Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu — Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən keçən və Zəngəzur dəhlizinin əsas hissələrindən birini təşkil edən magistral avtomobil yolu.

Tarixi Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli 2021-ci il 26 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

Zəngəzur dəhlizi layihəsi çərçivəsində yol boyu geniş mühəndis və infrastruktur işləri həyata keçirilib. 2025-ci ilin sentyabrında tikintinin 95 faizinin icra olunduğu açıqlanıb.

Avtomobil yolunun inşasının 2026-cı ilin ikinci yarısında başa çatdırılması planlaşdırılır.

Texniki göstəricilər Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun ümumi uzunluğu 149,9 kilometrdir və bunun 123,6 kilometri əsas yol hissəsidir. Yol birinci texniki dərəcəyə uyğun inşa olunur. Marşrutun 78,5 kilometrlik hissəsi altı, 45,1 kilometrlik hissəsi isə dörd hərəkət zolağından ibarətdir.

Yol boyunca tunellər, körpülər, alt keçidlər və mühəndis qurğuları inşa edilmiş, torpaq yatağı və yol geyimi üzrə işlərin böyük hissəsi tamamlanmışdır. Zəngilan istiqamətində tikinti işlərinin əsas podratçısı “Kalyon” şirkətidir.

Tikinti zamanı torpaq işləri və asfalt örtüyünün çəkilməsi üzrə əsas mərhələlər yekunlaşdırılıb. Magistral boyunca üç tunel inşa edilir və tunellərdə qazma işləri başa çatdırılıb. 2025-ci ilin noyabrına olan məlumata görə, 24 körpüdən 23-ü tamamlanıb, birində isə işlər davam etdirilir.

İstinadlar

Kateqoriya:Azərbaycan yolları Kateqoriya:İkinci Qarabağ müharibəsi sonrası edilən quruculuq işləri