Əlihüseyn Ağahüseyn oğlu Hüseynov () — Azərbaycan həkimi və səhiyyə təşkilatçısı, Azərbaycan SSR səhiyyə naziri (1953–1954).

Həyatı Əlihüseyn Ağahüseyn oğlu Hüseynov 1903-cü ildə dülgər ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 14 yaşında olarkən "Şteyner" mətbəəsində mürəttib köməkçisi olaraq başlamış, bir il sonra həmin iş üzrə "Qızıl şərq" mətbəəsinə keçərək 1925-ci ilədək orada işləmişdir. Mətbəədə işləməklə yanaşı, 1923-cü ildən işçi fakültəsində təhsil almış, 1927-ci ildə buranı bitirmişdir.

Əlihüseyn Hüseynov "Azərnəşr"də redaksiya şöbəsinin katibi, direktorun redaksiya işləri üzrə müavini, 1937–1938-ci illərdə direktoru olmuşdur. Həmin illərdə təhsilini davam etdirmiş, 1939-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1938–1941-ci illərdə "Kommunist" qəzetinin məsul katibi vəzifəsində işləmişdir. Böyük Vətən müharibəsi illərində Lənkəran hərbi hospitalının rəisi olmuş, 1946-cı ildə tibb xidməti kapitanı rütbəsində Bakıya qayıdaraq Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutuna direktor təyin edilmişdir.

Əlihüseyn Hüseynov 1951-ci ilin aprel ayında Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1953-cü ilin aprel ayından 1954-cü ilin may ayınadək is səhiyyə naziri vəzifələrində işləmişdir. 1954-cü ildə yenidən Elmi-Tədqiqat Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutuna direktoru təyin edilmiş və 1979-cu ilədək bu müəssisəyə rəhbərlik etmişdir.

Əlihüseyn Hüseynov 1982-ci ildə vəfat etmişdir.

Əsərləri

İlk yardım. Bakı: Uşaqgəncnəşr, 1958. Təbii və fiziki amillərin sağlamlığa təsiri. Bakı: Uşaqgəncnəşr, 1959. Ümumi fizioterapiya. Bakı: Azərnəşr, 1959. Uroloji xəstəliklər. Bakı: Uşaqgəncnəşr, 1960. Oblitere olunan endartriit və onunla mübarizə. Bakı: Azərnəşr, 1961. Vaxtından əvvəl qocalmaya qarşı mübarizə. Bakı: Uşaqgəncnəşr, 1961. Günəş və sağlamlıq. Bakı, 1962. Podaqra haqqında nəyi bilmək olar. Bakı, 1963. Tromboflebitlər və onların müalicəsi. Bakı: Azərnəşr, 1963. Faydalı mədən suları və onların müalicəvi əhəmiyyəti. Bakı, 1964. İstirahətdən səmərəli istifadə etməli. Bakı, 1964. Piylənmə və ona qarşı mübarizə tədbirləri. Bakı, 1964. Məişət-meşə sağlamlığına faydalı təsir. Bakı, 1965. Daxili xəstəliklərin fiziki üsullarla müalicəsi. Bakı: Azərnəşr, 1966. Ümumi fizioterapiya. Bakı: Maarif, 1966. Xüsusi fizioterapiya. Bakı: Maarif, 1968. Qan dövranının müasir aspekti. Bakı: Azərnəşr, 1969.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycanın səhiyyə nazirləri Kateqoriya:Azərbaycan həkimləri