Əbu Sələmə Həmmad ibn Sələmə ibn Dinar əl-Bəsri əl-Hiraqi (; ) — mühəddis, qrammatika və fiqh alimi. Sünni mənbələrində onu və Həmmad ibn Zeydi birlikdə "Həmmadeyn" () adlandırırlar.

Bioqrafiyası Hicri 90-cı (709) illərdə doğulub. Ləqəbləri "Həzzaz" (ipəkçi) və "Bezzaz"dır (parçaçı). Bir neçə dəfə evlənmiş, lakin "abdal" olduğu üçün övlad sahibi olmamışdır. Lakin Zəhəbi onun övladının olmamasının səbəbini fizioloji probləmlə bağlı olduğunu güman edir.

Həmmad təhsil həyatında bir çox tabiindən bəhrələnmişdir. O, Sabit ibn Əsləm əl-Bünani, Qətadə, Humeyd ət-Təvil, İbn Əbu Müleykə, İbn Kəsir əl-Məkki kimi alimlərdən hədis, Asim və İbn Kəsir əl-Məkkidən isə qiraət rəvayət etmişdir. O, Sabit ibn Əsləm və Humeyd ət-Təvildən gələn rəvayətlərdə ən etibarlı şəxs hesab olunur.

Həmmaddan Abdullah ibn Mübarək, Yəhya ibn Səid əl-Qəttan, Vəki ibn Cərrah, Əbdürrəhman ibn Mehdi və Süleyman ibn Hərb kimi şəxslər hədis, Hərəmi ibn Umarə, Həccac ibn Minhəl, Şeybə ibn Əmr isə bəzi qiraət vəchləri rəvayət ediblər.

O, nəhv (qrammatika) və fiqh təhsilinə də önəm vermişdir. O, nəhvdə Sibəveyhi ve Yunus ibn Həbib kimi məşhur alimlərdən bəhrələnmişdir. Bəzi mənbələrin "Bəsrə müftüsü" adlandırdığı Həmmad moizələr oxumuş, dini maarifləndirmə və təbliğat işləri ilə məşğul olmuşdur.

Həmmad, 19 Zilhiccə hicri 167-ci (13 Temmuz 784) ildə Bəsrədə məsciddə namaz qılarkən vəfat etmişdir. Bu tarixin hicri 165 ve 169-cu illər olduğu da deyilir.

Hədis elmindəki yeri Buxari istisna olmaqla, bütün "Kütübi-sittə" müəllifləri isə onun rəvayətlərinə öz əsərlərində yer vermişlər. Buxari isə onun bir rəvayətindən istişhad (sübut) üçün istifadə etmişdir. İbn Hibban bu məsələdə Buxarini tənqit etmiş, Əbdürrəhman ibn Dinar və Şöbə ibn Əyyaş kimi şəxslərdən hədis rəvayət edib, Həmmaddan etməməsini doğru hesab etməmişdir.

İbn Səd, Həmmadı "siqa" adlandırmışdır. Yəhya ibn Məin, Əhməd ibn Hənbəl, Əbül-Həsən əl-İcli və Nəsai kimi hədis alimləri də Həmmadı "siqa" hesab edirlər.

Əbu Davud, Həmmadın əlində Qeys ibn Sədin bir kitabından başqa bir şeyin olmadığını və hədisləri əzbərindən rəvəyət etdiyini, buna görə də bəzən yanıldığını demişdir. Zəhəbi də bu fikirlə razılaşmış, lakin Həmmadı bundan ötrü tənqid etməyin doğru olmadığını vurğulamışdır.

Əsərləri O, "Kitabüs-Sünən" adlı əsərin müəllifidir.

Həmçinin bax

Bəsrə dilçilik məktəbi

İstinadlar Kateqoriya:Sünni müsəlman İslam alimləri