Qarabağ bölgəsində klassik şərab istehsalının bərpası — Azərbaycanın şərab istehsalının ən inkişaf etmiş dövrlərindən biri Qarabağ bölgəsi ilə səciyyələnir. Qədim mədəniyyət mərkəzlərindən biri hesab olunan Qarabağın zəngin təbiəti, əlverişli iqlim və torpaq şəraiti bu ərazidə üzümçülük və şərabçılığın inkişafı üçün əlverişli zəmin yaratmışdır. Regionda şərabçılıq ənənələri əsrlər boyu formalaşaraq dərin tarixi köklər qazanmış, bu sahə yerli təsərrüfat və mədəniyyətin mühüm tərkib hissəsinə çevrilmişdir. Müasir dövrdə isə bu ənənələrin bərpası və davam etdirilməsi Qarabağ şərabçılığına yeni inkişaf perspektivləri və keyfiyyət mərhələləri vəd edir.
Tarixi Qarabağ bölgəsi Azərbaycan şərabçılığının ən parlaq dövrlərinin şahidi olmuşdur. Arxeoloji qazıntılar nəticəsində Ağdam yaxınlığındakı Üzərliktəpə abidəsində 3500 il əvvələ aid üzüm toxumları və daşlaşmış gilələr aşkar edilmişdir. 1913-cü ildə Azərbaycanın 15 qəzasında 26,5 min hektar üzümlük mövcud idi, bu təsərrüfatların bir qismi Qarabağda yerləşirdi.
Sovet dövrü və müstəqillikdən sonrakı vəziyyət Sovet dövründə bölgədə geniş üzüm bağları və şərab zavodları fəaliyyət göstərmişdir. Lakin 1990-cı illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 45 min hektardan çox üzüm bağı işğal altında qalmış, 80 min hektardan çox bağ isə sonradan məhv edilmişdir. Rusiya ilə ticarət əlaqələrinin pozulması şərab zavodlarının bağlanmasına gətirib çıxarmışdır.
Bərpa prinsipləri Qarabağ torpaqlarının işğaldan azad olunmasından sonra burada şərabçılığın dirçəldilməsi üçün geniş imkanlar yaranmışdır. Azərbaycan hökuməti tərəfindən üzümçülük və şərabçılığın inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir. Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən yerli üzüm sortları əsasında şərab nümunələri hazırlanmış və texnoloji təlimatlar təsdiqlənmişdir.
Əsas şərab növləri
Bərpası nəzərdə tutulan başlıca klassik Qarabağ şərab növləri bunlardır: Ağ portveyn — Ağdamda istehsal edilən desert şərabı; Hadrut — çəhrayı adi süfrə şərabı; Qarabağ — qırmızı desert və adi tünd şərablar; Xindoqnı — qırmızı adi süfrə şərabı; Xocavənd — qırmızı markalı süfrə şərabı.
Aqroekoloji şərait Kiçik Qafqaz dağları ərazini soyuq küləklərdən qoruyur, günəşli günlərin çoxluğu və məhsuldar torpaqlar yüksək keyfiyyətli üzüm yetişdirilməsinə şərait yaradır. Qarabağ-Mil bölgəsi yerli və texniki üzüm sortlarının becərilməsi üçün əlverişli sayılır. Bu sortlara Xindoqnı, Qaragöz, Qara-şirə, Nənəm üzümü, Qara likeni və digər aborigen növlər daxildir.
İqtisadi potensial İlkin hesablamalara görə, Qarabağ bölgəsində ildə 250 min ton texniki üzüm istehsalı mümkündür. Bu, 1.65 milyon dekalitr şərab istehsalına şərait yaradır. Bərpa olunmuş şərabçılıq müəssisələri regionun iqtisadi inkişafına və ixrac potensialının artırılmasına mühüm töhfə verə bilər.
Ədəbiyyat Abbasov İ.D. Azərbaycanın kənd təsərrüfatı.Bakı: Elm və təhsil, 2010, s.33 Azərbaycanda Kənd Təsərrüfatı Azərbaycan Dövlət Statistika Komitəsinin statistik məcmuəsi, Bakı: Səda, 2008, s. 773 Şərifov F.H. – Üzümçülük, Bakı, Şərq-Qərb, 2013 Hasil Kamaləddin oğlu Fətəliyev (texnika elmləri doktoru, professor) Şərabın texnologiyası. Dərslik, Bakı, 2011, 586 səh. V.S.Səlimov, M.Ə.Hüseynov, Qarabağ üzümü. Bakı: “Zərdabi Nəşr” MMC Nəşriyyat Poliqrafiya müəssisəsi, 2022 - 154 s
Həmçinin bax Şərab Qarabağ iqtisadi rayonu Üzüm Azərbaycanda şərabçılıq İstinadlar
Kateqoriya:Azərbaycan şərabları Kateqoriya:Qarabağ Kateqoriya:Üzümçülük