunlar və alanlar da erməni ordusuna kömək edirlər. Kiran və onun ətraflarını asanlıqla ələ keçirən II Arşakın ordusu Təbriz yaxınlığında Sasani ordusunu ağır məğlubiyyətə uğradır.