Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu — Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində, işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçən magistral avtomobil yolu.

Yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Yolun ümumi uzunluğu 39,7 kilometrdir və Hadrut qəsəbəsi, Cəbrayıl şəhəri də daxil olmaqla təxminən 20-yə yaxın yaşayış məntəqəsini əhatə edir.

Tarixi Şükürbəyli-Cəbrayıl-Hadrut yeni avtomobil yolunun təməli 2021-ci il 15 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı qoyulub. Layihənin icrasına təməlqoyma mərasimindən dərhal sonra start verilib.

2021-ci ildə yolboyu torpaq işləri, qazma və dolğu, yolun genişləndirilməsi və 21,5 metr enində yeni torpaq yatağının inşası, mina və partlamamış hərbi sursatlardan təmizləmə işləri paralel şəkildə həyata keçirilib.

2021-ci il 9 oktyabr tarixində Prezident İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsi 2022-ci il 19 oktyabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

2023-cü il 5 may tarixində Prezident İlham Əliyev yolun əlavə 8,2 kilometrlik hissəsinin açılışında iştirak edib.

Texniki göstəricilər Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu I texniki dərəcəyə uyğun dörd hərəkət zolaqlı magistral yol olaraq inşa edilmişdir. Yolun marşrutu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir, Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların təxminən 20-yə yaxın yaşayış məntəqəsini birləşdirir. Yolun hərəkət hissəsinin eni 14–14,5 metr, torpaq yatağının eni isə 21,5 metrdir.

Layihə çərçivəsində yol boyunca çoxsaylı hidrotexniki və mühafizə qurğuları inşa olunmuşdur. Burada çoxsaylı dairəvi suötürücü borular, 9 düzbucaqlı su keçidi, 49 ehtiyat boru, yolun ətraf mühitə və faunaya təsirini azaltmaq üçün 7 yolaltı heyvan keçidi, həmçinin zəruri sahələrdə beton və daş istinad divarları üzərində tikinti işləri aparılıb.

Yol boyunca ümumilikdə 6 avtomobil körpüsü tikilib. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmə nöqtəsində layihələndirilərək magistrala rahat giriş-çıxışı təmin edir.

Uzunluğu 42 kilometr olan köhnə yolun 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni marşrutla əvəz olunması layihənin əsas xüsusiyyətlərindən biri kimi qeyd edilib.

Həmçinin bax Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu

İstinadlar

Kateqoriya:Azərbaycan yolları Kateqoriya:Füzuli rayonu Kateqoriya:Xocavənd rayonu Kateqoriya:Cəbrayıl rayonu Kateqoriya:İkinci Qarabağ müharibəsi sonrası edilən quruculuq işləri