Mark "Spayk" Stent () — İngiltərədən olan səsyazma sahəsində mütəxəssis, səs rejissoru və musiqi istehsalçısı. Madonna, "U2", Beyonse, "The Beatles", Selena Qomez, "Depeche Mode", Ledi Qaqa, "Coldplay", "Maroon 5" və sair ifaçıların albomlarının texniki tərtibatını həyata keçirmişdir. Səsyazma mühəndisi qismində fəaliyyət göstərdiyi dövr ərzində iştirak etdiyi bir sıra musiqi albomları "Qremmi" mükafatına layiq görülmüşdür. Bunların sırasına "Confessions on a Dance Floor" (Madonna), "The Fame Monster" (Ledi Qaqa), "Channel Orange" (Frenk Ouşen) və digər işlər daxildir.

Fəaliyyəti Stent İngiltərənin Hempşir qraflığında təvəllüd tapmışdır. İlkin peşə fəaliyyətinə yeniyetməlik dövründə "Jacobs Studios"da mühəndis qismində başlamış, daha sonra "Trident Studios"da iki il müddətində çalışmışdır. Növbəti iş yeri Londonun cənub hissəsində, Barns ərazisində yerləşən "Olympic Studios" olmuşdur. Burada fəaliyyəti dövründə bir sıra nüfuzlu musiqi kollektivləri və ifaçıları ilə əməkdaşlıq etmişdir. Bunların sırasına "Massive Attack" elektron musiqi qrupu, İslandiya mənşəli müğənni Byork, Amerika pop musiqisinin nümayəndəsi Madonna, İrlandiyadan olan rok-qrup "U2", Britaniya mənşəli "Keane" və "Oasis" qrupları daxildir. 2007-ci ildə "Radiohead" qrupunun "In Rainbows" albomunun istehsalına cəlb edilmiş, lakin əməkdaşlıq müsbət nəticə verməmişdir.

Hal-hazırda "EastWest Studios"un "Mix Suite LA" və "Mix Suite UK" studiyalarında fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:İngiltərə musiqiçiləri