Məhəmmədlu Abbasi azərbaycanlı yazıçı, jurnalist, tərcüməçi.
Həyatı Məhəmmədlu Abbasi 1916-cı ildə Təbrizdə anadan olub.
1944-cü ildə SSRİ-İran Mədəni Əlaqələr cəmiyyətinin idarə heyətinə üzv seçilib. Təbrizdə nəşr olunan bir çox qəzet və jurnallarda yazıları ilə çıxış edib.
"Şairlər məclisi" təşkilatı 1945-ci ildə Vətən yolunda qəzetinin redaksiyasında yaradılıb. 1945-ci il yanvarın 7-də keçirilmiş cəmiyyətin ilk iclasında Məhəmmədlu Abbasi idarə heyətinə üzv seçilib.
1945-ci ildə Azərbaycan Demokrat Firqəsinə üzv olub. 1945-ci il noyabrın 19-da Təbrizdə yaradılmış "Sovet Azərbaycanı dostları" cəmiyyətinin idarə heyətinin üzvü və katibi olub.
Azərbaycan Milli Hökuməti dövründə məktəb üçün dərsliklərin yazılması ilə məşğul olub.
Ölüm tarixi dəqiq məlum deyil. Ölümü ilə bağlı müxtəlif fərziyyələr var. Ənvər Uzuna görə Məhəmmədlu Abbasi Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Tehrana köçüb. Lakin orda da təqiblərə məruz qalıb və illərlə həbsdə qalıb. Qılman İlkinə görə Məhəmmədlu Abbasi həbsdə, İsmayıl Şəmsə görə isə Məhəmmədlu Abbasi 1946-cı il dekabrın 12-də şah qoşunlarının əsgərləri tərəfindən başından güllə vurularaq öldürülüb.
1958-ci ildə E.Braunun "Tarixi-mətbuat və ədəbiyyati-İran dər dövreyi-məşrutiyyət" əsərini ingilis dilindən farscaya tərcümə edərək, ona geniş şərhlər və qeydlər yazıb.
Xatirəsi Azərbaycan SSR xalq şairi Süleyman Rüstəm Məhəmmədlu Abbasiyə şeir həsr edib.
2009-cu ildə türkiyəli ədəbiyyatşünas və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Ənvər Uzun, Məhəmmədlu Abbasi haqqında kitab nəşr etdirib. O bu kitabda yazıçının "Azərbaycan" qəzeti və "Şəfəq" jurnalında yazdığı 35 məqaləni transliterasiya edərək toplayıb.
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri Kateqoriya:Təbrizdə doğulanlar